“Türk xalqlarının ortaq media platformasının yaradılması üçün imkanlarımız var”-Akif Aşırlı

“Türk xalqlarının ortaq media platformasının yaradılması üçün imkanlarımız var”-Akif Aşırlı

Hər bir qəzet öz dövrünün şahididir. Sevindiricidir, Azərbaycanın üç əsrlik mətbuat tarixi var. 
XIX, XX əsrlərdə olduğu kimi, bu gün də onlarca qəzet cəmiyyətin informasiya təminatını 
həyata keçirir. Amma, əlbəttə, dövrün tələblərinə uyğun.
Sözsüz, müasir Azərbaycan çap mediasından danışanda ağıla ilk gələn “Şərq” qəzeti olur. 
1996-cı ildən fəaliyyət göstərən bu kütləvi informasiya vasitəsi jurnalistika prinsiplərinə daim sadiq qalıb, hadisələrin mərkəzində olub. Elə ona görə də sevilib, seçilib. Ötənlərdə “Şərq”in 24 yaşı oldu. Odur ki, fürsətdən istifadə edib gələcəyin jurnalisti kimi qəzetin baş redaktoru, “Türk ocaqları” İctimai Birliyinin sədri Akif Aşırlı ilə həmsöhbət olmağı qərara aldım. Onunla müzakirələrimiz həm “Şərq” qəzetinin gəlib keçdiyi yol, həm də hazırkı geosiyasi durumla bağlı idi.

