"Səhifədən maddi gəlir əldə etmirik" - Azərbaycanlı kolleksionerlə MÜSAHİBƏ

Bir mülkün, şeyin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulmasına hərrac deyilir. Hərracın müxtəlif növləri var: klassik, holland və s. Klassik hərraclar zamanı satıcı minimum qiymət təyin edir, alıcılar isə qiyməti artırmaqla məhsul uğrunda mübarizə aparırlar (bu, ingilis auksionudur). Hərraca çıxarılan əmtəə və qiymətli kağızlar ona ən yüksək qiyməti təklif edən alıcıya satılır.

Holland auksionunda isə hərrac çox yüksək qiymətdən başlanır və elan edilmiş qiymətə razı olan alıcı tapılana qədər qiymət azaldılır. Əvvəllər hərrac üçün yalnız xüsusi məkanlara toplanmaq, canlı şəkildə iştirak vacib hesab olunurdu. İnternetin, texnologiyanın həyatımıza gətirdiyi yeniliklər hərrac sahəsinə də təsir göstərdi. Bu gün dünyanın bir çox ölkələrində onlayn hərrac fəaliyyət göstərir. Müxtəlif səhifələr, saytlar yaradılıb və orada müxtəlif məhsullar fərqli qiymətə hərraca çıxardılır.

 

 "Auksion Azərbaycan" bu gün ölkədə fəaliyyət göstərən, geniş izləyici kütləsinə malik olan onlayn hərrac səhifəsidir. Səhifənin yaradıcısı, kolleksioner Orxan Hüseynov  24Media - ya səhifənin yaradılmasından, buradakı qaydalardan və elektron hərraca insanların münasibətindən danışdı. 

 

 

"Mən kolleksionerəm. Hobbi olaraq, Azərbaycana aid qədim pul əskinazları, Rusiyaya məxsus sikkələr və İrana aid poçt markaları toplayıram. Dünyanın ən nəhəng onlayn-hərracı olan “eBay” , Rusiyada "Valmar" , Almaniyada "Künger" kimi məşhur hərraclarda iştirak edir, müxtəlif hərracların köməyi ilə məhsullar əldə edirəm.  

Bu sahəyə yeni başlayanda Azərbaycanda onlayn hərraclar haqqında araşdırdım. Bir sıra səhifələr var idi. Həmin səhifələrdə insanlar şəxsi əşyalarını hərraca çıxarır və ilkin qiymət olaraq yüksək məbləğ qoyurdular. Qiymətlərin bu qədər çox olmağı məni narahat edirdi. Ümumiyyətlə, aşağı qiymət mənim üçün vacib detaldır. Həmişə məhsulları ucuz qiymətə alıb, ucuz qiymətə də satmağa çalışmışam. Və buna görə qərar gəldim ki, yeni onlayn hərrac səhifəsi yaradım. Səhifənin əsas məqsədi insanların evlərindəki əşyaları satması və ehtiyacı olan insanların bunu ala bilməsidir. Satış üçün təqdim olunan məhsullara ilkin qiymət 1 manat qoyulur və 24 saat tamam olandan sonra ən yüksək qiymət təklif edən şəxsə satılır. 

Səhifənin adını seçmək çətin olmadı. Bütün Azərbaycana xidmət etdiyi üçün "Auksion Azərbaycan" deyə adlandırdım. Səhifədə məndən başqa baş admin və üç admin fəaliyyət göstərir. Qeyd edim ki, bu səhifədən heç bir mənfəət əldə etmirik. Heç bir əlavə qazancımız olmayıb, olmayacaq da. Məhsul təqdim edən şəxslərdən ödəniş alınmır. Tamamilə xalqımıza xidmət edən auksion səhifəsidir."

 

