Bu gün:

Azərbaycanda asbestin istifadəsi qadağan edilir


Azərbaycanda insan sağlamlığı üçün təhlükəli hesab olunan asbest və ondan hazırlanan məhsulların istifadəsi tamamilə dayandırılır. Bununla bağlı hazırlanan qanun layihəsi Milli Məclisin gündəminə daxil edilib.

24media.az bildirir ki, bununla bağlı “Mülki dövriyyədən çıxarılmış əşyaların siyahısı”na dəyişiklik təklif edilib və layihə Milli Məclisin 26 dekabr iclasının gündəliyinə salınıb.

Sənəddə qeyd olunur ki, uzun illər sement, kimya, izolyasiya, kağız sənayesi və tikinti sahələrində geniş istifadə edilən asbest təhlükəli mineral hesab olunur. Rəsmi statistikaya əsasən, ölkəyə 2023-cü ildə 591 ton, 2024-cü ildə isə 1 045 ton asbest və onun tərkibli məhsulları idxal edilib.

Hazırda şifer tipli asbestli dam örtükləri ölkədə ümumi dam fondunun təxminən 29 faizini təşkil edir. İllik şifer tələbatı təqribən 2,6 milyon m²-dir və dam örtüyü bazarının 15–20 faizi bu məhsulun payına düşür.

Elmi araşdırmalar asbest liflərinin nəfəs yolu ilə orqanizmə daxil olduqda ciddi sağlamlıq riski yaratdığını sübut etdiyinə görə, bir çox ölkələr bu materialın istifadəsini artıq qadağan edib. Azərbaycanda da analoji addımın atılması ictimai sağlamlığın qorunması məqsədi daşıyır.

Qanun layihəsi qəbul edilərsə, asbest və bu tərkibli materiallar rəsmi şəkildə dövriyyədən çıxarılacaq. Qadağanın 2027-ci il iyulun 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulur.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et