Yazıçılar Birliyində “Yağış havası” adlı kitabın təqdimatı olub

Yazıçılar Birliyində “Yağış havası” adlı kitabın təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Vahid Aslanın “Yağış havası” kitabının imza günü və təqdimat mərasimi keçirilib.

24media.az xəbər verir ki, tədbiri AYB-nin katibi, Xalq şairi Fikrət Qoca açaraq Vahid Aslanı çağdaş Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən biri olduğunu söyləyib.

Kitab haqqında söz açan F.Qoca şairin şeirlərinin bədii estetik dəyərindən bəhs edib, nəşrdə şəhid şair Nizami Aydına həsr olunmuş “Nizami Aydın” poeması üzərində xüsusi dayanıb.

Daha sonra tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva çıxış edərək Vahid Aslanın yaradıcılığı və təqdim olunan kitab barədə geniş məlumat verib.

Tanınmış ziyalı, professor Mahmud Rüstəmov çıxışında şairin poeziyasının tərbiyəvi-əxlaqi dəyərindən danışıb. Təqdim olunan kitabda yer alan şeirlərin əksəriyyətinin vətənpərvərlik ruhunda olduğunu vurğulayan professor, şairin yaradıcılığının gənc nəslin tərbiyəsində böyük rol oynadığını söyləyib.

Professor Musa Bayramov Vahid Aslanı şairliyi ilə yanaşı, həm də riyaziyyatçı-pedaqoq kimi də tədbir iştirakçılarına təqdim edib.

Tanınmış həkim Rafiq Nağıyev Vahid Aslanın təbiətin tərənnümünə həsr etdiyi şeirlər üzərində dayanaraq belə şeirlərin həm də insanın sağlam ruhda böyüyərək vətən torpağına bağlanmasında oynadığı müsbət roldan bəhs edib.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, gənc şair İntiqam Yaşar tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, uğurlu ədəbi fəaliyyətinə görə Vahid Aslanı rəhbərlik etdiyi təşkilat adından fəxri diplomla təltif edib.

Daha sonra şairin şeiri səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub. Əməkdar artist, xanəndə Nuriyyə Hüseynovanın, Əməkdar mədəniyyət işçisi, müğənni Solmaz Kosayevanın, aşıq Azər Fərmayıloğlunun şairin sözlərindən ibarət ifaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda Vahid Aslan tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək kitabda işıq üzü görən şeirlərindən oxuyub.

Xatırladaq ki, kitabın redaktoru Xalq şairi Nəriman Həsənzadə, “Ön söz”ün müəllifi Kənan Hacıdır. Kitabda müəllifin son dövrlərdə yazdığı şeirləri və poemaları toplanıb.