Bu gün:

Məktəb dərsliklərinə nəzarət necədir? - Ekspertlə "1 sual 1 cavab"



24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil məsələləri üzrə ekspert Kamran Əsədovdur. Mütəxəssis dərsliklərə nəzarət mövzusuna toxunub.

-Azərbaycanda dərsliklərin vəziyyətini və onlara nəzarəti necə qiymətləndirirsiniz?


-2008-ci ildən etibarən Azərbaycan orta ümumtəhsil məktəblərində tədris prosesi yeni standartlarla, yəni kurikulum standartları ilə qurulmağa başlayıb. Kurikulum təəssüflər olsun ki, Azərbaycan dərsliklərində və təhsilində reallaşa bilməyib. Azərbaycan orta məktəblərinin ibtidai sinifləri üçün çap olunmuş dərsliklərin informasiya yükü həddindən artıq ağırdı. Bu yaxınlarda Türkiyədən gəlmiş ekspertin təlimində iştirak etdim. O bizim üçün dərsliklərdəki informasiya hesablama qaydalarını dedi. Bizim 4-5-ci siniflər üçün olan dərsliklərin bir səhifəsində olan informasiyaları hesabladıq. Ortaya belə bir nəticə çıxdı ki, bizim 4-cü siniflər üçün hazırlanan kitablarımız dünya standartlarına görə 28-29 yaşlı insanların informasiya əldə etmə yükünə bərabərdir. Dərsliklərimizin informasiya yükü şagirdlərimizin yaşına və psixologiyasına uyğun deyil. Bü gün Azərbaycanda dərsliklər təhsilə yox, repetitorluğa xidmət edir. İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər. Düşünürəm ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir. Müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Günümüzdə müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərin bütün siniflərində istifadə olunan dərslik deyil, əzab mənbəyidir.  Avropa dərsliklərinə fikir verin. Onlarda qalın, maraqlı, cürbəcür, əlavə mətnlər, şəkillər, yaradıcı tapşırıqlar var. Tapşırıqlarda əlavə göstərişlər olmalıdır. Şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək.  Təhsil haqqında qanunda nəzərdə tutulur ki, orta məktəb şəxsiyyət yetişdirir, dərsliklər milli dövlətçilik və dəyərlərə sadiq olan vətəndaşların yetişdirilməsinə xidmət edir, amma reallıq isə bunun əksini göstərir. Dərsliklərə nəzarət edən bir qurum yoxdur. Çünki, Elm və Təhsil Nazirliyi sifariş verir və "dövlətin standartlarına cavab verən dərsliklər yazın" deyir. Amma burada mübahisəli məsələ var. Həmin o standart reallaşmasa da,  Elm və Təhsil Nazirliyinin elan etdiyi tenderə bir neçə müəllif daxil olur. Yəni o müəlliflər standartlara cavab verməsə də, dərslik çap edir. Dövlətin müəyyən etdiyi qiymətləndirmə balı var. Məsələn, 100 balı keçən dərslik qalib elan olunur. Amma, tutaq ki, 5 dərslik tenderə daxil olub, heç biri 100 bal yığmayıb. Hətta 1, 2, 3, 4 və 5 bal yığılıb. Nazirlik bəzən məcbur olur ki, tenderdə qalib gəlməyən amma ən yüksək bal toplayan dərsliyi keyfiyyətsiz olsa belə qəbul edib orta məktəblərə göndərsin. Dövlətin standartları sadələşdirilməlidir. Şagirdlərin yaş psixologiyalarına uyğun olmayan test tapşırıqları, ifadələr, materiallar dərsliklərə verilməməlidir. Dövlətin dərslik üzrə müəyyən idarəsi, qurumu olmalıdır. Mən özüm də dərslik müəllifiyəm. Bizə dərslik yazmaq üçün iki ay vaxt verilir. Dünya təhsil sistemində ortaya normal dərslik çıxarmaq üçün 3-4 il vaxt verirlər.

Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et