Bu gün:

Trampın dəstəklədiyi namizəd Hondurasda seçkilərdə qalib gəlib


Trampın dəstəklədiyi Milli Partiyanın namizədi Nasri Asfura Hondurasda prezident seçkilərində az fərqlə qalib elan edilib. Milli Seçki Şurasının məlumatına görə, o, səslərin 40,3 faizini toplayaraq Liberal Partiyanın namizədi Salvador Nasrallanını (39,5 faiz) geridə qoyub.

30 noyabrda keçirilən seçkilərin nəticələri texniki nasazlıqlar və saxtakarlıq iddiaları səbəbindən həftələrlə gecikib. Seçki portalının çökməsi və nəticələrin emalında yaranan problemlər səbəbindən bülletenlərin təxminən 15 faizi əl ilə sayılıb.


Asfura sosial şəbəkədə paylaşım edərək ölkəni məyus etməyəcəyini bildirib. Nasralla isə nəticələri qəbul etmədiyini desə də, tərəfdarlarını sakitliyə çağırıb. ABŞ dövlət katibi Marko Rubio tərəfləri nəticələrə hörmət etməyə səsləyib.


Seçki gecikmələri ölkədə etirazlara səbəb olub. Hakim Libre partiyasının minlərlə tərəfdarı paytaxt Tequsiqalpada saxtakarlıq iddiaları ilə etiraz aksiyaları keçirib. Ölkənin prezidenti Siomara Kastro seçkilərdə Trampın müdaxiləsinin olduğunu irəli sürüb.


Donald Tramp daha əvvəl Asfuranı dəstəkləyərək nəticələrin dəyişdiriləcəyi halda ABŞ-nin maliyyə dəstəyini dayandıra biləcəyini deyib. ABŞ administrasiyası isə yeni hökumətlə miqrasiya və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək niyyətində olduğunu açıqlayıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et