Bu gün:

“Böyük Qayıdış” proqramı çərçivəsində Kərkicahanda həyat bərpa olunur


Prezident İlham Əliyev bildirib ki, “Böyük Qayıdış” bu gün dünyada ən uğurla həyata keçirilən qayıdış proqramı kimi qiymətləndirilir.

24media.az bildirir ki, dövlət başçısı bunu dekabrın 23-də Xankəndinin Kərkicahan qəsəbəsinin sakinləri ilə görüşündə deyib.

Prezident vurğulayıb ki, keçmiş məcburi köçkünlərin öz yurdlarına dönüş prosesi davam edir və Kərkicahan da bu qayıdışın bir hissəsidir. O, sakinlərin uzun illər ağır və ədalətsiz şəraitdə yaşadıqlarını xatırladaraq bildirib: “34 il sonra doğma Kərkicahana qayıtmağınız həm sizin, həm də xalqımız üçün böyük xoşbəxtlikdir”.

Dövlət başçısı, həmçinin qeyd edib ki, 1991-ci ilin dekabrında Ermənistan azərbaycanlıları öz doğma torpaqlarından didərgin salın: “O zaman dekabrın sonuydu, bu gün isə – 2025-ci ilin dekabrına yaxın ədalət bu torpaqlarda tam bərqərar olur. Bu illər ərzində yaşadığınız fiziki çətinliklər, mənəvi sıxıntılar və ədalətsizlik hissi hamımıza yaxşı məlumdur. Amma siz də bütün xalqımız kimi inanırdınız ki, bir gün geri dönəcəyik”.

Prezident əlavə edib ki, iki il əvvəl keçirilmiş antiterror tədbirləri nəticəsində Kərkicahan və Xankəndi işğaldan azad edilib və artıq ərazidə həyat yenidən bərpa olunur.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et