"Rusiya Türkiyə - Ermənistan yaxınlaşmasına süni əngəllər yarada bilər" - Politoloq

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar yaranıb. Bu reallıqlardan ən barizisi isə son vaxtllar müşahidə olunan Türkiyə- Ermənistan əlaqələridir. Tərəflər arasında əlaqələrin normallaşması üçün təyin olunan xüsusi nümayəndələr artıq ilk görüşlərini keçiriblər. Fevralın 2-dən isə Ankara ilə İrəvan arasında aviareyslər açılacaq. Bu, proseslərin regionun, o cümlədən rəsmi Bakının maraqlarına uyğun inkişaf etdiyini göstərir. Baş verənlərin vəd etdiyi perspektivlər isə hələkik birmənalı deyil. Odur ki, mövzunun aktuallığını nəzərə alaraq Türkiyə- Ermənistan əlaqələri və bunun bölgəmizə təsiri barədə BDU-nun müəllimi, politoloq Sultan Zahidovla müzakirə apardıq. 

- Türkiyə- Ermənistan əlaqələrinin normallaşmağa başlamasında İkinci Qarabağ müharibəsinin rolu nədən ibarət oldu?

 Türkiyə ilə Ermənistan arasında sərhədlər 1992-ci ildə bağlanmışdı. Bunun səbəbi isə Ermənistanın Azərbaycana qarşı aqressiv siyasəti idi. Həmçinin qardaş dövlətə qarşı qondarma erməni soyqırımı iddiası, əsassız ərazi iddiaları, xarici ölkələrdə, o cümlədən ABŞ-dakı, Fransadakı erməni lobbisinin fəaliyyəti və başqa məqamlar tərəflər arasındakı münasibətlərə təsir edirdi. 44 günlük hərbi əməliyyat nəticəsində biz otuz il davam edən işğal faktına son qoyduq, tarixi ədaləti bərpa etdik. Eyni zamanda BMT qətnamələrini icra etdik. Beləliklə, problemlərin xeyli hissəsi avtomatik olaraq həllini tapdı. 

- Maraqlıdır ki, Rusiya Türkiyə- Ermənistan əlaqələrinin normallaşmasına hələ loyal münasibət göstərir. Bu səssizlik nə qədər səmimidir?

Burada “açar” məqam var: xüsusi nümayəndələrin görüşü məhz Moskvada baş tutdu. Kreml beləliklə, beynəlxalq ictimaiyyətə mesaj verdi ki, əlaqələrin normallaşması prosesi mənim nəzarətimdən kənarda ola bilməz. Başqa sözlə, Rusiya Ermənistanın ondan icazəsiz hansısa addım ata bilməyəcəyini göstərdi. Həm də on il əvvəlkindən fərqli olaraq, indi Ankara Moskvanın vacib partnyorlarından biridir. Odur ki, Kreml artıq Türkiyəyə daha çox etibar edir. Bu mənada indiki məqamda Rusiya heç də həmin iki dövlətin əlaqələrinin bərpasının əleyhinə deyil. 

- Yəni Türkiyə ilə Ermənistan əlaqələrinin normallaşması Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunun zəifləməsi demək deyil?

 Bəli. Ən azından ona görə ki, rus sülhməramlıları müvəqqəti olsa da, Qarabağdadırlar. Həmçinin Ermənistan siyasi hakimiyyəti xeyli dərəcədə Moskvadan asılıdır. Təsadüfi deyil ki, son bir ildə Rusiyaya ən çox gedən siyasi lider məhz Ermənistan baş naziri Nikol Paşinyan olub. Bu baxımdan, proseslər Rusiyanın nəzarəti altında olduğu müddət ərzində onun bölgədəki təsir gücünün azalması real deyil. 

- Son proseslər onu deməyə əsas verir ki, Paşinyan Rusiyadan bezib. O, Moskvanın nəzarətindən çıxıb, Ankaranın “çətiri altına” keçməyə çalışa bilərmi?

Dediyiniz kimi, Ermənistan lideri Kremli heç vaxt bəyənməyib. Amma siyasi reallıqlar başqadır. İrəvan Moskvanın maraqlarına zidd davrana bilməz. Paşinyan əvvəl bunu anlamasa da, sonradan ona başa saldılar. İkinci Qarabağ müharibəsi və Rusiyanın 44 gün ərzindəki neeytrallığı Ermənistana yaxşı dərs oldu. İkinci bir tərəfdən, Türkiyə- Ermənistan münasibətlərinin normallaşması özü də sadə proses deyil. Qeyd edim ki, Türkiyə 2007-ci ildə münasibətlərin bərpasına cəhd göstərmişdi. Lakin tərəflər bir-birilərinin tələbləri ilə razılaşmadığı üçün bu, alınmamışdı. Dediyimiz kimi, İkinci Qarabağ müharibəsindən sonra isə yeni reallıqlar yarandı. Lakin yenə də hansısa mərhələdən sonra proseslərin dalana dirənə biləcəyini istisna edə bilmərik. İşğal rejiminin aradan qalxmasına baxmayaraq, başqa maneələr, iddialar da var. Üstəgəl, Ermənistandakı türkəfobiya da siyasi hakimiyyətin əl-qolunu bağlayır. Paşinyan, sözsüz ki, xalqın iradəsini nəzərə almalıdır. Rasional ictimaiyyət Ermənistanın çıxış yolunun Türkiyə ilə əlaqələrdən keçdiyini anlayır. Amma buna qarşı çıxanlar da az deyil. Həmçinin nəticədə Rusiyanın proseslərin inkişafı üçün süni əngəllər yaratması da mümkündür. Məsələn, İrəvan Qərblə daha çox yaxınlaşmağa başlasa, bu, baş tuta bilər. 

