Vaksin öz əlimizdədir

Vaksin öz əlimizdədir

Məlum olduğu kimi, az qala, iki ildir tüğyan edən, necə deyərlər, dünyanın altını üstünə çevirən koronavirusun vaksini, nəhayət, kəşf edildi. Artıq bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da peyvəndin tətbiqinə başlanılıb. Elə ilk günlərdən etibarən müxtəlif alternativ fikirlər meydana çıxdı. Hansının düz, hansının səhv olduğunu deyə bilmərəm. Heç bu məsələyə toxunmaq fikrim də yoxdur. Sadəcə onu deyim ki, insanlar arasında yeni narahatlıq, panika motivi başlayıb. Bir müddət əvvələdək virusa yoluxmaqdan qorxan indi vaksinasiyanın ehtimal olunan əks- təsirinə görə narahatdır. Qəribədir, deyilmi? Sanki kimlərsə bilərəkdən bizi təzyiq altında saxlamağa çalışırlar...

Mən həmişə optimist olmuşam, neqativ fikirləri yaxına buraxmamışam. Və "stəkanın boş tərəfini görənləri" sevməmişəm. İndi də eləyəm. Xüsusilə, bizim əlimizdə olmayan, inkişafına müdaxilə edə bilməyəcəyimiz məsələlər haqqında baş sındırmağa, uzun- uzadı düşünməyə dəyməz. Nə olacaqsa, görəcəyik. Və bu, hamıya olacaq. Amma ümidli olaq, bəlkə, elə bircə iynə ilə hər şey həllini tapacaq- əvvəlki dinamik həyatımıza geri qayıdacağıq? Kimin əlində bunun belə olmayacağını göstərən arqument var? Yəqin, heç kimin...
İkinci bir tərəfdən niyə mücərrədlik hayına düşüb konkretliyi əldən verirsiniz? Axı sabah tənlik deyil ki, yarım dəqiqəyə həll edək. Gələcək məçhullu olsa da, bu barədə heç rəhmətlik Pifaqor da bir şey deyə bilməzdi. Elə isə biz nəyə cəhd edir, nə üçün özümüzü yoruruq? Sonra da "Gün nə tez keçdi" deyə gileylənirik. Keçər də. Gün nə etsin ki, biz onun qiymətini, dəyərini bilmirik? Elə çox narahatsınızsa, sevdiklərinizə vaxt ayırın, elə bu COVİD-19- a inad onları öpün, qucaqlayın. Heç olmasa, bir xoş söz deyin. Şəhərdə gəzin, balaca uşaqlara göz vurun, kimlərisə güldürməyə çalışın, qarşınızdakı insana bir xəfif təbəssümü çox görməyin. Nə olar, dünya dağılmaz ki...Əksinə, qaranlıq dünyanımızı aydınladaca biləcək yeganə vaksin məhz ətrafa xoşbəxtlik saçmaqdır. Necə deyərlər, bu, dədə- baba resepti, tarixdən üzü bəri gələn metoddur. Laqeyd yanaşmayın. İnamsızlıq göstərməyin. Əvvəlcə gülməyə cəhd edin. Heç nə olmasa da, özünüz öz üz ifadənizdən razı qalacaqsınız.