24media.az-ın “1 sual 1 cavab” rubrikasının növbəti qonağı Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovdur . "İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri tezliklə başa çatmayacaq" deyə açıqlama vermiş Faiq İsmayılovdan Ağdamdanın son vəziyyəti haqda düşüncəsini soruşduq.
- Ağdamda aparılan quruculuq işlərini necə qiymətləndirirsiniz?
- Ağdam rayonu ərazisində 141 dövlət qeydiyyatında olan abidə var. O abidələrdən 41-i yerli, 96-sı ölkə, 4-ü isə beynəlxalq əhəmiyyətlidir. İşğaldan azad olunmuş ərazilərdə, həmçinin, Ağdamda bərpa-quruculuq işlərinə müharibə yekunlaşandan qısa müddət sonra başlandı. Ağdamın digər rayonlardan fərqli ondan ibarətdir ki, Ağdamda hər şey xarabalığa çevrilib, istər insanların yaşayış evləri, mülkləri, istərsə də dövlət müəssisələri, tarix-mədəniyyət abidələri, Azərbaycanın mədəni irs nümunələri. Bu baxımdan bu ərazidə bərpa abadlıq işlərinin sürətli aparılması mümkün deyil. Əvvəla, tarix -mədəniyyət abidələrinin bərpası sıravi bina tikintilərindəki kimi sürətli aparıla bilmir. Bu abidələrin elmi rəylərinin alınması, abidələrin tikinti materiallarının tapılıb əldə olunması müəyyən vaxt tələb edir. Abidənin əvvəlki formasının bərpası üçün də həmin ərazidə xeyli sayda arxiv araşdırmaları lazım gəlir. Bu baxımdan bərpa quruculuq işləri tezliklə başa çatmayacaq. Amma məsələ burasındadır ki, Ağdam Cümə məscidində və Xan Saraylarında, o cümlədən, bir neçə türbənin üzərində artıq bərpa işlərinə başlanılıb və digər ərazilərdəki məscid və türbələrin, o cümlədən bizim digər tarix-mədəniyyət abidələrimizin bərpasına başlanılmasına dair məndə məlumat var. Güman edirəm ki, yaxın gələcəkdə artıq Ağdamda abidələrin bərpa olunduğunun da şahidi olacağıq. Ağdam Cümə məscidinin bu il ərzində istifadəyə verilməsi mümkün ola bilər, həmçinin digər abidələrin də üzərində işlər gedir. Yaxşı ki ərazilərimiz azaddır və bizim bu sahədə bərpa quruculuq işlərimizdən başqa problemimiz qalmayıb.
Məryəm Abdullazadə
