Yol polisi piyadaların üst-başlarını batıranları cərimələyir

Yol polisi piyadaların üst-başlarını batıranları cərimələyir

Yağışlı hava şəraiti insanların ruhuna sərinlik gətirsə də, yollarda yaratdığı vəziyyət piyadalara heç də rahatlıq bəxş etmir. Nəticədə yağışın yaratdığı su gölməçələri yoldan keçən piyadaların paltarlarının batması ilə nəticələnir. Çünki sürücülər o qədər sürətlə sürürlər ki, piyadaları da nəzərə almırlar. Hətta bu cür halların qarşısını almaqdan ötrü, sürücələrə 40 manat miqdarında cərimə də tətbiq edilib. Ancaq hər piyada da birbaşa polisə şikayət etmək iqtidarında olmur. Maraqlıdır, görəsən bu problemlə bağlı polisə nə qədər piyada müraciət edib?

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlama verib:

“Təbii ki, yağışlı və yağmurlu hava şəraitində sürücülər hər zaman diqqətli olmalıdırlar. Avtomobillərini elə idarə etməlidirlər ki, hər hansı bir xoşagəlməz hadisə baş verməsin. Xüsusilə də yağışlı hava şəraitində, yağış sularının yaratdığı gölməçələrdən keçərkən sürət həddi minimum olmalıdır ki, ətrafdan keçən piyadaların üst-başları çirkli yağış sularından çirklənməsin. Əks halda, sürücülər inzibati tənbeh tədbirinin seçilməsinə şərait yaratmış olur. Sözsüz ki, əməkdaşlarımız  xidmət apardığı ərazidə belə faktları görüb, dərhal həmin sürücünü saxlayaraq , məsuliyyətə cəlb edirlər. Dəqiq deyə bilərəm ki, bu il bizə bu məsələ ilə bağlı 10 nəfər piyada müraciət edib. Bütün kameralara baxış keçirilib, həqiqətən də fakt öz təsdiqini tapıb. Nəticədə həmin sürücülərə müvafiq cərimələr tətbiq olunub”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir.