"Vahid komandanlığın olmaması məğlubiyyətimizin əsas səbəbi oldu" - MÜSAHİBƏ

24Media-nın müsahibi Novruzov Məhyəddin Fəruddin oğlu I Qarabağ müharibəsinə könüllü olaraq yollanıb və kəşfiyyatçı olub. O, müharibədə yaşadığı maraqlı və vacib məqamları bölüşməklə bərabər həm də kəşfiyyatçı olmağın çətin tərəfləri və müharibə abu-havası haqda danışıb:

Müharibəyə nə vaxt yollandınız və hansı istiqamətlərdə döyüşmüsünüz?

4 nəfər könüllü olaraq Ağdam rayonunun İmamqulubəyli kəndindən 1991-ci ildə döyüşlərə yollandıq. İlk dəfə Ağdam istiqamətində döyüşməyə başladıq. Daha sonra Milli Ordu yarandı. 1992-ci ilin iyun ayında biz Bakıda yerləşən Milli Qvardiyanın tərkibindəki nizami orduya qoşulduq. Füzuli, Ağdərə, Qubadlı, Laçın bölgələrində döyüşdük. 1998-ci ilə qədər də hərbidə işləmişəm.

Sizcə I və II Qarabağ müharibələri arasında hansı fərqlər var?

O vaxtki döyüş indikindən çox fərqli idi. İndi müasir silahlar var, buna görə də bu müharibədə şükürlər olsun ki, itkimiz az oldu. Amma I Qarabağ müharibəsində döyüşmək çox çətin idi. Döyüşçülərin bir çoxu elə ilk günlərdən özlərini itirməyə başlayırdılar. Çünki biz birinci dəfə idi ki, müharibə görürdük. Ona görə də öz tərəfimizdən atılan silahlara, məsələn top, qrat atəşlərinə reaksiyamız başqa olurdu. Elə bilirdik ki, bunlar düşmən tərəfindən atılır. Amma zaman keçdikcə bütün bunlara vərdiş etdik.

Həqiqətən də Azərbaycan xalqı qəhrəman xalqdır. Tankın qabağına yeriyən, altına özünü atan oğullarımızı mən öz gözlərimlə görmüşəm. Biz hər an öz torpaqlarımızı qorumağa qadirik.

Ən ağır döyüşlər hansı ərazilərdə oldu?

Həmin vaxt ən şiddətli döyüşlər Ağdərə və Laçının Güləbird kəndi istiqamətində gedirdi. Məhz həmin döyüşlərin birində batalyon komandiri Əfqan Hüseynov erməni snayperinin atəşi ilə şəhid oldu.

Baxmayaraq ki, mənim 57 yaşım var, amma hər zaman döyüşməyə hazıram. II Qarabağ müharibəsi zamanı da müharibəyə getməyi çox istəyirdim. Biz “köhnə” döyüşçülər hər zaman müharibəyə getməyə hazırıq.

I Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?

I Qarabağ müharibəsində döyüşməyi bilənlərin, silahlardan düzgün istifadə edənlərin sayı çox az idi, döyüş təcrübəsi yox idi. Ağdərəyə getdiyimiz vaxt döyüşə təzəcə gəlmiş əsgərlərin avtomatlarının çiyinlərində durmadığını gördüm. Planlı şəkildə hərəkət olunmurdu. Vahid komandan yox idi. Komandirlər arasında prinsip var idi. Bir kəndə 4 dəfə girirdik. Eyni yüksəkliyə 3 dəfə qalxırdıq, həmin ərazini düşməndən azad edirdik, əmr gəlirdi ki, geri qayıdın. Düşünürəm ki, II Qarabağ müharibəsində qələbə qazanmağımızın əsas səbəblərindən biri də məhz vahid komandanlığın olması idi.

Kəşfiyyatçı üçün vacib olan əsas cəhətlər nələrdir?

Deyə bilərəm ki, kəşfiyyat birəbir döyüşdən daha çox təhlükəlidir. Çünki getdiyin yerdə atəş açmamalı, səs-küy salmamalısan. Bir kəşfiyyatçı üçün ən vacibi ehtiyatlı, qorxusuz və dözümlü olmaqdır. Düzdür, kəşfiyyatçı getdiyi yerin coğrafi şəraitinə bələd olmalıdır. Amma bu bir az da bacarıq və istedad məsələsidir. Müharibəyə qədər mən Qubadlı ərazisində olmamışdım. Bir dəfə yerli camaatdan lazımlı məlumatları alırdım. Daha sonra təyin edirdim ki, hansı ərazidən hərəkət etmək olar.

Kəşfiyyat xatirələriniz arasında bölüşmək istədiyiniz maraqlı bir an varmı?

Kəşfiyyat xatirələrim içərisində bölüşmək istədiyim maraqlı bir məqam var. Qubadlı – Laçın sərhəddində yüksəkliyə qalxmışdıq. Gecə komando verildi ki, əvvəl biz gedib həmin ərazidə kəşfiyyat aparmalıyıq. Səhərə yaxın dağın ən yüksək hissəsinə çatdıq. Ətrafı gəzib kəşfiyyat aparırdıq. 3 nəfər idik, hər birimiz ayrı istiqamətdə hərəkət etməyə başladıq. Gördüm ki, bir nəfər dağdan üzüaşağı qaçmağa başladı. Düşündüm ki, qaçırsa, deməli bu, ermənidir. Elə həmin an düşmən burada olduğuna işarə etdi. Qradla, topla bizim uşaqlara atəş açmağa başladılar. Hamının ayağında uzunboğaz çəkmə var idi. Yoldaşlarımızdan biri nə qədər cəhd eləsə də şalvarını və çəkməsini çıxara bilmirdi. Qrad atılan kimi qorxudan həm şalvarı, həm də çəkməsi əynindən çıxdı.

Müharibə sizdə hər hansı bir travma yaratdımı?

Müharibəyə gedənə qədər mən siqaret çəkmirdim. Ora gedəndən sonra çəkməyə başladım. Döyüş meydanındakı insanların bir-birinə münasibəti real həyatda olandan çox fərqlənir. Elə hesab edirsən ki, döyüş yoldaşın sənə ən yaxın, ən əziz insandır.

Hər dəfə televizorda döyüş səhnələri və ya hərbçilər, şəhidlər haqda süjet görəndə məni qəhər boğurdu. Ailə üzvlərim həmin dəqiqə ya kanalı dəyişirdilər, ya da mənə təskinlik verməyə çalışırdılar.

Döyüşdə hər şey ola bilər. Bəs ölüm ağlınıza gəlirdimi?

Ölümlə üz-üzə qalmaq çox qəribə və bir o qədər də ağır bir məqamdır. Belə bir adətimiz var idi ki, bir gülləni həmişə ən sona ehtiyat kimi saxlayırdıq. Onu elə yerə qoyurduq ki, darağa taxıb atmayaq. Həmin gülləni ona görə saxlayırdıq ki, əsir düşsək, onunla özümüzü öldürək.

Müharibənin nəticəsi haqqında nə düşünürsünüz?

Şükürlər olsun ki, cənab Prezidentin böyük və uzaqgörən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Biz bu müharibədə haqlı tərəf idik. Ona görə də qalib olduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!