Xalqımız Prezidentin siyasətini yekdilliklə dəstəkləyir

Xalqımız Prezidentin siyasətini yekdilliklə dəstəkləyir

Korrupsiya və rüşvətxorluq dünyanın bütün dövlətlərində mövcuddur. Tədqiqatlar onu deməyə əsas verir ki, bu hallar az inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərdə daha geniş yayılıb, piramida şəbəkəsi formasında təzahür edir. İnkişaf etmiş ölkələrdə bu problemə nisbətən az təsadüf edilir. Bütün beynəlxalq təşkilatlar korrupsiya və rüşvətxorluğu milli dövlətlərin inkişafını əngəlləyən ən başlıca səbəblərdən hesab edirlər. Məsələn neft ixracına görə dünyada 7-ci yerə qədər yüksələ bilmiş Nigeriya 1970-2000-ci illər arasında 100 milyard dollarlarla ölçülən gəlir əldə etməsinə baxmayaraq, bu gün xalqının mütləq əksəriyyəti aclıq və səfalət içində yaşayır. Əlbəttə, bu nümunədə korrupsiya və rüşvətxorluq ilə paralel gəlirlərin düzgün idarə olunmaması da rol oynayıb. Analoji olaraq öz respublikamıza nəzər salanda həm milli gəlirlərin yüksək peşəkarlıq və şəffaflıq şəraitində idarə olunduğunu, həm də korrupsiya və rüşvətxorluq ilə kompleks mübarizə tədbirlərinin həyata keçirildiyini görürük.

Respublikamızda həyata keçirilən tədbirlər sırasında birinci olaraq sistem təkmilləşdirmələrini, idarəçiliyin, vətəndaş – məmur ünsiyyətinin maksimum məhdudlaşdırılmasını, elektron hökumətin yaradılmasını qeyd etmək olar. Elektron hökumət platforması üzərində reallaşdırılan xidmətlərə nümunə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin və s. mərkəzi icra hakimiyyəti orqanlarının vətəndaşlara təqdim etdiyi xidmətləri qeyd etmək olar. Nümunəmizi bir az daha dəqiqləşdirsək deyə bilərik ki, vaxtı ilə ciddi korrupsiya obyekti olmuş tələbələrin universitetlərə köçürülməsi prosesi bu gün heç bir bürokratik müdaxilə olmadan, şəffaf, bəlli qaydalar ilə internet üzərindən reallaşır və ya vaxtı ilə ünvanlı sosial yardım ilə bağlı proseslərin necə idarə olunduğu heç kəsə sirr deyildi, lakin hazırda bu proses də yuxarıda qeyd etdiyim nümunə kimi hər kəsə məlum şərtlər, qaydalar ilə subyektiv diskriminasiyaya yol vermədən, vətəndaş – məmur təması olmadan sistem – proqram tərəfindən müəyyən edilir. Bu nümunələrin sayını xeyli artırmaq mümkündür. 

İkinci istiqamət olaraq dünyada Azərbaycan brendi kimi tanınan və qəbul olunan "ASAN Xidmət" modelini göstərmək olar. "ASAN Xidmət" məmur- vətəndaş ünsiyyətini yeni bir platformada təqdim edir. Vətəndaş məmnunluğu, şəffaflıq və operativlik "ASAN Xidmət"in əsas fəaliyyət prinsiplərindəndir. Bu xidmət nəticəsində biz cəmiyyətimizdə xeyli neqativ halların aradan qalxdığının şahidi olduq. 

Üçüncü istiqamət kadr islahatlarıdır. Bu yenilik idarəetməyə də yeni nəfəs gətirir. Mərkəzi və yerli icra strukturları bürokratik orqan obrazından çıxarılır, çevik, əlçatan və işgüzar bir orqana çevrilir. Bu isə vətəndaşların dövlətinə, hökumətinə inamını daha da artırır, vətəndaş – hakimiyyət münasibətlərində qarşılıqlı inam və etimad mühitini formalaşdırır.

Dördüncü istiqamət maarifləndirmə vətəndaş cəmiyyəti institutlarının dəstəyini səfərbər etməklə təşkil olunub. Əlbəttə, müasir demokratik sivil cəmiyyəti QHT-lərsiz, ictimai təşkilatlarsız, KİV-lərsiz və digər birlik və qurumlarsız təsəvvür etmək mümkün deyil. Məhz bu institutların və dövlət aparatının birgə işi ilə cəmiyyətdə neqativ hallara qarşı daha səmərəli mübarizə aparmaq mümkündür və Azərbaycan hökuməti də bunu edir. 

Beşinci fəaliyyət istiqaməti respublikada qanunun aliliyinin təmin edilməsi oldu. Qanunlara əməl etməyənlərin, cənab Prezidentin sözləri ilə desək “özlərini qanunlardan üstün hesab edənlər”in  qanun qarşısında məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür. Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cənab Prezident tərəfindən kordinasiyalı fəaliyyətinin nəticələri ortadadır. Hesab edirəm ki, İlham Əliyev bu məsələ ilə bağlı mövqeyini açıq və konkret olaraq ifadə edib: “Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da, məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq".

Yuxarıda sadaladığım ümumiləşdirilmiş istiqamətlərin bir-birini tamamladığını, bütöv halqanın bir hissəsini təşkil etdiyini də demək olar. Onu da etiraf etmək lazımdır ki, qeyd olunan istiqamətlər bir mərkəzdən bəhrələnməsəydi, qətiyyətli bir siyasi iradədən dəstək almasaydı, əlbəttə ki, nəticələr formal xarakterli olacaqdı. Lakin Azərbaycan Respublikasında yuxarıda sadalanan bütün işlərin bünövrəsində Prezident İlham Əliyevin baxışlarının, ideyalarının, siyası iradəsinin və qətiyyətinin dayandığını açıq şəkildə görmək olar. 

Müdrik xalqımız korrupsiya və rüşvətxorluğun dövlətin inkişafıni əngəlləyən, onun beynəlxalq imicinə ciddi şəkildə xələl gətirən ağır bir problem olduğunu bilir və bu problemə qarşı qətiyyətli, dönməz, kompleks tədbirlər həyata keçirən cənab Prezident İlham Əliyevin apardığı siyasəti yekdilliklə dəstəkləyir.

 

Daşqın QƏNBƏROV
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Şüra Üzvü, 
Hüquq üzrə fəsəfə doktoru, Dosent