“Vaxtında yaxşı təhsil almadığıma görə peşmanam” – Xəzər Süleymanlı ilə MÜSAHİBƏ

“Vaxtında yaxşı təhsil almadığıma görə peşmanam” – Xəzər Süleymanlı ilə MÜSAHİBƏ

24Media-nın növbəti müsahibi sosial şəbəkələrdən yaxşı tanıdığımız, səsi ilə qəlblərə yol tapan bədii qiraətçi Xəzər Süleymanlıdır.

 

İlk səsləndirdiyiniz şeirlə bağlı təəssüratlarınızı bölüşərdiniz...

-İnsan həyatında ilklər önəmli yer tutur, fərq etməz uğurlu, ya uğursuz. İlk addımlar insanın kimliyini, xarakterini, düşüncəsini, zövqünü ortaya qoyur. Bu mənada ilk səsləndirdiyim şeir ilk növbədə özümün özümlə tanışlığı idi. Mən özümdə yeni bir “mən” kəşf etmişdim. Ona qədər müxtəlif "mən"lərlə tanış idim, ancaq bu, fərqli idi, başqa idi. Nədənsə bu Xəzər mənə daha yaxın və maraqlı oldu. Onu daha çox sevdim. Onunla daha çox zaman keçirmək, düşünmək istədim. İnsan həyatında belə anlar mütləq olmalıdır. Hər kəs özü ilə həyatın müxtəlif mərhələlərində yenidən tanış olmalı, özünü yenidən tanımalıdır.

 

Müsahibələrinizin birində təhsil aldığınız mühəndislik ixtisasına böyük sevginiz olduğunu qeyd etmisiniz. Bəs sonra nə baş verdi?

-Sonra özümlə tanış oldum. Mühəndislik gözəl peşədir. Lakin mən özümü sırf bu istiqamətdə görürəm, yaradıcılıq mənim üçün hər şeydən ötədir. Bəlkə zamanla yenə inşaata qayıdacağam. Hələ ki bədii qiraətdə yeniliklər etmək, daha çox uğur qazanmaq istəyirəm.

 

Günümüzdə sənətinizlə bağlı hansı mənfi məqamlarla qarşılaşırsınız?

-Bədii qiraət sənətindəki canlanmanı görməmək mümkün deyil. Bu gün minlərlə insan şeir dinləyir, kitaba maraq göstərir. Canlanma, inkişaf olan yerdə mənfi məqamların da olması normaldır. O mənfi məqamlardan danışmaq istəməzdim. Çünki bu gün bədii qiraət sənəti "ikinci bahar"ını yaşayır. Yəqin ki zamanla hər şey qaydasında olacaq. Amma çox istərdim ki, bu sahəyə dövlət səviyyəsində qayğı, diqqət göstərilsin.

 

Sehrli çubuğunuz olsaydı, həyatınızda və ya xarici görkəminizdə nəyi dəyişmək istərdiniz?

-Heç nəyi dəyişmək istəməzdim. Bu həyat da, bu görkəm də məni qane edir. Çətinliklərinə və qüsurlarına baxmayaraq... Çünki həyatın mənası da elə bundadır. Ətrafımızdakı insanlar bizi həm yaşadıqlarımıza, həm də qüsurlarımıza görə qəbullanmalıdırlar. Əks halda heç kimin səmimiyyətinə, düzgünlüyünə inana bilmərik.

 

10 il sonra özünüzü harada və necə görmək istərdiniz?

-Arzularım var, radio və televiziya sahəsində müəyyən işlər görmək istərdim. Hələ ki arzudur. Amma inanıram ki, yaxın vaxtlarda gerçək olacaq.

 

Tar, saz kimi simli musiqi alətlərində ifa etməyi bacarırsınız. Özünüzü musiqi və ya kino sektorunda sınamağı düşünürsünüzmü?

-Musiqi üçün artıq gecdir, o sahədə olmaq istəmirəm. Amma kino sahəsində özümü sınamaq istərdim. Əgər kimsə məni hansısa filmində görmək istəsə, öhdəsindən gələ biləcəyimə inansa, məmnuniyyətlə...

 

Adətən incəsənət adamlarının kitab oxumağa vaxtı olmur. Sizin necə? Kitab oxumağa zamanınız və həvəsiniz olurmu?

-Vaxtım boldur, dəyərləndirirəm. Açığı, daha çox şeir kitabları oxuyuram ki, səsləndirmək üçün yaxşı, maraqlı şeirlər tapım. Amma bədii əsərlər oxumağı da sevirəm. Son zamanlar Cəfər Cabbarlı dramaturgiyasına baş vurmuşam. Oxucular adətən xarici ədəbiyyata meyilli olurlar. Amma öz dahilərimizdən də oxusunlar. İnanın ki, onların əsərləri dünya ədəbiyyatı incilərindən heç də geri qalmır.

 

Sizi bu həyatda nə kövrəldir?

- Çox şeylər... Sadalamaqla bitməz. Onsuz da xarakterim elədir ki, kövrəlmək üçün səbəb axtarıram. Bəzən küçədə salfet satan qız uşağına, bəzən də əlində gül dəstəsi ilə asta-asta addımlayan qocaya kövrəlirəm.

 

Ən çox nəyin peşmanlığını yaşayırsınız?

-Vaxtında yaxşı təhsil almadığıma görə çox peşmanam. Hər işdə ən vacib olan təhsildir. Düzdür, universitet oxumuşam, ancaq indiki halda o 4 il heç bir işə yaramır. O zamanı düzgün qiymətləndirə, dəyərləndirə bilərdim.

 

Haqsızlıq qarşısında susduğunuz olubmu?

-Ümumiyyətlə, xarakterim belədir. Son illər özümü belə tərbiyələndirmişəm. Özümə qarşı haqsızlıq görürəmsə, susuram. Amma uzaqlaşıram və bir də o yerə qayıtmıram.

 

Qiraət sahəsinə xüsusi marağı olan, bu sahədə irəliləmək istəyən gənclərə nə məsləhət görərdiniz?

-İnanırsız ki, həyatda ən çəkindiyim şey kiməsə məsləhət verməkdir? Çünki özümün məsləhətə o qədər ehtiyacım var ki, kiməsə məsləhət verməyə utanıram. Sadəcə deyə bilərəm ki, tutduqları yolda özlərinə güvənsinlər. Alınmasa, üzülməsinlər. Özlərini başqa peşələrdə taparlar.

 

Dünyada yayılan pandemiya, karantin, sonrasında cəbhədə yaşanan gərginlik, şəhidlərimiz... 

-Bu il çox stressli, olduqca gərgin başladı və belə də davam edir. Dünya əhalisi bir problemlə mübarizə aparır, biz isə bir neçə. Virusla yanaşı cəbhədəki gərginlik də əsəblərimizə ciddi zərbə vurur. Amma son hadisələr göstərdi ki, əgər mövzu vətəndirsə, bu millət üçün ən təhlükəli və öldürücü virus belə əhəmiyyətini itirir. Şəhidlərimizə hər zaman üzülürəm, bu dəfə isə iki qat üzüldüm. Möhtəşəm Generalımızı itirdik. Ümid edirəm ki, çox keçməz, həm torpaqlarımızı azad edərik, həm də bütün şəhidlərimizin intiqamını alarıq.

Xalqımıza isə səbir və dözüm arzulayıram!