Xərçəngə səbəb olur - ŞELLAK İSTİFADƏ EDƏNLƏRİN DİQQƏTİNƏ

Xərçəngə səbəb olur - ŞELLAK İSTİFADƏ EDƏNLƏRİN DİQQƏTİNƏ

Manikür əksər xanımlar üçün əvəzolunmaz prosedurlardan biri hesab olunur. Son vaxtlar şellak dırnaq boyalarından daha çox istifadə edilir. Amerika Dermatologiya Akademiyası bunun dəri xərçənginə səbəb olduğunu açıqlayıb.

24Media bu dırnaq boyalarının gözəl görüntüsünün arxasındakı həyati risklər haqqında məlumatı təqdim edir:

Dırnaqlarında gözəl və parlaq görüntüyə nail olmaq istəyən xanımlar üçün şellak əla alternativdir. Onun daha bir üstün cəhəti isə uzun müddət davamlı olmasıdır. Şellak əlavə dəyişikliklərə ehtiyac olmadan 3 həftəyə qədər dırnaqlarda qala bilir.

Onun tətbiqi texnikası isə adi dırnaq boyalarından bir qədər fərqlidir.

Şellak və adi dırnaq boyaları arasındakı əsas fərq hər təbəqədən sonra dırnaqların ultrabənövşəyi (bəzi hallarda LED) şüalarla işləyən lampalar vasitəsilə qurudulmasıdır. Bu prosedur zamanı məruz qaldığımız şüa qısamüddətli olsa da, onun dozası sağlamlığa zərər vurmağa kifayət edəcək qədər çoxdur. Araşdırmalar göstərir ki, həmin lampalardan yayılan şüalar hətta günəşin ultrabənövşəyi şüalarından 4 dəfə daha güclü təsirə malikdir.

Bəs bu zərərlərdən qorunmaq üçün nə etməliyik ?

  1. Mütəmadi olaraq şellakdan istifadə edirsinizsə, dırnaqlarınıza istirahət verin. 15 gündən 2 aya qədər davam edən bu müddətdə bir-iki həftədən sonra adi və ya müalicəvi dırnaq boyalarından istifadə edə bilərsiniz.
  2. Ultrabənövşəyi şüaların təsirindən maksimum dərəcədə qorunmaq üçün həkimlər prosedurdan öncə SPF faktoru 15-dən az olmayan qoruyucu kremlərdən istifadə etmənizi tövsiyə edirlər.
  3. Həmçinin manikür etdirdiyiniz salonlarda daha təhlükəsiz hesab edilən LED lampalardan istifadə edilməsinə diqqət yetirin.

Belə bir fikir var ki, gözəllik qurban tələb edir. Bəs bu gözəllik üçün sağlamlığımızı qurban verməyə dəyərmi?