Bu gün:

Milad – Xristian dünyasında İsa Məsihin doğum günü qeyd olunur


Bu gün, 25 dekabr tarixində xristian dünyasında Milad bayramı qeyd olunur.Milad xristian inancına görə İsa Məsihin doğumunu xatırladan və ilin ən mühüm dini bayramlarından biri hesab olunur. Katolik kilsəsində bu gün “Rəbbin Doğumu” kimi qeyd edilir və xüsusi dini ayinlərlə müşayiət olunur.

Katolik ənənəsinə əsasən, Milad Advent adlanan hazırlıq dövründən sonra gəlir. Bu dövr imanlılar üçün gözləmə, dua və mənəvi saflaşma mərhələsi sayılır. Milad günü isə bu gözləntinin tamamlanması, yəni Tanrının insan surətində dünyaya gəlişi kimi qəbul olunur. Katolik kilsələrində gecə, sübh və gündüz olmaqla üç ayrı ayin icra edilir və hər ayində İsa Məsihin doğumu ilə bağlı fərqli dini mətnlər oxunur.

Milad bayramı xristianlar üçün yalnız tarixi-dini hadisə deyil, eyni zamanda sevgi, mərhəmət və ümid rəmzidir. Bu gün ailələrin bir araya gəlməsi, kilsələrdə kollektiv ibadətlər və ehtiyacı olanlara yardım kimi ənənələrlə yadda qalır. Katolik mənbələrində qeyd olunur ki, Miladın əsas mənası maddi bayramlaşmadan çox, İsa Məsihin insanlığa gətirdiyi mənəvi dəyərlərin xatırlanmasıdır.

Milad xristian liturgiyasında ən sevincli günlərdən biri hesab olunur və bu gün kilsələrdə ağ rəngdən istifadə edilir. Ağ rəng sevincin, işığın və ilahi nurun simvolu kimi qəbul edilir.


Mənbə: Catholicculture.org

Tərcümə etdi: Aylin Bayraməliyeva





Paylaş
Şərh əlavə et