Liviya Baş naziri Abdulhamid Dibeybə Liviyaya dönüş zamanı Ankarada qəzaya uğrayan təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddad və onu müşayiət edən heyətin həlak olduğunu açıqlayıb.

Liviya Milli Birlik Hökumətinin Baş naziri Abdulhamid Dibeybə Ankarada qəzaya uğrayan təyyarədə olan Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddad və nümayəndə heyəti ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Dibeybə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib:
“Dərin kədər və böyük üzüntü hissi ilə Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın, Quru Qoşunları Komandanı Feyturi əl-Qribilin, Hərbi Sənaye Qurumu Komandanı briqada generalı Mahmud əl-Katavinin, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asavi Diyabın və Baş Qərargahın Mətbuat Ofisinin fotoqrafı Məhəmməd Mahcubun Ankaraya etdikləri rəsmi səfərdən qayıdarkən baş verən faciəvi qəza nəticəsində həyatlarını itirdikləri xəbərini almışıq”.
Baş nazir mesajında daha sonra qeyd edib:
“Bu hadisə vətənimiz, hərbi qurumlarımız və bütün liviyalılar üçün böyük itkidir. Biz ölkələrinə səmimiyyət və fədakarlıqla xidmət etmiş, nizam-intizam, məsuliyyət və milli bağlılıq baxımından nümunə olmuş insanları itirdik.
Şəhidlərimizin ailələrinə və Silahlı Qüvvələrdəki silahdaşlarına ən dərin hüznlə başsağlığı veririk. Uca Allahdan onlara rəhmət diləyir, geniş cənnətinə qəbul etməsini, ailələrinə və yaxınlarına səbir və təsəlli verməsini niyaz edirik”.
Mənbə: TRT Haber
Tərcümə etdi: Emiliya Vəlicanova
