“Xocalıda törətdiklərinə o qədər qəddarlıqla hazırlaşmışdılar ki...” – Xocalı sakini ilə MÜSAHİBƏ

“Xocalıda törətdiklərinə o qədər qəddarlıqla hazırlaşmışdılar ki...” – Xocalı sakini ilə MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi Xocalı şəhər sakini, müharibə veteranı, Xocalı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vəliyev Xəlil Şahmar oğludur.

Müsahibimiz soyqırıma qədərki dövrlə bağlı xatirələrini bizimlə bölüşdü: “Soyqırıma qədərki müddətdə demək olar ki, 4 il Xocalı mühasirədə oldu. 1988-ci ildən başlayan münaqişə getdikcə dərinləşdi. Mən Xocalı şəhər özünümüdafiə batalyonunun üzvü olmuşam və yerli sakinlər kimi Xocalının müdafiəsinə qalxmışam. Xocalı relyef baxımından çökək bir yerdə yerləşir, üst tərəfdən dağla əhatə olunmuş ərazidədir. Kətik dağla, Bozdağla və Qırxqız tərəfdən dağla əhatə olunmuş çökəklikdə yerləşirdi ki, o dağın zirvələri ermənilərdə idi. Azərbaycanlılar yaşayan kəndlər işğal olunmuşdu. Son olaraq hədəf Xocalı idi. Hər gecə Xocalıya atəş açırdılar, biz də cavab olaraq atəş açırdıq. Sonuncu günlərimiz olduqca acınacaqlı idi. 1991-ci ilin sentyabr-oktyabr aylarından artıq Xocalı ilə olan avtomobil yolumuz bağlanmışdı. 1992-ci ilin yanvarın 28-də isə Şuşaya gedən Mi-8 helikopteri vurulduqdan sonra Dağlıq Qarabağla, o cümlədən, Xocalı ilə olan bütün hava əlaqələri kəsildi. Demək olar ki, o müddətdə Xocalıda insanların zəruri ehtiyacları tükənmişdi, un qıtlığı var idi. Eyni zamanda, bizim olan silah-sursatımız da tükənirdi. Ermənilər də bu fürsəti gözləyirdilər ki, silahımız bitsin, onlar da Xocalıya hücum etsinlər.”


Xocalı sakini soyqırımı belə xatırlayır: "1992-ci il, fevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşən 366-cı motoatıcı alayın bütün heyəti, bütün hərbi texnikası Xocalı şəhərinə, dinc, əliyalın insanlara hücum etdi. Bu dinc sakinlərdə onların qarşısına çıxa biləcək heç bir silah-sursat yox idi. Yalnız vicdanı, qeyrəti ilə onların qarşısına çıxa biləcək mərd, vətənpərvər insanlar var idi. Son anda biz postdan qayıdıb sığınacaqlara, zirzəmilərə sığınmış qadınları, uşaqları, qocaları xəbərdar edib şəhərdən çıxara bildik, onlar da Qarqar çayını keçərək Kətik dağı istiqamətində şəhəri tərk edə bildilər. Amma hamısına xəbər verməyə vaxt çatmadı, onlar isə o gecənin qurbanı oldular."

Müharibə veteranı əsgərlərimizin ermənilərə qarşı günlərlə göstərdiyi müqavimətdən bəhs etdi: "Xocalıda yeganə beşmərtəbəli binamız var idi, o binanın həm zirzəmisinə sığınmış insanlar, həm də damında olan əsgərlərimiz günlərlə ermənilərə təslim olmadılar, müqavimət göstərdilər. Xocalı bir gecənin içində tamamilə yerlə-yeksan edildi."

Müsahib ermənilərin vəhşiliklərindan danışdı: “Xilas olmağa çalışanlar qarlı, şaxtalı gündə çayı keçərək Kətik dağını keçdi. Lakin biz bilmirdik ki, bizi o dağın zirvəsində nə gözləyir. Orada ermənilər pusqu qurublarmış, ov itləri ilə öz də. Ora çatan insanları ov ovlayırlarmış kimi öldürürdülər. Hətta bir axıska türkü var idi, onun başını kəsdilər. Beləcə, çətinliklə soyuqda o dağa qalxan insanları da Ağdamın Gülablı kəndinə çatmağına imkan vermirdilər. Xocalıda törətdiklərinə o qədər qəddarlıqla hazırlaşmışdılar ki, bir sağ insan da saxlamaq niyyətində deyildilər. Oradan sağ çıxan insanlar Xocalıda həlak olan sakinlərin, igidlərin canı, qanı bahasına, eyni zamanda, Tanrının mərhəməti hesabına sağ qala bildilər. Şəhəri tərk edə bilənlərin bəziləri isə donaraq öldü. Qohumum Səfəralı dayı Böyük Vətən müharibəsinin iştirakçılarından idi. O, Kətik dağının ətəyində donaraq öldü.”

O, Xocalı şəhərinə ermənilərin ögey münasibətindən bəhs etdi: “Xocalını 1988-ci ilədək DQMV-nin Əsgəran rayonunun bir kəndi kimi və Əsgəran rayonunun ən baxımsız, ən geridə qalmış bir kəndi kimi xatırlayıram. Halbuki Xocalı DQMV-də yerləşən yeganə hava limanına sahib kənd idi, Xankəndinə gedən dəmir yol xətti Xocalıdan keçirdi, Bakı-Ağdam-Şuşa-Gorus magistral xətti Xocalıdan keçirdi. Ermənilər elə əvvəldən bu kəndə ögey münasibət göstərirdilər, azərbaycanlıların inkişafına imkan vermirdilər. Nəhayət, 1990-cı ildə Xocalıya şəhər statusu verildi. 1991-ci ildən isə Xocalıya rayon statusu verildi. Beləliklə, Xocalının çiçəklənmə dövrü başladı. Ətraf kəndlərdən ermənilər tərəfindən qovulan azərbaycanlılar Xocalıya pənah gətirdilər. Bir çox fabrik, zavodlar tikildi, yaşayış binaları inşa edildi. 1991-ci ilin yayını çox gözəl xatırlayıram, bütün çətinliklərə, ermənilərin hər gün atəş açmalarına baxmayaraq, hər tərəfdə quruculuq işləri gedirdi. Böyük ümidlərlə yaşayırdıq.”

Xocalıda əsir düşmüş və həlak olanların arasında Xəlil bəyin də doğmaları var: "Xocalı soyqırımı zamanı çətinliklə olsa da, şəhəri tərk edə bildik. Mənim müəllimlərim, məktəb yoldaşlarım, qohumlarım həlak oldular. Eyni zamanda, məktəbdə "Hərb" fənnini bizə tədris edən Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov da şəhid oldu. Atam Vəliyev Şahmar Əliabbas oğlu, əmim Vəliyev Əvəz Əliabbas oğlu, böyük qardaşım Vəliyev Kamal Şahmar oğlu və onun 3 yaşlı qızı Vəliyeva Afət Kamal qızı əsir düşdülər. Bibim Salahova Zəhra Əliabbas qızı, bibimin həyat yoldaşı Salahov Məhəmməd Əbdül oğlu və digər onlarla qohumlarım, əzizlərim həlak oldular. Əsir düşənlərə müxtəlif işgəncələr verirdilər, damarlarına kerosin inyeksiya edirdilər və s. Elə işgəncələr idi ki, dilə gətirmək ağırdır. Bunların bizə, türklərə olan nifrəti, görəsən, haradan qaynaqlanır?!"

Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov "Hərb" fənnini tədris edərkən