“Vicdansız insanlar mənə çox təsir edirlər” Eldar Qasımovla MÜSAHİBƏ

“Vicdansız insanlar mənə çox təsir edirlər” Eldar Qasımovla MÜSAHİBƏ

24Media "Avroviziya" Mahnı Müsabiqəsinin 2011-ci ildəki qalibi, həmin il  Azərbaycanda "ilin adamı" seçilən tanınmış müğənni Eldar Qasımovla müsahibəni təqdim edir: 

Eldar bəy, gündəmdə qalmaq bir müğənni üçün nə qədər vacibdir və gündəmdə qalmaq üçün nə etmək lazımdır? 

- Mən düşünürəm ki, sözün əsil mənasında bir müğənni üçün gündəmdə qalmaq məqsədlər arasında ön pillələrdə deyil. Əlbəttə, bu lazımdır. Amma şəxsən mənim üçün ön sırada yaradıcılıq vacibdir. Yaradıcılıqla gündəmdə qalsam, bu mənə çox xoş olar və düşünürəm ki, cəmiyyətə, ictimaiyətə daha lazımlı olaram. 


Yumor məqsədli bir neçə videonuz var ki, sosial şəbəkələrdə çox izlənildi, müzakirə edildi. Bunlar gündəm üçün,  yoxsa sadəcə həvəs və əyləncə üçün idi? 

- Bir-iki dəfə etdim, dostlarıma xoş gəldi, paylaşdım. Gördüm ki, kütlə sevdi. Bilirsiniz, müğənninin işinin böyük bir hissəsi insanları əyləndirməkdir. Əgər bu məndə yaxşı alınırsa, insanların üzündə təbəssüm yarada bilirəmsə, niyə də yox?! Bu şeylərlə gündəmdə qalmaq istəmirəm, gündəmdə qalmaq üçün etmirəm. Amma insanları sevindirməyi, güldürməyi xoşlayıram. 


Bəzən mediada sənətçinin xarici görkəmi, hərəkətləri yeni layihələrindən - mahnı və kliplərindən daha çox işıq üzü görür, müzakirə edilir.  Sizcə, buna səbəb nədir?

- Çünki bu mövzular daha çox üzdədir, asan görülür. Əslində, bu zövq məsələsidir. Kimsə sevə bilər, kimsə yox. Belə mövzular daha çox müzakirə, mühakimə obyekti olur. Buna görə də jurnalistlər kütləvi fikirlərdən istifadə edərək həmin mövzularda yazırlar. Düşünürəm ki, geyimlərin, saç düzümlərinin və s. əsas müzakirə mövzuları olması insanların maraq dairələrindən asılıdır. Yaradıcılıq hər insan üçün deyil.  Yaradıcılığı, incəsənəti anlamaq lazımdır. Bu da hər adamda alınmır, bunun üçün xüsusi hissiyata, duyğuya malik olmaq lazımdır. Amma bəsit mövzuları müzakirə etmək üçün hissiyat vacib deyil. 


Yaxında "Aman aman" adlı bir mahnınız çıxdı. Mahnı əladır, bəs dinləyici geridönüşləri sizi qane etdi?
- Bütün yazılan rəylər, aldığım geridönüşlər məni qane edir. Əlbəttə, istəyərdim ki, bu mahnı daha çox dinlənilsin. Yayın sonudur, amma mən bu mahnı ilə insanlarda yay əhavlını hələ saxlamaq istəyirəm. Bilmirəm, mahnını nəyə görə az insan dinləyib.  Düşünürəm ki, mənim ifamda bu tərzdə mahnı eşitmədikləri üçün  hələ də uyğunlaşa bilmirlər. Amma, məncə, yaxın zamanda bu ifa daha çox adama çatacaq və onlar bunu dinləyəcəklər. 

Hər hansısa keyfiyyətli ifanız gözlədiyinizdən az kütlə tərəfindən dinlənildikdə bu sizi narahat edir? Yoxsa bu yeni işlər görməkdə əngəl deyil?
- Əlbəttə ki, bəzən məyus oluram ki, niyə qulaq asmırlar, niyə başqa ucuz, qeyri-peşəkar ifaları seçirlər. Amma daha sonra anlayıram ki, bu zövq məsələsidir. Hazırkı vəziyyət budur, bu vəziyyət isə məni heç zaman öz yaradıcılığımdan döndərməyəcək  və mənə heç vaxt əngəl olmayacaq. 

Müsahibələrinizdən birində: " Mahnılarımın hər biri mənim bir tarixçəmdir" , - deyirsiniz. Sizi ən yaxşı ifadə edən mahnınız hansıdır?

- Əgər mahnını özüm yazıramsa, çalışıram ki, öz tarixçəmi danışım. Başqa kimlərsə yazırsa, mən öz hisslərimi müəlliflərə çatdırıram və onlar mahnıda mənim daxilimdə olan hissləri əks etdirirlər. Düşünürəm ki, bu mənim üçün çox vacibdir. Bu günə kimi məni ən çox əks etdirəm mahnım "Məsafələr"dir. Amma ümumilikdə bütün mahnılarım məni çox yaxşı ifadə edir. 

Aysel Məmmədova ilə həmsöhbət olarkən belə bir fikir ifadə etmişdi ki, dinləyicinin seçimi eşitdiklərindən irəli gəlir. Burdan belə qənaətə gəlmək olar ki, dinləyicinin bayağı musiqi seçməsinə səbəb musiqiçilərdir. Bu mövzuda siz nə düşünürsüz? 

