Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində ikinci mərhələyə start verilib. Yeni mərhələdə PKK terror təşkilatının silahları tamamilə təhvil verməsinin təsdiq və müəyyənləşdirilməsindən sonra qanunvericilikdə dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır.

Silahlı terror təşkilatı üzvlərinin arxiv görüntüsü, 1 mart, 2026. "Sabah" qəzeti
24media.az Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, təsdiq və müəyyənləşdirmə prosesi üçün Milli Kəşfiyyat Təşkilatı (MİT) və Milli Müdafiə Nazirliyi tərəfindən sahədə aparılan müşahidə və qiymətləndirmələr hesabat halına salınacaq. Hazırlanan sənəd Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək və Milli Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılacaq. Şurada “terror təşkilatı dağılıb və silahlar təhvil verilib” qərarı qəbul olunarsa, qanun dəyişiklikləri üçün rəsmi prosedur başlayacaq.
Yeni tənzimləmələrə əsasən, terror təşkilatı üzvləri üç kateqoriyaya bölünəcək: terror aktlarında iştirak etməyənlər, iştirak edənlər və hazırda həbsdə olanlar. Terror aktına qarışmayan şəxslərə nəzarətli azadlıq tətbiq ediləcək, onlar üçün peşə kursları, reabilitasiya və cəmiyyətə reinteqrasiya proqramları hazırlanacaq.
Cinayət törətmiş və ya həbsdə olan şəxslərlə bağlı isə Türkiyə Cinayət Məcəlləsinə (TCK), Cəzaların İcrası Qanununa (CİK) və Terrorla Mübarizə Qanununa (TMK) dəyişikliklər planlaşdırılır. Qeyd olunur ki, bu dəyişikliklər yalnız PKK üzvlərinə şamil ediləcək, digər terror təşkilatlarının, o cümlədən FETÖ üzvlərinə tətbiq olunmayacaq.
Həmçinin Avropada yaşayan və Türkiyəyə qayıtmaq istəyən təşkilat üzvləri üçün də eyni prosedur tətbiq ediləcək. Onlar haqqında qərar cinayətə cəlb olunub-olunmadığı araşdırıldıqdan sonra veriləcək. Uzun illər əvvəl ölkəni tərk etmiş və Mahmur kimi düşərgələrdə yaşayan Türkiyə vətəndaşları ilə bağlı da ayrıca tənzimləmələrin qanunda əksini tapacağı bildirilir.
Bundan əlavə, mövcud sistemdə “adam öldürmə”, “təhdid” kimi cinayətlər təşkilat çərçivəsində törədildiyi üçün terror cinayəti kimi qiymətləndirilir və cəzalar artırılır.
Amina Paşazadə
