Yunan tanrıları necə yarandı?

Yunan tanrıları necə yarandı?

Avropa, hətta Yaxın Şərq ədəbiyyatına təsir edən yunan mifologiyası haqqında söhbət gedərkən gözəlliyi ilə dillərə dastan olan Afroditadan, eşq oxları ilə tanınan Erosdan danışmaqla kifayətlənirik. Fəqət yunan dininin təməlini qoyan yunan mifologiyası dünyanın yaranışından tanrı, ilahə və qəhrəmanların yaşayış tərzlərinə qədər geniş mövzuları əhatə edir.

Yunan mifologiyasına görə hər şeyin başlanğıcında Xaos adlanan boşluq var idi. Bu boşluqdan torpağı-yer üzünü bildirən Geya, ölülər ölkəsini bildirən Tartar, eşqi bildirən Eros, yeraltı səltənəti bildirən Erebos, gecəni bildirən Niks və onlardan göy üzündə işıqlı təbəqəni bildirən Efir, günü bildirən Hemera yaranmışdır.

Xaosdan meydana gələn “cəhənnəm” Tartarda günahkarlar, ilahlara qarşı çıxanlar məhkum edilirdi. Hades oranın hökmdarı, Kerber - 3 başlı it isə oranın qoruyucusu idi.

Bəzi mənbələrdə Xaosdan yarandığı, bəzi mənbələrdə isə Ares və Afroditanın oğlu kimi göstərilən Eros eşqin, şəhvətin rəmzidir. Əfsanəyə görə, Eros oxları ilə insanları bir-birinə aşiq edirdi. Eros Zevsə Xronosun gəldiyini xəbər verməyə gedərkən Xronos onun qanadlarını kəsdi.

Xaosdan yaranan Geya partenogenez (öz-özünə doğurmaq) üsul ilə göy üzünü simgələyən Uranı, dənizləri simgələyən Pontu və dağları yaratdı, sonrasında isə Uran və Pontla birləşərək yunan tanrılarını yaratdı.

Torpaq ana Geyanın Pontla birləşməsindən 3 erkək, 2 dişi dəniz ilah və ilahələri meydana gəldi; Tevmant, Elektra, Forkiy, Kito, Evreviya, Nerey və Dorida.

“Bütün ölümsüzlərin qalıcı və sağlam bazası” olaraq tanınan Geyanın Uranla birləşməsindən isə 6 erkək, 6 dişi olmaqla 12 Titan, Arq, Bront və Sterop adlı Kikloplar-Təpəgözlər və 100 qollu, 50 başlı Hekatonxeyirlər peyda oldu. Geya və Uranın birləşməsindən yaranan 12 Titan bunlardır:

1. İlk Titan olaraq bilinən Okean Tetislə (Tefida) birləşməsindən əmələ gələn 3000 nimfanın-“dəniz pəri”lərinin atasıdır. Nimfalar tanrılar kimi ölümsüz deyillər, amma ambrosia-nektar ilə qidalandıqlarından gənc və uzun ömür sürərdilər. Həmçinin, Okean Titanlar və Olimplilər arasında olan savaşda iştirak etməmişdir.

2. Haqqında yetəri qədər araşdırma edilməyən Krios Evribiyanın əri, Pallant, Astrey və Persin atasıdır. Tarixi qaynaqlarda Xronosdan güclü tək titan olduğu qeyd edilir.

3. “Şəfəqin əfəndisi”, “İşığın lordu” kimi tanınan Hiperion Selena, Eos və Heliosun atasıdır.

4. Okean və Tetisin qızı Klimena ilə evlənən İapet Atlas, Prometey, Epimetey, Menetiyin atasıdır. Atlas Olimpə hücum etdiyinə görə Zevs tərəfindən yer və göyü daşımaqla cəzalandırılıb. Prometey də digərləri kimi Olimplilərə qarşı çıxmışdır, amma o sonda insanı yaratmış, ona odu vermişdir. Buna görə də Zevs tərəfindən Qafqaz dağında zəncirə vurulub. Epimetey isə Zevsin insanlara dərs üçün yaratdığı Pandora ilə evləndi. Zevs onu içində pislikləri yerləşdirdiyi qutu ilə birgə insanlara göndərdi, qutu açıldı və dünyaya pislik yayıldı.

5. Keos zəka titanı Feba ilə birləşməsindən meydana gələn Leto və Asteriyanın atasıdır.

6. Teya yaxud Evrifaessa “aydınlıq” ilahəsidir. Pandoradan çıxan son ümidi qoruyan Selenanın, ay tanrısı Heliosun və “dan şəfəqi” ilahəsi Eosun anasıdır.

7. Ədalətin simvolu olan Temis Zevsdən olan tale ilahələri-Moyraların və “Qanun”, “Ədalət”, “Barış” olan Orların anasıdır. İlahi cəza ruhu olan Nemesis onun köməkçisi idi.

8. Mnemosina “hafizə” ilahəsidir. Zevslə 9 gecədən sonra 9 ilham pərisi peyda olmuşdur.

9. Qaranlığı təmsil edən Feba Apollon və Artemidanın nənəsidir. Özünə aid olan Delfi məbədini nəvəsi Apollona hədiyyə etmişdir. Həmçinin, Leto və Asteriyanın anasıdır.

10. Okeanidaların anası olan Tefida bütün bəşəriyyətə qulluq edirdi.

11. Olimp dağında yaşamamasına rəğmən Olimplilərin anası hesab edilən Reya Xronosdan olan Hestia, Demeter, Hera, Hades, Poseydon, Zevsin anasıdır. Amma Xronos atasına etdiklərinin onunda başına gələcəyindən qorxaraq uşaqlar doğulan kimi onları uddu. Reya Geya və Uranın yardımı ilə Zevsi İda dağındakı Liktos mağarasında dünyaya gətirdi. Xronos onu yeməyə gələndə isə bezlərə sarılmış daşı ona verdi.

12. Qızıl çağı başladan zaman tanrısı Xronos Geya və Uranın son övladıdır. Uran həm onlardan iyrəndiyi, həm də hakimiyyətini ələ keçirəcəklərindən qorxduğu üçün Hekatonxeyirləri və Kiklopları Tartara həbs etdi. Artıq dözə bilməyən Geya polad toppuzu Xronosa atasını dəf etməsi üçün verdi. Tanrılar arasında ilk savaşı başladan Xronos Uranın cinsi orqanını kəsdi. Onun torpağa tökülən qanından Erinilər-intiqam ilahələri, Nəhənglər-divlər və meşə pəriləri yarandı. Dənizə düşən orqan və köpüklərdən isə gözəllik ilahəsi Afrodita var oldu.

 

Bütün bu hadisələrdən sonra Titanların gücü sarsıla və Xronosun son oğlu Zevs tərəfindən Titanların hakimiyyətinə son qoyular və 12 Olimp tanrısının ağalıq dövrü başladı.