Vəfa Quliyeva: "İşimiz hələki ilk və təkdir"

24Media “SAVADLY” onlayn təhsil platformasının qurucularından olan Vəfa Quliyeva ilə müsahibəsini təqdim edir.

Vəfa Quliyeva:

Pandemiyanın təsirləri sosial həyatla yanaşı, təhsil və şəxsi inkişaf sahəsinə də təsirsiz ötüşmədi. Əyani təhsilin distant təhsil ilə əvəzlənməsi onlayn platformaların da artımına səbəb oldu. Dünyada 20-ci əsrin ortalarından onlayn təhsil platformaları fəaliyyətə başlayıb. "Coursera'', ''Skillshare'', ''Treehouse'' kimi platformalar bu sahədə uğurlu hesab edilir. Azərbaycanda isə bu proses qəfil başladı.  

24Media “SAVADLY” onlayn təhsil platformasının qurucularından olan Vəfa Quliyeva ilə müsahibəsini təqdim edir.

Xaricdə onlayn təhsil platformalarının sayı kifayət qədərdi. Bəs Azərbaycanda bu sahə nə qədər inkişaf edib?

Pandemiya Azərbaycanda onlayn təhsil platformalarının yaranmasına təkan verdi. Video dərslərlə, ingilis dilinin tədrisi ilə bağlı bir sıra platformalar mövcuddur. Lakin “SAVADLY” kimi bütün təlimçilərin bazası olan platforma mövcud deyil. Bu mövzuda “ SAVADLY” hələki tək və ilkdir.

Vəfa xanım, bu platformanı yaratmağa necə qərar verdiniz?

10 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğulam. İdeya rəhbəri Arzu Süleymanova ilə dəfələrlə bu sahədə müəyyən addımlar atsaq da, qənaətbəxş olmurdu. 

İnsanlar müəllim, təlimçi axtaranda həmişə ətrafdan tövsiyəyə gərək duyur. Biz də bunu görüb insanların ehtiyaclarına, büdcələrinə uyğun platforma yaratmağa qərar verdik. Komandamız ilə bu fikrin üzərində işlədik və nəhayət 2020-ci ildə "SAVADLY"nı yaratdıq.

‘Daha yaxşı sən üçündür’ prinsipi ilə yaradılan "SAVADLY" 6 sahə üzrə fəaliyyət göstərir.

Müəllimləri hansı meyarlara uyğun seçirsiniz?

Öncəliklə, müəllim seçmə mərhələsində onlar özləri haqda məlumatları, təcrübələrini və təqdimat videosunu profildə yerləşdirirlər. Bizim komandamız nəzərdən keçirir və uyğun olduğu halda profil aktivləşir.

Tədrisin keyfiyyətinə necə nəzarət edirsiniz?

Onlayn olduğu üçün biz dərsləri qeydə alırıq. Hər hansı problem yarandıqda həmin qeydləri izləyir və buna əsasən müəyyən tədbirlər görürük. Həmçinin platformada istifadəçilər də dərsin keyfiyyətini qiymətləndirə bilərlər.

Bu zamana kimi "SAVADLY"dan 770 tələbə və 64 repetitor faydalanıb.

"SAVADLY"nı digər onlayn təhsil platformalarından fərqləndirən nədir?

İnsanların inkişafı və rahatlığı üçün 6 kateqoriyanı cəmlədik. Digərlərində buna rast gəlməmişik. Həmçinin burada təkcə onlayn görüşlər yox, video dərslər də əldə etmək mümkündür. İstənilən şəraitdə və istənilən büdcə ilə inkişafa addım atmaq mümkündür.

"SAVADLY"nın əsas məqsədi nədir?

Biz "SAVADLY"nı ərsəyə gətirəndə hədəfimiz qloballaşmaq olub. Bu səbəbdən iki il yerli bazarda möhkəmlənmək, platformanı təkmilləşdirmək üzərində çalışdıq. Düşünürəm ki, lazımi bütün addımları atırıq və artıq xarici bazara çıxmaq üçün hazırıq.

Müsahibə üçün təşəkkürlər!