“Torpağımızın son qarışını alana qədər döyüşməyə hazır idim” - MÜSAHİBƏ

“Torpağımızın son qarışını alana qədər döyüşməyə hazır idim” - MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi Vətən müharibəsində könüllü iştirak edən Osman Həsənovdur.

Həsənov Osman Əşrəf oğlu,15 fevral 1997-ci ildə anadan olub. 2002-ci ildə 230 nömrəli, daha sonra 322 nömrəli məktəbdə təhsilini davam etdirib. 2013-cü ildə məzun olub. O, Azərbaycan Dövlət Dəniz Akademiyasında aldığı təhsili yarıda qoyaraq hərbi xidmətə yollanıb.

                       


Əsgər könüllülük fəaliyyəti və yaralanması barədə bunları bildirib: "Orada olmaq mənim üçün çox vacib idi. Qaldığımız evin yanında ayağımdan qəlpə yarası alaraq yaralanmışdım. Mənim yanımda bir nəfər var idi. O isə yaddaşını itirmişdi. Şükür Allaha, əlim-ayağım yerindədir, özüm də sağlam. Getməsəydim heç vaxt özümü bağışlaya bilməzdim. Ya ölməliydim, ya da qalmalıydım. Torpağımızın son qarışını alana qədər döyüşməyə, hətta ölməyə hazır idim, amma mən sağ qaldım. Füzuli rayonunun Əhmədbəyli kəndində , Cəbrayıl, Daşkəsən, Qubadlı rayonlarında, Xocavənd rayonunun Məmməddərə kəndində , Tuğ, Hadrut və Ərgünəşdə, ən son isə Xocalı rayonunun Şuşikəndində döyüşmüşəm. Cəbrayılın Daşkəsən kəndində hərbi hissədə yaralanmışam."

Osman bəy xəyalının Qarabağda mübarizə aparmaq olduğunu bildirib: "Mən gəmidə işləyirəm. Bir ay ev, bir ay iş. Elə oldu ki, işə getməli olduğum gün çağırış gəldi və mən ora yollandım. Orada olmaq gözəl hiss idi. Xəyallarımdan imtina etmədim, əksinə xəyallarımın arxasınca getdim. Orada olmaq, mübarizə aparmaq ən böyük xəyalım idi. Düzdür, 1992-1993-cü illərdə mən orada olmamışam. Xoşbəxtəm ki, 2020-ci ildə orada iştirak etmək mənə qismət oldu. Yenə olsa, yenə gedərəm."

Eyni zamanda müsahibimiz qələbə xəbərini eşidən əsgərlərin sevinci haqqında da danışıb: "Müharibə başa çatan gün Şuşikənddə atışmada idik. Qələbə xəbərini eşidəndə çox sevindik. 30 illik  arzumuz həyata keçmişdi. Davam etsə belə, nə vaxtsa dayanacaqdı. Sonda yenə də qələbə çalan biz olacaqdıq, biz torpaqlarımızı geri alacaqdıq. Amma digər tərəfdən dayanması yaxşı oldu, çox şəhidimiz olmadı, əsgərlərimiz sağ qaldı. Məsələn, biri mən. Allah şəhidlərimizə rəhmət etsin."

Osman bəy son olaraq Azərbaycan ordusunun gücündən bəhs edib: "Azərbaycan Ordusu bütün dünyaya şanlı ordu olduğunu göstərdi. 2016-cı ildə Lələtəpə uğrunda gedən döyüşlərdə də öz gücümüzü göstərmişdik. Mən  şəxsən orada iştirak etmişdim. Buna görə də mən çox şanslıyam. Mən də şəhid olub o zirvəyə ucalmaq istəyərdim, amma Allah qismət etmədi. Bütün Azərbaycan oğlanları mərddir. Çağırılmayanların da ürəyi burada idi. Azərbaycan əsgəri hər yerdə öz sözünü deməyi bacarır və biz bunu döyüş meydanında da göstərdik."