“Sevən insanların ürəkləri birlikdə döyünür” - ARAŞDIRMA

“Sevən insanların ürəkləri birlikdə döyünür” - ARAŞDIRMA

Sevdiyimiz insanlara dediyimiz “qəlbim sənlə döyünür” ifadəsi həqiqətən də doğrudur. Cütlüklərin maraq dairələrinin ortaq olması, bir-birlərinin cümlələrini tamamlamaları, eyni zarafatlara gülmələri təəccüb doğurmur. Lakin aparılan araşdırmalar onların ürək döyüntülərinin də eyni ritmdə olduğunu göstərir.

24Media bildirir ki, Kaliforniya universitetində münasibətlərin fiziki təsirlərini araşdıran alimlər 32 cütlüyün ürək döyüntülərini və nəfəs almalarını monitor vasitəsilə müşahidə ediblər. Səssiz bir otaqda oturan cütlüklərə bir-birlərindən uzaq olmaları, fiziki təmasdan qaçınmaları tapşırılıb.

Araşdırmanın sonunda onların ürək döyüntülərinin və nəfəs almalarının sinxron olduğu müəyyən edilib. Yad insanlar arasında aparılan təcrübə isə eyni nəticəni verməyib.

Qeyd edək ki, alimlər qadınların ürək döyüntülərinin partnyorlarına uyğunlaşmağa daha meyilli olduğunu bildiriblər. Bunun səbəbini isə onların daha güclü empatiya hissinə sahib olmaları ilə açıqlayıblar.