“Yan stulda oturan sənə baxdı”- Psixoloqla MÜSAHİBƏ

“Yan stulda oturan sənə baxdı”-  Psixoloqla MÜSAHİBƏ

"Qısqanclıq ən saf və təmiz hisslərin qənimidir." Bu sözləri eramızın 30-cu illərində dahi Ovidiy dilə gətirib. Aleksandr Düma hesab edirdi ki, yalnız qısqanclıq məhəbbətin gücünü əks etdirən göstəricidir. Andre Morua əmin idi ki, qısqanclıq insanları bir-birinə bağlayır, J.Lubbock isə deyirdi ki, qısqanclıq ilan zəhərindən daha betərdir, çünki ilan zəhəri sadəcə bir insanı, qısqanclıq isə həm başqasını, həm özünü zəhərləyir.

Bəli, məhəbbətin acı zəhəri olan qısqanclıq barədə müxtəlif fikirlər səslənib. Bəs qısqanclıq nədir? Hansı formaları var? Hansı yaş dövrlərində daha çox olur? Bu və digər suallarımızı 24 Media-nın bugünkü müsahibi, psixoloq Fuad Əsədov cavablandırıb.

Fuad bəy, qısqanclıq nədir? 

Qısqanclığın bir çox tərifi var. Mənim fikrimcə qısqanclıq insanın psixoloji, mənəvi, fiziki sərhədlərinin pozulmasından qorxduğu haldır. İnsan sevgilisini qısqanır, çünki mənəvi sərhəddinin pozulmasından qorxur və ya ləyaqət sərhədinin pozulmasından qorxur.

Qısqanclıq hansı formalarda özünü göstərir? 

Qısqanclığı üç hissəyə bölürlər: klassik, alkoqol və patoloji. Ən çox rast gəlinən klassik qısqanclıqdır. Klassik qısqanclıq fərdlər arasında inamsızlıq zamanı yaranır. Alkoqol qısqanclıq, əsasən, spirtli içki qəbul etdikləri zaman yaranan qısqanclıqdır. Belə insanlar normalda qısqanc deyillər. Amma, məsələn, toyda içirlər, evə gəldikdə xanımlarına "Yan stulda oturan sənə baxdı" , "Filankəs sənə baxırdı" deyərək dava salırlar. 
Pataloji qısqanclığın ən qorxunc növüdür. Bu hiss həddindən artıq təhlükəli və izah oluna bilməyən dərəcədə insana mənfi təsir göstərir və cütlüyün arasında münasibətləri məhv edir. Daha çox şizofrenlərdə və psixi pozuntusu olanlar da rast gəlinir. Patoloji qısqanclıq yaşayan şəxslər hər zaman qarşı tərəfin onları aldatdıqlarını düşünürlər və bu fikrə özlərini alışdırırlar. Özlərindən səbəblər uydururlar. Məsələn, onlara sual verirsən ki, bu qənaətə hardan gəlib? Deyir ki, "Həyat yoldaşım hər gün səhər televizora baxır". Yəni, bu formada məntiqsiz səbəblərə görə qısqanırlar. Yeri gəlmişkən deyim ki, patoloji qısqanclıq Xəstəliklərin Beynəlxalq Təsnifatına salınıb. Yəni, tibbə görə bu xəstəlikdir.

Sizin fikrinizcə necə, qısqanclıq xəstəlikdirmi? 

Mən adətən bu kimi məsələlərə daha elmi yanaşmağın tərəfdarıyam. Elmə görə qısqanclıq duyğusu təkamül prossesinin nəticəsidir, həmçinin, kişilər və qadınlar üçün müxtəlif mənalara gəlir. Bu duyğu instiktiv olaraq qadınların uşaqlarını tək böyütmə qorxusundan, kişilərin isə onların olmayan uşaqları böyütmə qorxusundan yaranır. Çünki, çoxalma, nəsil artırma və gen kopyalama instinkti çox güclüdür.

Qısqanclıq hansı yaş dövründə daha güclü olur? 

İnsan faktoru əsas götürülür. Hər insanda müxtəlif cür olur. Ən çox yeniyetmələrdə görünür. Amma, daha yaşlı insanlarda da ola bilər. Yəni, əslində qısqanclıq hər kəsdə müəyyən qədər var. 

Kim daha qısqanc olur - qadın, yoxsa kişi? 

Qısqanclıq hissi hər iki cinsdə çox və ya az ola bilər. Mənim fikrimcə bu, millətlərdən və cəmiyyətdən asılı olaraq dəyişir. Bizim kimi mühafizəkar, konservativ cəmiyyətlərdə qadınlar ,əsasən, qısqanclıqlarını birbaşa bildirə bilmirlər. Buna görə kişilər daha qısqanc hesab edilə bilər. Kişilər qısqanan zaman daha aqressiv ola bilirlər. Müşahidələrimə əsasən, deyə bilərəm ki, kişilər qısqananda müəyyən şəxslərə qısqanır. Qadınlar isə hamıya qısqanır. Klassik qısqanclıqda kişilərin qısqanclığı seçici, qadınlarınkı isə kütləvi xarakter daşıyır. 

Qısqanclıq hissi bəzən özünü uşaq yaşlarında göstərir. Uşağın atanı anaya və əksi ananı ataya qısqanması halları baş verir. Bu nə ilə əlaqədardır? 

