Bu gün:

"Məktəblərdə ingilis dilinin tədris keyfiyyəti orta səviyyədədir" - Elçin Əfəndi ilə 1 sual 1 cavab


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndidir. Mütəxəssis məktəblərdə ingilis dilinin tədrisi prosesinin təşkili barədə sualımıza aydınlıq gətirdi.


-Məktəblərdə ingilis dilinin tədrisini necə qiymətləndirirsiniz?

- Hazırda ingilis dilinin məktəblərdə tədris keyfiyyəti orta səviyyədədir. Bunun bir neçə səbəbləri var. İlk səbəb ondan ibarətdir ki, biz 1-ci sinifdən şagirdlərə ingilis dilini tədris edirik, amma dərs saatının azlığı onlara bu fənni daha yaxşı mənimsəməyə imkan vermir. Eyni zamanda yuxarı siniflərdə də ingilis dilinə ayrılan dərs saatlarının azlığı dərsin keyfiyyətini, verilən tapşırıqların icrasını, dilin öyrənilməsinin çətinliklərini üzə çıxarır. Düşünürəm ki, bununla bağlı ən azından dərs saatları artırılsa, müəyyən qədər nailiyyətlər əldə etmək olar. Çünki  bəzi hallarda bunu müşahidə edirik ki, 11 il ərzində şagirdə ingilis dili tədris edilsə də, onların ümumi ingilis dil biliyi zəif olur, istədiyimiz səviyyədə olmur. Nəticədə, məcbur olub bir də əlavə ingilis dilindən məşğələlərə gedirlər, ingilis dili öyrənirlər. Yaxşı olar ki, birbaşa elə orta təhsil müəssisələrində bu biliklərə sahib olsunlar. Təbii ki, bu əskikləri düzəltmək üçün müvafiq qurum- Elm və Təhsil Nazirliyi, eyni zamanda Regional Təhsil İdarələri bu istiqamətdə iş aparmalıdırlar. Bir də dərsliklərin şagirdlərin bilik və bacarıqlarına, onların yaxşı mənimsənilməsinə uyğun hazırlanması daha məqsədəuyğun olar.


Xatırladaq ki, hazırda orta ümumtəhsil məktəblərində xarici dil kimi ingilis, rus, alman, ərəb, fransız, fars dilləri tədris olunur. Ən geniş tədrisi yayılan xarici dil isə ingilis dilidir. Hazırda Azərbaycanda 4400 ümumtəhsil müəssisəsi var. 1970-ci illərdə bu rəqəm 765 olub, 70-ci illərin sonuna qədər isə 2117-yə çatıb.

Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et