Şuşanın Qazançı kilsəsinin tarixi... Ermənilərindir, yoxsa albanların?

Şuşanın Qazançı kilsəsinin tarixi... Ermənilərindir, yoxsa albanların?

İndiki Azərbaycan ərazisi hələ əsrlər əvvəl çoxsaylı xalqların, müxtəlif dinlərin məskəni olub.
Atəşpərəstlik məbədlərindən tutmuş Alban kilsələrinə qədər, monastrların olduğu, məscidlərdən ibarət olan yurdumuz İslam ölkəsi olmasına baxmayaraq, hər dinə öz tolerantlığını nümayiş etdirir. Onların kilsə və məbədlərini bu günə qədər qoruyub saxlayır. 

Heç kimə sirr deyil ki, ermənilər Azərbaycanın bir çox ərazilərinə qəsdən yerləşdiriləndən sonra onların da kilsələrinin sayı ərazidə artmağa başladı. Qonşusunun torpağına, sərvətlərinə göz dikən mənfur qaniçənlər öz meyillərini hələ əvvəldən Qarabağ bölgəsinə salmışdılar. 

Rusiya, İran və bir çox ölkələr də deyirdilər ki, "Şuşa kimdədirsə, Qarabağ da onundur". 

Bunu elə həmin ərazilərimizə köçürülən ermənilər də çox keçmədən anladılar. Ona görə də buralarda hər vəchlə öz izlərini qoymağa çalışırdılar. 

Həmin izlərdən biri də Şuşadakı "Qazançesos"- Qazançı kilsəsidir. Kilsəni bəzi mənbələrdə albanlara, bəzi mənbələrdə isə ermənilərə məxsus olduğu göstərilir. Onun tarixi barədə müxtəlif fərziyələr irəli sürülsə də, dəqiq informasiya heç bir mənbədə göstərilməyib. 

Bəs reallıq nədən ibarətdir? 

Kilsənin əsası Rusiyanın Peterburq şəhərində "Sinod" adlı ali məclisin qərarı ilə 1836-cı ildə qoyulub.

Bununla bağlı daha ətraflı şuşalı tarixçi Vasif Quliyev 24Media-ya danışarkən bildirdi ki, kilsənin albanlara aid olması tamamilə absurddur və reallığı əks etdirmir: 

"Şuşada həmin kilsənin olduğu məhlənin insanlarının Ordubadın Qazançı kəndindən gəldiyi faktdır. Sonra həmin kilsə tikiləndə o məhlənin adına uyğunlaşdırılaraq "Qazançesos" adlandırıldı. Gəldikləri yerə görə də bəzən "Qazançı" deyirdilər. Amma reallıq ondan ibarətdir ki, kilsənin tam adı "Qazançesos" adlanır və sırf erməni kilsəsidir. 

Kilsənin tarixinə gəlincə, 1836-cı ildə Rusiyanın Peterburq şəhərində Sinodun-ali məclisin qurultayı keçirildi. Orada qərara alınıb ki, Şuşa şəhərində kilsə tikilsin. Bu da erməniləri həmin ərazilərdə yerləşdirmək üçün planlanmışdı. Onlar həm də rusların orada dayağı idi. Demək, 1836-cı ildə qərar çıxır, uzun illər sonra ərsəyə gəlir. O da Qafqazda ən böyük kilsədir, 3-5 günə tikilməsi mümkünsüz idi, hələ o dövrdə".

Onu da deyək ki, Şuşada yerləşən sözügedən kilsənin Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868-1887-ci illər arasında tikilməsi də həqiqətdən uzaq fərziyələrdir. 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, ölkəmiz hər dinə tolerantlıqla yanaşır və bütün kilsə, məbəd, eləcə də monastrları qoruyub saxlayır, həmçinin ermənilərin də. 
Bu baxımdan kilsənin tarixinin insanlara naməlum qalmasına ehtiyac qalmır.

Onu da nəzərə çatdıraq ki, Şuşada kilsə tikilərkən orada olan məscidlər artıq bir əsrə yaxın idi ki, mövcud idi.