Belə hallar, əsasən, 3-4 yaşlarında özünü biruzə verir. Uşaqlar valideynlərini qısqanmağa başlayırlar. Bəzən uşaqlarda bu, edip və elektro komplekslərinə çevrilə bilir.
Edip kompleksi oğlan uşağının anasına qarşı duyduğu şüuraltı yaxınlığa görə atasını hədsiz şəkildə qısqanmasıdır. Elektra kompleksi isə qız uşağının atasına olan sevgisi, anasını atasına qısqanmaq və anasını özünə rəqib kimi görməyidir.
Bu komplekslər zamanı uşaq valideynlərini yanaşı görəndə aralarında oturması, gecə onlarla birlikdə yatmaq istəməyi, qız uşaqları anasına acıq verərmiş kimi atasını qucaqlaması və yaxud oğlan uşağı atasının yanında anasını öpməyi kimi situasiyalara rast gəlinir. Freydin qurucusu olduğu bu psixanalitik nəzəriyyəyə görə qarşı cins olan valideynləri sahiblənmə və öz cinsindən olan valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir. Bu dönəm uşaqların gələcək psixoloji və seksuoloji inkişafında mühüm rol oynayır. 
Ailədə övladların bir-birini qısqanması halları isə, əsasən, rəqib qısqanmasına bənzəyir. Onlar düşünürlər ki, valideynləri digər bacı və ya qardaşını daha çox sevir və beləliklə ailədə uşaqlar arasında qısqanclıq yaranır.

 

Uşaqların qısqanclıqlarının özünü büruzə verdiyi dönəmlərdə ata-ana əsəbləşmək, uşağa cəza vermək əvəzinə, səbrli olmalı, göstərdikləri sevgidən daha çox sevgi göstərməlidirlər. Uşaqlara ailədə hər kəsin ayrı yeri olduğu fikri izah olunmalıdır.

 Qısqanclıq zəmnində ailədaxili cinayətlər olur. Ər arvadını, bəzən əksinə, qadın ərini öldürür. Qısqanclıq doğma insanı öldürmək həddinə çata bilir? 

Mən həyat yoldaşlarının bir-birini qısqanmasını anlamıram. İki nəfərin arasında güvənsizlik varsa onların evlənməyi düzgün deyil. Bu qısqanclıq evləndikdən sonra yaranıbsa mütləq səbəbi vardır. Bu səbəbi araşdırıb, həll edə bilmirlərsə ən düzgün seçim boşanmaqdır. Həyat yoldaşını qısqanan insanlar qarşı tərəfin onlara hər an xəyanət edə bilmə ehtimalını qəbul etmiş olurlar və belə bir şeylə razılaşmış insanın hələ də həyat yoldaşı ilə hər gün eyni yastığa baş qoyması, bir evdə yaşaması halları heç cür ağlabatan deyil. Belə insanlar bəzən "Mən həyat yoldaşıma güvənirəm, amma digər insanlara güvənmirəm" deyirlər. Bunun da kökündə həyat yoldaşını qorumaq hissi dayanır və əgər insan qısqanclıq zəmnində öz həyat yoldaşına zorakılıq tətbiq edirsə, öldürürsə bu artıq həyat yoldaşına potensial xəyanətkar kimi baxmasından irəli gəlir. İnsan özü zərər verirsə ətrafdakılardan necə qoruya bilər ki?! Cütlüklər arasında güvənsizlik varsa məsələ bu həddə gəlmədən tədbir görməlidirlər. Güvənsizliyə, qısqanclığa səbəb olan məsələni danışıb, həll etməlidirlər. 

Son olaraq, oxucularımıza nə demək istəyərdiniz? 
 

Bizim nə düşündüyümüz, hiss etdiyimiz gerçəkliyin beynimizdəki təsəvvüründən asılıdır. Birinə əsəbləşərkən belə buna səbəb onun hərəkəti deyil, bu barədə sizin düşüncənizdir. Başqa cür düşünsəniz bəlkə də əsəbləşməzsiniz. Qısqanclıq da belədir. Bu hiss məhz sizə aiddir. Bunu balansda saxlamaq sizdən asılıdır. Siz qısqanc olmasanız qarşınızdakının davranışı sizi maraqlandırmaz. Ona görə əvvəlcə özünüzdə bu hissi idarə etməyə çalışın Əvvəlcə özünüz özünüzlə danışıb, qısqanmaq səbəbinizi müəyyənləşdirin və əksər hallarda problemin kökündə əsası olmayan məsələlər dayanır ki, bunu da sakitcə düşünüb özünüz həll edə bilərsiniz. Həmçinin, qarşı tərəfdə sizi narahat edən məqamları beyninizdə müxtəlif cür qurmaq yerinə qarşınızdakı ilə danışıb müzakirə etməli, məsələni kulminasiya nöqtəsinə çatdırmadan kökünü tapmalısınız. Qısqanclıq probleminiz varsa bunu həll etmədən evlənməyin. Amma nəbadə  qısqanclıq, eləcə də narahatlıq verən digər bütün hissləri içinizdə saxlayaraq gələcəkdə daha böyük fəsadların yaranmasına səbəb olasınız.