“Valideynlər bu dövrdə həssas və ehtiyatlı olmalıdırlar” - psixoloq ilə MÜSAHİBƏ

“Valideynlər bu dövrdə həssas və ehtiyatlı olmalıdırlar” - psixoloq ilə MÜSAHİBƏ

Heç kim bu gün texnoloji vasitələrin həyatımızdakı əvəzedilməz rolunu inkar etmir. Sosial şəbəkələr nəinki balacaları, həmçinin gənc nəsli və yaşlı insanları da özünə cəlb edir.

Azyaşlı uşağınız və ya bir tanışınız varsa, mobil telefonlara, xüsusən də sosial media platformalarına olan marağını görmüş ola bilərsiniz. Sosial media hesablarında istifadə etdikləri profil şəkilləri isə çox qəribədir. Onların aşağıda görmüş olduğunuz tərzdə fotolardan çox istifadə etmələri diqqətimizi cəlb etdi və bunun səbəbini öyrənməyə çalışdıq.

 

Niyə uşaqlar belə fotolara daha meyilli olurlar?

Bu barədə 24Media-ya klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "Yaş və İnkişaf Psixologiyası Şöbəsi"nin kiçik elmi işçisi Narınc Rüstəmova açıqlama verib. Onun sözlərinə görə, yeniyetməlik dövrü uşağın həyatında dəyişiklik baxımından kritik dövr hesab edilir:

- Aqressivlik, canlı ünsiyyətdən qaçmaq, özünü ifadə edə bilməmək, cəmiyyətdə, dost, tanış, ailə arasında özünü tapa bilməmək və s. kimi hisslər bir yeniyetmənin ətraf aləmdən uzaqlaşıb virtual aləmə meyl etməsinə səbəb olan başlıca amillərdəndir. Virtual aləmdə özünü daha rahat ifadə edə bilmək, əslində olmaq istədiyi amma real olaraq ola bilmədiyi biri kimi göstərə bilmək onlara daha rahat gəlir. Çəkinmədən sözünü deyə bilir, hisslərini gizlətmir, utanmaq, sıxılmaq hissləri sıfıra enir. Eləcə də, fotoşop kimi redaktəedici proqramlardan çox istifadə də bunun göstəricisidir. Özünü görmək istədiyi kimi şəkilləndirmək, bəyənmədiyi hissələrinə, cizgilərinə istədiyi kimi düzəliş etmək və özünü cəmiyyətə bu cür təqdim etmək yeniyetmə üçün daha cazibəli olur. Bu yolla daha çox rəğbət qazanacağını, özünü daha çox təsdiq edəcəyini düşünür. Bütün bunların təməlində ailə ilə ünsiyyətdə qopuqluq, özgüvən əskikliyi, aşağı özünüqiymətləndirmə, daim başqalarından təsdiq, rəğbət görmək istəyi dayanır. Göstərdiyiniz bu və ya bunun bənzəri rəsmlərə diqqətin, sevginin səbəbi isə rəsmdəki komponentlərdə öz daxillərindəki aqressiyanı, yönəldə bilmədikləri enerji, hər şeyə hakim olma istəyini gördükləri üçündür. 

 

 

Narınc Rüstəmova həmçinin əlavə edib ki, çox yaxşı olardı ki, valideynlər bu dövrdə daha həssas və ehtiyatlı olsunlar:

- Övladları sosial şəbəkədə çox vaxt keçirirsə, onları qadağalar, basqılar şəklində deyil də, uzaqdan nəzarətdə saxlamaqla izləsinlər. Kimlərlə ünsiyyətdə olur, qatıldığı qruplar, edilən paylaşımlar, profil şəkilləri, özlərini təqdim etmə formaları, oynadıqları oyunlar və s. bunları öyrənib məlumatlı olsunlar. Nəsə kənara çıxma halları olduqda isə aqressiv şiddətyönümlü reaksiya ilə deyil də, mümkünsə bir psixoloq yardımı ilə mövcud situasiyanı qaydasına qoysunlar. Çünki yeniyetməlik dövründə alınan travmalar onların bütün həyatı boyunca mənfi təzahürünü göstərəcəkdir.