Zoom tətbiqi güvənlidirmi?

Zoom tətbiqi güvənlidirmi?

Yeni tip koronavirus (COVID-19) pandemiyasına görə həyata keçirilən sosial izolyasiya tədbirləri videokonfrans tətbiqlərinə olan tələbatı artırıb.

24 Media xəbər verir ki, “App Annie” şirkətinin keçirdiyi araşdırmaya əsasən, mart ayında iOS, Android və Windows platformalarında videokonfrans tətbiqlərinin endirilmə sayında rekord göstərici qeydə alınıb.

“Zoom” tətbiqinin də daxil olduğu videokonfrans proqramları 14-21 mart tarixləri arasında 62 milyon insan tərəfindən endirilib.

“Zoom” tətbiqi son günlərdə təhlükəsizlik sistemində yaşanan problemlərlə tez-tez gündəmə gəlir. Hətta İngiltərə höküməti bu xəbərlərdən sonra iclaslarında adıçəkilən tətbiqdən istifadəni dayandırıb. "Apple" isə keçən il "Zoom" vasitəsilə baş tutan hücumlardan sonra "iMac" kompüterlər üçün proqramı məhdudlaşdırmışdı.

“Zoom” tətbiqi necə işləyir?

Proqramda hər toplantı üçün 9-11 rəqəmdən ibarət kod təyin edilir və bu kod vasitəsilə toplantıya giriş edə bilirsiniz. Tətbiqin ödənişsiz forması eyni anda 100 nəfərin videosöhbətə qoşulmasına imkan verir. Bir toplantı üçün ayrılan maksimum vaxt müddəti isə 40 dəqiqədir.

“Zoom” tətbiqi güvənlidirmi? 

Proqramın təhlükəsizlik sisteminin kifayət qədər güclü olmadığına dair bir sıra iddialar var.

Daha öncə şirkətin insanların şəxsi məlumatlarını "Facebook"a satdığı ortaya çıxmışdı. Xatırladaq ki, "Whatsapp" hakerlərin mesajları ələ keçirə bilməməsi üçün E2E(başlanğıcdan sonadək) şifrələmə üsulundan istifadə edilir. "Zoom" tətbiqi də bu şifrələmə üsulundan istifadə etdiyini bildirdiyi halda, şirkət səlahiyyətliləri söhbətləri E2E əvəzinə AES(yüksək şifrələmə standartı) ilə şifrələdiklərini etiraf etmişdi.

Ötən günlərdə yaşanan “zoombombing” adlı kiber-hücumlar zamanı toplantılara icazəsiz qatılan şəxslər şiddət və pornoqrafik məzmunlu görüntülər paylaşmışdılar. Lakin bu da son deyil. Hazırda isə tətbiqin insanların elektron poçt adreslərini və şəkillərini 3-cü şəxslərə satdığı iddia edilir.

Qeyd edək ki, “Zoom”un bazar dəyəri son günlər ərzində artaraq 42 milyard dollara yüksəlib. Təhlükəsizlik sistemindəki boşluqlara baxmayaraq, “Zoom” tətbiqi hazırda təhsil və iş dünyası üçün əvəzolunmaz vasitədir.