Bu gün:

Mənzil bazarında artan qiymətlər - Mülkədar Rüstəmovla "1 sual, 1 cavab"



24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı əmlakçı Mülkədar Rüstəmovdur. O, paytaxt Bakı və Bakıətrafı ərazilər, o cümlədən bölgələrdəki mənzil qiymətləri barədə sualımıza aydınlıq gətirdi.

- Azərbaycanın mənzil bazarında qiymətlər necədir?

-Ötən illə müqayisədə təkcə Bakıda, xüsusilə, mərkəzə yaxın istiqamətlərdə mənzil qiymətlərində 18-25 faiz artım müşahidə edirik. Artım daha çox köhnə binalarda nəzərə çarpır. Səbəbi isə Türkiyədə baş verən zəlzələdən sonra yeni tikililərə marağın azalması, köhnə tikililərə tələbatın artmasıdır. Bəzi insanlar hesab edirlər ki, köhnə tikililərin keyfiyyəti daha yaxşı, zəlzələyə daha davamlıdır. Buna görə də Sovet dövründən qalmış doqquzmərtəbəli  layihələr- "Leninqrad", "Kiyev", "Daşkənd" proyektlərinə tələbat çox artıb. Bu tikililər dövlətin balansında olduğundan kommunal xərcləri də çox azdır və məqsədəuyğundur. Bu gün bazarda köhnə binalarda mənzil qıtlığı yaşanır, ələlxüsus, 2 və 3 otaqlı mənzillərə tələbat çox olduğundan demək olar ki, tapılmır. Mövcud satışda olan 2-3 otaqlı mənzillərin qiyməti isə süni şəkildə, hətta 170-180 min manata qədər artırılır. Hazırda doqquzuncu mikrorayonda üçotaqlı mənzil axtarıram, lakin tapa bilmirəm. Müştərilər çox olsalar da, münasib qiymətə üçotaqlı mənzil tapmaq olmur. Bəzilərini tapmaq mümkündür, lakin onların da qiyməti şişirdilmiş formada olur. Məsələn, 9-cu mikrorayonda təmirli, üçotaqlı mənzilin qiyməti 150-155 min manata idisə, artıq 170-180 min manata satanlar var. Çünki satanlar da bilirlər ki, mənzili tapmaqda çətinlik yaşanır və bu fürsətdən istifadə edirlər. Ən çox qiymət artımı mikrorayonlarda, Yasamal, Qara Qarayev, Neftçilər, Həzi Aslanovda müşahidə olunur. Aşağı mənzil qiymətləri Abşeron rayonu Xırdalan şəhəri və Masazır qəsəbəsində müşahidə edilir. Bölgələrə nəzər yetirsək, bildiyimiz qədərilə, Gəncə, Qəbələ istiqamətlərində qiymət artımları cüzidir. 5-10 faiz civarında artım müşahidə edirik. Digər bölgələrdə də analoji vəziyyət hökm sürür.


Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et