Bu gün:

"Qabiliyyət imtahanları niyə var?" - İlqar Orucovla "1 sual 1 cavab


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucovdur. Ekspertə  Azərbaycanda bəzi ixtisaslara qəbul olarkən istənilən qabiliyyət imtahanı haqda sual ünvanladıq.


-    Azərbaycanda Dövlət İmtahan Mərkəzinin buraxılış və blok imtahanı ilə yanaşı, xüsusi qabiliyyət imtahanı tələbini necə qiymətləndirirsiniz?

-    Xüsusi qabiliyyət tələb edən ixtisasların siyahısı bəllidir. Əslində, dünyanın müxtəlif universitetlərində bu məsələyə münasibət fərqlidir. Yəni imtahanların təşkil edilmə forması bizimkindən fərqlənir. Ancaq birmənalı olaraq qeyd etmək lazımdır ki, xarici universitetlərdə də xüsusi qabiliyyət imtahanı tələb edilən ixtisaslar var və bu proses universitet daxilində test, yaxud da müsahibə şəklində təşkil olunur. Həmçinin idman sahəsi üzrə müraciət edən abituriyentlər üçün müəyyən normativlərin yerinə yetirilməsi təyin edilib. Xüsusi qabiliyyət imtahanı tələb edilən ixtisaslar həm də yaradıcıllıq tələb edən ixtisaslardır. Bunlara incəsənət, mədəniyyət, musiqi sahələri daxil ola bilər. Əlbəttə ki, həmin ixtisaslar üzrə müraciət edən abituriyentdə sahə üzrə xüsusi bacarıqlar, yaradıcıllıq yoxdursa, abituriyent növbəti mərhələlərdə həmin ixtisası mənimsəyə bilməz. Məsələn, idmanın hər hansı bir sahəsi üzrə müraciət etmək istəyən abituriyent əgər uşaq yaşlarından idmanla məşğul olmayıbsa, yaxud da rəssamlıq üzrə müraciət etmək istəyən abituriyentin bacarıq və vərdişləri kiçik yaşlarından formalaşmayıbsa, növbəti mərhələdə bu, çətinlik yarada bilir. Əlbəttə ki, söhbət nəzəri biliklərdən yox, praktiki hazırlıqlardan gedir. İlkin bacarıq və vərdişlərin ölçülməsi məqsədilə qabiliyyət imtahanının keçirilməsi beynəlxalq praktikada, eyni zamanda Azərbaycanda başa düşüləndir və mən burada qeyri-adi bir şey görmürəm. Azərbaycanda qoyulmuş bu tələb də beynəlxalq standartlar çərçivəsində qoyulmuş tələblərdən irəli gəlir.

"Xarici ölkələrdə qabiliyyət imtahanları vahid, mərkəzləşdirilmiş dövlət qurumu tərəfindən həyata keçirilmir. Məsələn, ABŞ-ın hər hansı şirkəti tərəfindən həyata keçirilən SAT imtahanında məntiqi riyaziyyat və dil bacarıqlarından imtahan verilir. Daha sonra həmin imtahan nəticəsində qabiliyyət tələb edən universitetlərə qəbul oluna bilirsiniz, lakin qəbul təkcə o imtahanının nəticələrinə əsasən müəyyənləşdirilmir. Sizin müraciətiniz nəzərə alınır və həmin ixtisaslarda universitetlər öz daxili prosedurlarını reallaşdırdıqdan sonra sizin qəbulunuzu həyata keçirirlər".

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin memarlıq, islamşünaslıq, jurnalistika, təsviri incəsənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqaməti üzrə abituriyentlərdən qabiliyyət imtahanı da tələb olunur. İmtahandan uğurla keçmiş abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, xüsusi qabiliyyət tələb olunan ixtisasları da kodlaşdıra bilirlər.

 Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et