Müsahibimiz şəffaflığı təmin etmək məqsədilə hərrac səhifəsinin qaydalarının olmasından bəhs etdi: "Səhifə yeni yarananda kolleksioner dostlarımdan məhsullar alıb, hərraca qoyurdum. Zaman keçdikcə insanların etibarını qazandıq və ölkənin müxtəlif yerlərindən məhsullarını satmaq istəyənlər səhifəyə yazmağa başladılar. Şəffaflığı qorumaq üçün xüsusi qaydalar hazırladıq. İştirak edən hər kəs bu qaydalarla tanış olmalı, razı olduqdan sonra hərracda iştirak etməlidir. Belə ki,  əşya 1 manat qiymət ilə hərraca çıxarılır və hərracda iştirak edənlər üçün ən aşağı artım 1 manat müəyyən olunub. Qəpiklə artım nəzərə alınmır. Təklif yazan şəxslər real ad və soyadlı profillər olmalıdır. Səhifə tərəfindən aşkar olunan, səhifənin şəffaflığına zədə gətirə biləcək saxta profillər səhifədən çıxarılır və bir daha səhifəyə qaytarılmır. Sonra hərracda qalib gələn şəxslə iki gün içərisində əlaqə yaratmaq mümkün olmursa və ya əşyanı almaqdan imtina edirsə həmin şəxs səhifədən çıxarılır və bir daha səhifəyə geri qaytarılmır. Hərrac zamanı belə hal baş veribsə əşya sahibinin razılığı ilə ən yüksək təklifdən bir pillə aşağıda olan şəxsə əşya təklif olunur və ya yenidən hərraca çıxarılır. Bunlardan əlavə hərrac keçirilərkən qoyulan əşya haqqında səhifə istifadəçilərinin mənfi rəy yazması, hərraca aid olmayan məlumat və ya sual yazılması, hər hansı formada təhqir yazması qadağandır. Qadağanı pozan şəxslərin rəyləri silinir. Məhsul haqqında suallara mesaj bölməsində cavab verilir. Reklam xarakterli rəylərin yazılması qadağandır. Bu rəylər və həmin istifadəçi səhifədən silinir."

Orxan bəy məhsulunu hərraca çıxarmaq istəyənlər üçün də xüsusi qaydaların olduğunu söylədi: "İnsanların etibarını qazanmaq çətindir, onu qorumaq isə daha da çətindir. Buna görə də məhsul təqdim edənlər üçün xüsusi qaydalar yaratmışıq. Hərraca qoyulmasını istədikləri əşyaların şəkilləri səhifənin mesaj bölməsinə göndərilməli və əşya haqqında geniş məlumat verilməlidir. Əşyanın paylaşılmağına səhifə rəhbərliyi ortaq qərar verir. Paylaşılacaq təqdirdə əşyanın keyfiyyətini əks etdirən başqa şəkillər istənilir. Hər hansı qüsur varsa və bildirilməyibsə əşya hərracdan çıxarılır. Daha sonra əşya 24 saat tamam olduqdan sonra ən yüksək məbləği təqdim edən insana verilir. Nəzərə alın ki, əşyanız gözlədiyiniz qiymətdən baha və ya ucuz satıla bilər. Ən əsası isə hərraca əşyası qoyulan şəxs hərrac müddətində heç bir müdaxilə edə bilməz. Əşya haqqında rəylərdə məlumat vermək, tərifləmək qadağandır. Qaydalara əməl etməyən əşya sahibi səhifədən uzaqlaşdırılır."


O, hərraca təqdim olunan əşyalar barədə məlumatın doğruluğuna önəm verdiklərini  və informasiyaları daim yoxladıqlarını qeyd etdi: "Müxtəlif qiymətlər təklif olunur. Bu da əşyanın görünüşündən, haqqında yazılan məlumatdan asılı olaraq dəyişilir. Müraciət edən şəxslərdən əşya haqqında tam məlumat istəyirik. Səhifədə mənimlə yanaşı 2 kolleksioner var. Onlar bu məlumatların reallığı nə qədər əks etdirdiyini araşdırırlar. Bəzən yalan danışan şəxslər də olur. Məsələn, biz məhsulun 70-ci illərə aid olduğunu bilirik. Amma əşya sahibi 20-ci illərə aid olduğunu deyir. Bu kimi hallarda əşya sahibindən dəqiq məlumat tələb edilir. Şəffaflığı qorumaq üçün yalnız dəqiq və düzgün məlumatları yazırıq. Hərrac başa çatdıqdan sonra qalib gələn şəxsin əlaqə nömrəsini əşyanın sahibinə veririk. Onlar görüşüb, öz aralarında həll edirlər. Rayonlara çatdırılma, yalnız evdən götürülə bilmə kimi hallar olanda məlumat hissəsində belə məqamlar qeyd olunur. "

 

Orxan bəy yaxın gələcəkdə xeyriyyə məqsədi ilə hərrac təşkil edəcəklərini əlavə etdi:

"Şəxsi kolleksiyamda olan məhsullardan ibarət xeyriyyə hərracı təşkil etməyi planlamışam. Əslində mart ayında olmalı idi.  Lakin Rusiyada yaşadığımdan koronavirusla bağlı Azərbaycana gələ bilmədim. Karantin müddəti bitdikdən sonra ən qısa müddət hərrac təşkil olunacaq. Yığılan bütün məbləğ isə xeyriyyə məqsədi ilə istifadə ediləcək"