-  Bəli, düşünürəm ki, insanlara hər zaman seçim verilməlidir. Onlar bir tərəfədən bəsit musiqiyə qulaq asırlarsa, digər tərəfdən televiziyalar, radiolar başqa keyfiyyətli musiqini dinləyiciyə çatdırmalıdırlar. İnsanlar öz seçimlərini etməlidirlər. Pis musiqi, pis mahnı yoxdur. Pis, qeyri-peşəkar  ifa olunan, təqdim olunan mahnılar var. 


İnstaqramın hekayə hissəsində "məşqlərimiz" başlığı altında bir video paylaşmışdınız. Yeni layihə var? Ümumiyyətlə, pərəstişkarlarınız sizdən hansı yenilikləri gözləsinlər?
- Bəli, biz hazırda beynəlxalq layihə üzərində çalışırıq. Yeni mövsümdə televiyalarda  bunu görəcəksiniz. Yeni layihəm bizim televiziyamız və musiqisevərlərimiz üçün yeni çağdır. Düşünürəm ki, layihə hər kəsin xoşuna gələcək.

Özünüzü dövlət televiziyasında aparıcı kimi də sınadınız, aparıcılıq sizə uğur gətirdi? Aparıcı kimi davam etmək istəyərsiz?
- İndiyə qədər aparıcı olaraq televiziyada işimə davam edirəm. Sadəcə layihə dəyişikliyi var, bu çox böyük layihə olacaq. Amma tərtibat, dekorasiyalar, çalışacaq insanların daha da peşəkarlaşması və s. kimi məsələlərin öz həllini tam tapması üçün zaman lazımdır. Yeni layihədə Nigarla qarşınıza çıxacağıq. Çalışarıq, sizi çox gözlətməyək. Şəxsən mənim aparıcılıq təcrübəsindən çox xoşum gəldi, aparıcılıq mənə təcrübə verir və sevindirir. 


"Avroviziya" qalibiyyətini yaşamış bir müğənni kimi sənətlə bağlı daha hansı məqsədləriniz var?
- Ömür boyu istəyirdim ki, "Avroviziya"da iştirak edim, ölkəmizi təmsil edim. Heç qalibiyyət də fikirləşmirdim. Qələbədən sonra özümə sual verdim ki, bundan sonra nə edəcəksən?  Belə qənaətə gəldim ki, insan bir məqsədə nail olduqdan sonra artıq beyində başqa məqsədlər formalaşır. Ona görə də baxaq görək...


Sizcə, Azərbaycana "Avroviziya"dan növbəti qələbəni kim gətirə bilər? 

- Bu bilinməyən bir şeydir, həqiqətən bilmirəm. Hələ bilmirik kim gedəcək, necə mahnılar olacaq. Bunu qabaqdan demək heç cür olmur, sadəcə təxmin və ümid etmək olar. 


Bir mahnı yarışmasında müğənni üçün dünyada məşhur olmaq, müzakirə edilmək, sevilmək, amma nəticə etibarı ilə arxa sırada olmaq, yoxsa sakit qalibiyyət daha üstündür? 

- Mən düşünürəm ki, hər bir müsabiqə yaradıcı insan üçün tramplindir, bir dönüş nöqtəsidir. Ondan çox səmərəli istifadə etmək lazımdır ki, sənin səsin eşidilsin. Qalib olmasan belə, o platformadan elə istifadə etməlisən ki, sənin səsin istədiyin kütləyə çatsın. Bu çox vacibdir. 

Yəqin ki, uşaq Avroviziya Mahnı Müsabiqəsini də izləyirsiz. Sona Əzizovanı tanıyırsınız? Gözləntiləriniz nədən ibarətdir?
- Bəli, mən gördüm. Dostum mənə Sonanın müsabiqədəki ifasını göndərdi. Çox şirin qızdır və yaşının az olmasına baxmayaraq səsi güclüdür, kifayət qədər təcrübəsi var. Ümidvaram ki,  səhnədə özünəuyğun, Dua Lipa, Katy Perry tərzində  mahnı seçəcək və səhnəni partladacaq. Əlbəttə ki, ondan qələbə gözləyirik. 


Pandemiya yeni başlayanda - "Koronavirus mövzusu mənə təsir etmir. Daha çox yanımda asqırıb-öskürən vicdansız insanlar təsir edir" - , demişdiniz. İndi vəziyyət necədir?
- Yenə rəqəmlər artır, amma pandemiya mənə o qədər də təsir etmir. Çünki mən qaydalara riayət edən isanam, hətta maska taxmaq məcbur olmayanda da mən maskadan istifadə edirəm. Çalışıram ki, özümü, ətrafdakıları, dostlarımı qoruyum.  Amma vicdansız və məsuliyyətsiz insanlar mənə çox təsir edirlər. Maskadan istifadəni adət etməlidirlər. Dünən 43 nəfər vəfat etdi, mən bu gün maska taxmasam, mənəvi olaraq bu ölümlərin məsuliyyəti mənim üzərimə də düşər. Mən istəyirəm ki, biz tez bu sınaqdan çıxaq və normal həyata qayıdaq. Təsəvvür edin, xəstə ola-ola çölə çıxan insanlar var, onlarda məsuliyyət, vicdan yoxdur. Mən elə insanları çevrəmdən uzaqlaşdırıram, bundan sonra onlarla heç bir ünsiyyət qurmayacam. Çünki elə insanlar cəmiyyətdən həmişəlik təcrid olunmalıdırlar.