Xankəndi Bakıya tabe olur? İşğalçı rejim geri çəkildi

Xankəndi Bakıya tabe olur? İşğalçı rejim geri çəkildi

Ermənilərin Qarabağda yaratdığı qondarma rejim "bələdiyyə seçkilərinin" təxirə salınması haqqında qərar qəbul edib.

24Media "Publika.az" saytına istinadən xəbər verir ki, Xankəndidəki terrorçu xuntanın rəhbərliyinin yaydığı bəyanatlara görə, "Hərbi vəziyyətin qüvvədə olmasını nəzərə alaraq yerli özünüidarə strukturlarına, yəni bələdiyyələrə seçkilərin iki il müddətinə təxirə salınmasına" qərar verilib.

Bununla bağlı fərmanı Xankəndidəki xuntanın lideri Araik Harutyunyan imzalayıb.

Qarabağda hazırda Rusiyanın sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə mövcud olan yerli özünüidarə strukturlarının səlahiyyətləri yeni seçkilərdən sonra heyəti müəyyənləşəcək bələdiyyə qurumlarının ilk iclasına qədər uzadılır. İcma rəhbəri və ya ağsaqqallar şurasının üzvünün səlahiyyətlərinin vaxtından əvvəl başa çatması, ya da çatdırılması halında onun yerinə səlahiyyətləri müvəqqəti icra edən şəxs təyin ediləcək.

Qeyd edək ki, Qarabağın dağlıq hissəsindəki separatçı rejim rəhbərliyinin bu qərarı Ermənistanda və xarici ölkələrdəki erməni diaspor təşkilatlarında şok effekti yaradıb.

Daha doğrusu, erməni diasporunun funksionerləri və struktur rəhbərlərinin reaksiyalarını bir ifadə ilə səciyyələndirmək olar: "İnana bilmirik, Xankəndi Bakıya tabe olmağa başlayır".

Bu sözlər ABŞ-dakı erməni icmasının tanımış üzvlərindən biri Artaşes Poqosyana məxsusdur.

"Araik Harutyunyanın davranışından, onsuz da, şübhələnirdik. Onun İkinci Qarabağ Müharibəsindəki bəyanatları, açıqlamaları və ən başlıcası, göstərişləri həddən ziyadə qarışıqdı. Yerli özünüidarə orqanlarına seçkilər iki il müddətinə təxirə salındı. Buna inanan bilmirəm. Sanki qarabağlı ermənilərin taleyi Bakıya tapşırılır. Deyəsən, Ermənistan rəhbərliyi ilə Bakı arasında yeni, ictimaiyyətə açıqlanmayan razılaşma var. Araik Harutyunyan da bu razılaşmaya əsasən davranır. Əks təqdirdə belə inanılmaz, yaramaz, qorxaq qərar verilməzdi" - deyə A.Poqosyan bildirib.

Erməni mediası və ekspertlər onu da vurğulayırlar ki, Dağlıq Qarabağda seçkilərin iki il müddətinə təxirə salınması ilə bağlı qərar Xankəndidə Araik Harutyunyanın Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşündən sonra verilib.

Nəzərə çatdıraq ki, həmin görüşdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sədri Armen Abazyan və Rusiyanın Qarabağdakı sülhməramlı kontigentinin komandanı, general-leytenant Rüstəm Muradov da iştirak edirdi.