Tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat edib

Tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat edib

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat edib.

24Media xəbər verir ki, bu barədə onun dostu Tahir Tahiroviç feysbukdakı hesabında bildirib.

Ramiz Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə almışdı, o, bu səbəbdən yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilmişdi.

Ramiz Abutalıbov bu gün Moskvada dünyasını dəyişib.

Ramiz Abutalıbov 1937-ci il oktyabrın 27-də ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib. 

1980-1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışıb. Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cu illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləyib.

O, Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiri idi. Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir azərbaycanlıların qəbrinin bərpa edilməsində,"İçərişəhər" (2000-ci il) və "Muğam"(2003-cu il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub. Bakı Media Mərkəzi 2016-ci ildə Ramiz Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında "Əbədi ezamiyyət" sənədli filmi çəkilmiş və "Qərib məzarlar" kitab-albomu nəşr edib.

Qeyd edək ki, Ramiz Abutalıbov 2016-ci ilin oktyabrından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.