Yunan Mifologiyası: “Tanrılar”

Yunan Mifologiyası: “Tanrılar”

Bir çoxumuz məşhur yunan tanrıları və onlarla bağlı olan əfsanələri eşitmişik. Təəssüflər olsun ki, bu tanrılar barədə müqəddəs İncildə yazılı formada orijinal məlumat yoxdur. Yunan tanrıları ilə bağlı əfsanələr daha çox şifahi formada, ağızdan-ağıza keçərək formalaşıb.

24Media xəbər verir ki, yazıçı Robert Qreyvsə görə tanrılar haqqında əfsanələr iki əsas məqsədə xidmət edir. Birinci hər bir insanın ən azı bir dəfə də olsun ağlına gələn bir sıra “Dünyanı kim yaradıb?”, “İlk insanlar kimdir?”, “Dünyanın sonu necə olacaq?” və s. kimi sualları cavablandırmaq üçün, ikinci isə qədim inancları və ənənələri yaşatmaq üçün.

Qədim Yunanıstanda tanrılar və tanrıçalar, qəhrəmanlar və bədheybətlər haqqında hekayələr gündəlik həyatda mühüm yer tuturdu. İnsanlar dini mərasimlərdən tutmuş havaya qədər hər şeyi tanrılarla əlaqələndirib ətrafda baş verən hər hadisəyə bir məna verirdilər.

Ən qədim yunan mifləri Tunc dövründə başlayan şifahi bir ənənənin parçası idi. Süjetləri və mövzuları arxaik və klassik dövrlərin yazılı ədəbiyyatına uyğun idi. Məsələn, Homerin eramızdan əvvəl 8-ci əsrdə yaratdığı dastanlar olan “İliada” və “Odisseyada” Troya müharibəsi ilahi bir qarşıdurma ilə yanaşı bir insani qarşıdurma kimi izah edilir. Hesiodun “Teoqoniya”sında Zeusun yüksəlişi, “Pandora”da nəsillər arasındakı düşmənçilik, qadın müəmması, “Prometey”də isə hiyləgərlərin aqibəti, qeyri-adi varlıqlarla, bədheybətlərlə və şər qüvvələrlə mübarizə yolları əks olunub. Bununla birlikdə bu əfsanələrdə əsas qəhrəmanlar olan tanrılar və tanrıçalar açıq şəkildə qeyd edilərək insanların onlara inancını daha da artırır.

Bunu da qeyd etmək lazımdır ki, yunan mifologiyası mövzu baxımından çox zəngindir. Təkcə yunan tanrıları ilə bağlı yox, eyni zamanda, qəhrəmanlar, mövsümi dəyişikliklər, heyvanların müxtəlif varlıqlara çevrilmələri və.s kimi rəngarəng mövzulardan ibarətdir. Hesioda görə, dünyada ilk dəfə 4 ilahi varlıq meydana gəlib. Bunlar Boşluq (Xaos), Yer (Gaea), Uçurum (Tartarus), Sevgi (Eros) kimi varlıqlardır.

Gaea (Ge) - yer və oğlu Uranus göylər, digər varlıqlar arasında titanları dünyaya gətirmişdilər. Titanlar Olimpiya tanrıları tərəfindən sıxışdırılan köhnə tanrılardan idilər. Onların anaları Gaea, II minillikdə Yunanıstanı işğal edən Hind-Avropalıların patriarxal tanrıları tərəfindən arxa plana atılan neolitik bir dünya anası idi. Bunlara baxmayaraq o ibadətini davam etdirirdi.

 

 

Cronus - başı titan idi, atası Uranusu əzərək gücünü qazanan hakim tanrılardan hesab edilirdi. Cronus bacısı Rhea ilə evlənərək Olimpia tanrılarını dünyaya gətirmişdi. Oğlu Zevs isə onu və digər titanları məğlub edərək Uranusu yeraltı dünyaya həbs etmişdir. Cronusun Latınca adı Saturn idi.

Okeanus və həyat yoldaşı Tetis – onlar birlikdə dünyanı əhatə edən sonsuz bir axını, çayları və üç min okean nimfəsini yaradan tanrılar idilər.

Prometey -  yaradılanlar arasında ən müdrik titan, bəşəriyyətdəki ən xeyirxah varlıq hesab olunurdu. Onun adının mənası "əvvəlcədən düşünülmüş" deməkdir. Prometey əvvəl Zeusun müttəfiqi olsa da, daha sonra Zevsi aldatdığı üçün cəzalandırılaraq Qafqaz dağlarında zəncirlənmişdir.

Eros- əvvəllər qədim yunan mifologiyasında Gaea ilə birlikdə Xaosun övladı idi. O, varlıqları bir araya gətirən, dostluq və evliliklər quran, şəhərlər yaradan tanrılardan idi. Yaratmaq və cəzb etmək prinsipinin təmsilçisi idi. Sonrakı miflərdə Afroditanın oğlu idi və şəhvəti təmsil edirdi.

Hazırda yunan mifologiyasına maraq böyükdür. Hətta bir çox məşhur şirkətlər, klublar, eyni zamanda, brendlər öz adlarını məhz yunan tanrılarının adından götürüb. Məsələn, idman ayaqqabılarının satışı ilə məşğul olan “Nike” öz adını zəfər tanrısının adından, məşhur “Amazon” şirkəti isə adını Yunanıstandakı mifik qadın döyüşçülərinin adından götürüb. Əlavə olaraq, bir çox lisey, kollec və peşəkar idman komandalarının ( Titanlar, Spartalılar, Troyalılar ) adları da yunan mifologiyası ilə bağlıdır.