SOCAR: Yeni qurğu ölkənin su balansına böyük töhfə verəcək

SOCAR: Yeni qurğu ölkənin su balansına böyük töhfə verəcək

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və yenidənqurma layihəsi çərçivəsində inşa olunan Çirkab Suların Təmizlənməsi Qurğusu bu ilin ikinci yarısında istismara veriləcək.

24Media xəbər verir ki, bunu “SOCAR Downstream” Şirkətinin baş direktorunun müavini, NEZ-in modernizasiya və yenidənqurma layihəsinin direktoru Emil Alxaslı jurnalistlərə bildirib.

“Hazırda inşaat işləri tamamlama ərəfəsindədir və hissə-hissə qurğuda işəsalma işləri həyata keçirilir” - deyə, Emil Alxaslı qeyd edib.

 

Onun sözlərinə görə, qurğu işə salındıqdan sonra saatda 750 kubmetr həcmində həm NEZ-dən çıxan çirkab sular, həm də yağış suları toplanılacaq və bu qurğuda emal olunacaq. Qurğu vasitəsi ilə təmizlənmiş su sonradan Xəzər dənizi hövzəsinə göndəriləcək.

 

Emil Alxaslı əlavə edib ki, bu layihə çərçivəsində əlavə 10 km uzunluğunda boru kəməri çəkilib ki, bunun vasitəsi ilə təmizlənmiş su Xəzərə axıdılacaq. Bundan başqa, çirkab sularının yenidən istifadəsi qurğusu ilə bağlı da hazırda işlər aparılır və 2023-cü ilin sonuna gədər bu layihənin də tamamlanması nəzərdə tutulur. Bu layihə tamamlanandan sonra zavodda istifadə olunan suların 80%-dək olan qədəri yenidən emal olunacaq, texniki su səviyyəsinə çatdırılacaq və zavod daxilində yenidən istifadə ediləcək. Bunun nəticəsində, Xəzər dənizinə axıdılan su miqdarı azalacaq və şəhərin, ölkənin su balansına böyük töhfə veriləcək.