"TEKNOFEST Azərbaycan" insanların yaddaşında necə qaldı? - VİDEO

Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya festivalı bu gün sona çatıb. 

Festival 4 gün davam edib. Festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi olub.

 "Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, "Smart Qarabağ” Hakatonu, "Take Off” Azərbaycan Startap Sammiti və "Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunub. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunub, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotlar sərgiyə çıxarılıb.

 Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin "Türk Ulduzları” və "Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s daxil idi.

Bu gün, mayın 29-da “TEKNOFEST Azərbaycan” festivalının son günündə də Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə hava şousu davam edib. Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” (5 ədəd) və “MiQ-29” (2 ədəd) qırıcı təyyarələri və hərbi helikopterlərinin, eləcə də Türkiyənin “Solotürk” (2 ədəd F16), “Türk Ulduzları” (5 ədəd F5) və “Hürkuş” aerobatika komandalarının, ATAK helikopterlərinin və AKINCI PUA-sının iştirakı ilə hava şouları təşkil olunub.

Həmçinin, son 2 gündə “TEKNOFEST Azərbaycan” müsabiqələrinin növbəti qalibləri mükafatlandırılıb.

Festivalın 3-cü günündə - mayın 28-də Azərbaycan və Türkiyə Prezidentləri iştirak edib. Digər günlərdə isə hər iki dövlətin rəsmiləri, ictimai şəxsləri festival təşkil edilən məkana gəlib. 

Festivalın Bakı sakinləri və paytaxta gələn qonaqların yaddaşında necə qaldığını soruşduq. Cavabları və festivaldan kadrları videoreportajdan izləyə bilərsiniz:

Festival ilk dəfə 2018-ci ildə Türkiyədə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi ilə hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır. "Texnofest-2021" ötən il Türkiyənin İstanbul şəhərində keçirilib. Tədbir Atatürk Hava Limanında keçirilən sayca dördüncü festival idi. Bu, eyni zamanda dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olub.  

Növbəti "TEKNOFEST" avqustda Türkiyənin Samsun şəhərində keçiriləcək. Bu barədə "TEKNOFEST Azərbaycan" festivalının bağlanış mərasimində "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O, "TEKNOFEST Azərbaycan"da fəaliyyət göstərən hər kəsə təşəkkürünü bildirib

Hazırladı: Bəxtiyarlı Aytac, Gənciyeva Sara