Bu gün:

"Xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur"- Kamran Əsədov ilə 1 sual, 1 cavab


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı təhsil məsələləri üzrə ekspert Kamran Əsədovdur. Mütəxəssis xaricə göndərməklə məşğul olan təhsil şirkətlərinin iş prinsipi haqda sualımıza aydınlıq gətirdi.

Abituriyentlərə fərqli ölkələrdə təhsil imkanı təqdim edən şirkətlər barədə nə düşünürsünüz?
- Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyir. Son zamanlar buraxılış imtahanlarının nəticələrinin açıqlanması da xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Müşahidələr göstərir ki, son günlər sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb.
Lakin Azərbaycanda xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Elm və Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq, vergi ödəyicisi kimi qeydiyyatdan keçib, xidmət göstərirlər. Bu hüquq pozuntusu deyil. Amma valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər. Təəssüf doğurucu bir reallıqdır ki, insanların çoxunu təhsil yox, diplom düşündürür. Buna görə də onlar imtahansız xaricdə təhsil fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş olur.
Çünki ölkə qanunvericiliyi bu yolla təhsil alıb ölkəyə qayıdanların diplomunu rəsmi şəkildə tanımır. Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına - diplom sevdasına qurban verirlər.


Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et