Zəngilanın işğalından 27 il ötmür!

Zəngilanın işğalından 27 il ötmür!
Zəngilanın işğalından 27 il ötmür!

İllərdir ki, bir cümlə hər ilin eyni günü onsuz da sağalmayan yaramızı yenidən təzələyirdi - "Zəngilanın işğalından bu qədər il ötür"...
Hələ keçən il "Zəngilanın işğalından 26 il ötür" deyiləndə sinəmizə saplanan bıçaq bir daha tərpənib yaramızı qanatdı.

1988-ci ildən 1993-cü ilin oktyabrının sonunadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu.
Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmış və on minlərlə insan ölüm təhlükəsi ilə üz-üzə qalmışdı. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olsalar da, rayon 1993-cü ilin oktyabr ayının 29-da Rusiyanın köməyi ilə erməni silahlı qüvvələri tərəfindən işğal edildi.

Bu illər ərzində Zəngilansız qalsaq da onu bir an belə unutmadıq. Çünki bilirdik ki, gec-tez biz bütün işğal edilmiş torpaqlarımıza qayıdacağıq. Həmişə də bu arzu ilə yaşayırdıq...

Bu gün də ermənilərin Zəngilanı işğal etdiyi gündür- 29.10.1993. Lakin Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və rəşadətli ordumuzun səyi nəticəsində Zəngilanın işğalından 27 il ötmür!

Belə ki, sentyabrın 27-dən başlayaraq müzəffər ordumuz ermənilərin növbəti təxribatının qarşısını alaraq əks-hücum əməliyyatlarına başladı. Bir ay ərzində işğaldan azad edilən 4 şəhərdən biri də Zəngilan şəhəri oldu. Hansı ki, 20 oktyabr 2020-ci ildə ordumuz tərəfindən işğaldan azad edildi və bununla da Azərbaycan-İran sərhədi bərpa olundu, bütün sərhədboyu ərazilər sərhədçilərimizin tam nəzarəti altına keçdi.

Zəngilanın azad edilməsi orada həlak olanları və 27 illik həsrəti unutdurmasa da, onun işğal tarixinin üzərindən birdəfəlik xətt çəkdi!


Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. Bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda işğal olunmazdan əvvəl 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqlarıdır.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:
Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq material kimi daşınıb.
Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədib, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırmış, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə qırıblar.
Daş-başı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınmış və ərazi yandırılıb.

Əminəm ki, Zəngilanın azadlığı ona əvvəlki gözəlliyini, əzəmətini bəxş edəcək.
707 km² ərazidən ibarət olan rayonun 42 min nəfərdən çox sakini var ki, bu gün onlar məcburi köçkün statusundan birdəfəlik məhrum ediliblər.

Bu gün on minlərlə zəngilanlı sevinclə doğma Vətənlərinə getməyi səbrsizliklə gözləyirlər. Bu gün bütün Azərbaycan xalqı zəngilanlı, şuşalı-qarabağlıdır!