24Media "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının verdiyi müsahibəni təqdim edir.
- Akif müəllim, öncə “Şərq” qazetinin 24 illiyi münasibəti ilə sizi təbrik edirəm.  “Şərq"i bu qədər sevdirən nədir?
- Bu suala ən dəqiq cavabı auditoriya verə bilər. Məncə, “Şərq” oxucularla səmimi oldu. Qəzet səhifələrində çıxan yazılarda, xəbərlərdə səmimiyyət və həqiqiət var. Qəzetlərin tipalogiyasına uyğun olaraq bir neçə il bundan öncəyə qədər xəbərə üstünlük verirdik. Başqa sözlə, “Şərq” xəbər qazeti kimi tanınıb. Eyni zamanda analitik yazılar da olurdu. Digər tərəfdən Azərbaycan mətbuatı iqtidar və müxalifəti təmsil etməklə ilk qütbə bölünmüşdü. Bizsə müstəqil, tərəfsizik. Hər iki tərəfə eyni dərəcədə söz haqqı veririk. Görünür, tərəfsizliyimizə görə də oxucular bizə üstünlük verirlər. Düzdür, dövlət bizə maliyyə dəstəyi verir. Lakin dövlət mətbuata 11 ilə
yaxındır ki, dəstək verməyə başlayıb. “Şərq”in isə 24 illik tarixi var. Bu illər ərzində daim fəaliyyət göstərmişik. Əlbəttə, müyyən şərtlər və reallıqlar çərçivəsində davranmışıq. Bəzən oxucu itkiləri ilə də qarşılaşmışıq. Bu gün insanlar arasında sorğu 
keçirsəniz görərsiniz ki, “Şərq” onların yaddaşında qalıb. 
- Mətbuata əvvəlki marağın qalmadığını vurğuladınız. Qazetin əvvəlki qədər oxunması 
üçün hansı işlər görülməlidir? Axı qardaş Türkiyədə qazetə bu gün də kifayət qədər maraq var. Biz də isə əksinə.
- Mütaliə, o cümlədən qəzet oxumaq cəmiyyətin inkişafı ilə bağlıdır. Avropa cəmiyyəti daha çox inkişaf etmiş cəmiyyətdir. Demirəm ki, Azərbaycan cəmiyyəti inkişaf etmir. Ancaq onlarda oxu 
mədəniyyəti və qəzetçiliyin tarixi 4 əsrdir. Biz isə bir əsr yarımdır ki, Həsən bəyin yolunu davam etdiririk. Əsas problemlərdən biri oxu mədəniyyətinin kifayət qədər olmamasıdır. Digər səbəb isə yeni texnologiyaların inkişafıdır. Hər kəs istədiyi 
məlumatı internet vasitəsi ilə əldə edə bilir. Ancaq qəzetin öz üstünlükləri var. 
- Məsələn?
- Qəzetdə verilən xəbərin dəqiq olma ehtimalı internetdə yayılan məlumatdan çoxdur. Əlbəttə ki, saytlarda yayımlanan xəbərlərin hamısı səhv olmur. 
Amma qəzetin xəbərin mənbəyini araşdırmaq vaxtı daha çoxdur. Qəzetə baxış dəyişməlidir. Biz qəzetə yaradıcılıq məhsulu kimi baxmaqla yanaşı, həm də ona biznes strukturu kimi yanaşmalıyıq. Yayım siyasəti çox bərbaddır. Reklam imkanları yox 
vəziyətindədəir. Satış şəbəkəsi zəifdir. Yaxşı qəzet buraxırıq. Hər halda az olsa da oxucularımız var. Ancaq məhsulu ünvanına çatdıra bilmirik. 
Yaşı 60-dan yuxarı olan adamlar yenə də qəzet oxuyurlar. Onlar müasir texnologiyalardan 
istifadə etməkdə çətinlik çəkirlər. Burada yaş kateqoriyasını da nəzərə almaq lazımdır. Biz 
qəzetçiliyə yenilik gətirməyə çalışırıq. “Şərq”in ön və orta səhifələri rəngli çıxır. Bütün çətinliklərə 
rəğmən, klassik qəzetçilik yaşamalıdır. Çünki televiziya, radio jurnalistikasının və yeni medianın 
təməlində qəzetçilik dayanır. Bu ənənələrin qorunmasının ən yaxşı yolu da redaksiyalarıdır. 
- Həm mətbuat tarixçisi, həm də “Türk ocağı” İctiamai Birliyinin sədrisiniz. Sizcə, gələcəkdə türk xalqlarının vahid media platforması yaradıla bilərmi?
- Cəbhənin Tovuz istiqamətindəki gərginlikdən sonra bu məsələ gündəmə çevrildi. Türkiyə və Azərbaycan dövlətləri bu haqda açıqlamalar verdi. Hər iki dövlətin prezidentlərinin köməkçiləri, Hikmət Hacıyev və İbrahim Kalın görüşdən sonra belə bir 
bəyanatla çıxış etmişdilər. Bu ideya əvvəlcədən də var idi. Bir neçə dəfə sözü gedən media platformasının yaradılmasına cəhdlər də edilib. Hələ ki, əməli hərəkətlər olunmur. Bunu fərdi şəkildə də yaratmaq mümkündür. Lakin dövlət səviyəsində yaradılsa, daha effektiv olar. Ümumlikdə isə türk xalqlarının ortaq media platformasının yaradılması üçün imkanlarımız var. 
- Cəbhədəki son durumla əlaqədar olaraq Türkiyənin xarici işlər naziri ölkəmizə iki dəfə rəsmi 
səfər edib. Qardaş ölkə rəsmilərinin hazırkı vəziyyətdə ölkəmizə tez-tez gəlişi bizə nə
qazandırır?
- Türkiyə həmişə Azərbaycanın yanında olub. Bu tarixi ənənədir. Bu gün də hər sahədə Azərbaycanın yanında olduqlarının bəyan edirlər. Sentyabrın 27-dən biz artıq Vətən müharibəsinin başladığını elan etdik. Həmin vaxtdan bu günədək Türkiyə
həm dövlət, həm də qeyri- hökumət təşkilatları səviyyəsində Azərbaycana dəstək olduğunu bildirdi. Biz Qarabağda anti-terror əməliyyatlarına başladığımız gündən türklərin həm mənəvi, həm də diplomatik dəstəyini hiss edirik. Bu gün Azərbaycanda, Türkiyədə bayraqlarımız yanaşı dalğalanır. Bu bizim birliyimizi təcəssüm etdirir. Biz dost deyilik, qardaşıq. Eyni millətik, eyni soyun 
daşıyıcılarıyıq və ortaq tarixi bölüşürük. Düzdür,  ölkə daxilində, həmçinin xaricdə bu birliyi pozmaq istəyən qüvvələr var. Ancaq hər iki millət bu birliyə elə ürəkdən  razıdır ki, o qüvvələr ortaya çıxıb öz əməllərini yerinə yetirə bilmirlər. Türk və Azərbaycan millətləri var olduqca bu birlik də yaşayacaq. 
- Biz nədənsə, Türkiyədən gördüyümüz dəstəyi Orta Asiyadakı türklərdən görə bilmirik...
- Mən bunu türkçülüklə bağlamağı düzgün hesab etmirəm. Biz də onlar kimi 200 ilə yaxın rusların tərkibində olmuşuq. Bu gün isə tarixi şərait fərqlidir. Biz də müstəqilik, onlar da. Dövlətlər tutduqları siyasi yola əsasən müxtəlif siyasi və hərbi bloklara üzv olurlar. Bildiyimiz kimi, Qazaxıstan və Qırğızıstan Rusiyanın rəhbərlik elədiyi Kollektiv 
Təhlükəsizilik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdürlər. Həmçinin Ermənistan da bu təşkilatda təmsil olunur. Burada yer alan dövlətlərin üzərlərinə götürdükləri müəyyən öhdəliklər var. Ancaq onu da unutmaq olmaz ki, bu ölkələr Türkdilli Xalqların Əməkdaşlıq Şurasında da təmsil olunurlar və həmin təsisatın rəhbəri ölkəmizə səfəri zamanı Azərbaycanın yanında olduqlarını vurğulamışdı. Ümumiyyətlə, türk birliyinin yaradılmasına əsas iki 
dövlət-Azərbaycan və Türkiyə çalışır. Biz gələcəkdə bu həmrəyliyi genişləndirib digər türk dovlətlərini də həmin birliyə cəlb etməliyik
 

Qasım Xuluflu