- Və bu da Ankara- Moskva münasibətlərinə təsir edəcək...

Əlbəttə. Tərəflər arasında bəzi regionlarda, o cümlədən Suriyada, Liviyada fikir ayrılıqları var. Bu, eskalasiya səviyyəsinə çatsa və ya iqtisadi problemlər yaşansa, digər sahələrə, o cümlədən regiona da təsir edəcək. Bu zaman Rusiyanın Türkiyə- Ermənistan münasibətlərinə mane olması gözləniləndir. 

- Dediyiniz kimi, Ermənistanda Ankara- İrəvan yaxınlaşmasına etiraz edənlər kifayət qədərdir.Belə olan halda Nikol Paşinyanın hakimiyyətinə və şəxsi təhlükəsizliyinə təhdid nə qədərdir?

Belə bir təhdid həmişə olub. Xüsusilə İkinci Qarabağ müharibəsindəki məğlubyyətdən sonra dediyiniz ehtimal daha da artıb. Məsələn, aprıcı radikal qrup olan “Daşnak sütun” partiyasının əsas ideologiyası türklər əleyhinədir. Odur ki, hazırkı proseslərin fonunda daxildə Paşinyan əleyhinə hansısa addımların baş verməsi təəccüblü deyil. Paşinyan administrasiyası, yəqin ki, riskləri nəzərə alıb. Bütün hallarda dediyiniz ehtimalın baş verməyəcəyinə ümid edək. Ən azından ona görə ki, Türkiyə- Ermənistan yaxınlaşması Azərbaycan- Ermənistan əlaqələrinin normallaşması ilə paralel aparılır. Yanvarın 14-də xüsusi nümayəndələrin görüşündə Bakı ilə İrəvan arasında hələlik həllini tapmamış problemlərin, o cümlədən sərhədlərin müəyyənləşməsinin, minalı ərazilərin xəritəsinin verilməsinin, terrorçuların Qarabağdan çıxarılmasının və digər məqamların müzakirə edildiyindən əminəm. 

- Son vaxtlar Ermənistan rəsmiləri ATƏT Minsk Qrupunun yenidən proseslərə qoşulması ilə bağlı müxtəlif bəyanatlar səsləndirirlər. Belə bir vaxtda bu cəhdlər nəyə hesablanıb?

Paşinyan balanslı siyasət yeritməyə, Rusiya ilə Qərb arasında manevr etməyə çalışır. İrəvan ABŞ-ı, Fransanı “küsdürməməyə” çalışır. Onun ATƏT-in Minsk Qrupunu “reanimasiyadan çıxarmaq” haqqında fikirləri də bununla bağlıdır. 

- Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu artıq xüsusi nümayəndələrin ikinci görüşünün anonsunu verib. Bu görüşdə nələr müzakirə edilə bilər?

Bayaq da dediyim kimi, əlaqələrin bərpası kifayət qədər mürəkkəb prosesdir. Türkiyə - Ermənistan əlaqələrinin normallaşması bir-iki görüşlə həll oluna biləcək məsələ deyil. Əsas məqamlardan biri gərginliyin, xalqın həssaslığın aradan qalxmasıdır. Bunun üçün isə vaxt lazımdır. Çox güman, görüşdə sərhədlərin açılması, kommunikasiya xətlərinin bərpası yenidən masaya yatırılacaq. Həmçinin ərazi iddiları, “soyqırım” kimi məqamlara, Azərbaycan- Ermənistan münasibətlərinə toxunulması da mümkündür. Ümumiyyətlə, Ankara- İrəvan əlaqələrinin inkişafı İrəvanla Bakı arasındakı problemlərin həllindən, o cümlədən düşmənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır. 

- Əlaqələrin inkişafının 3+3 formatının reallaşmasına təsiri nədən ibarət olacaq?

Bildiyiniz kimi, regionda sabitliyin, əməkdaşlığın formalaşmasına xidmət edəcək bu ideyanın müəllifi Türkiyədir. Şübhəsiz, Ankara İrəvanı razı salmağa çalışacaq. Fikrimcə, bütün tərəflər bu məsələdə maraqlı olmalıdır. Amma maneələr də var. Birincisi, Rusiya altılıq platformasına o qədər ürəkdən yanaşmır. Gürcüstan da hələlik tərəddüd edir. İranın səmimiliyi isə sual altındadır. Çünki İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqlar Tehranı regional proseslərdən müəyyən qədər uzaqlaşdırıb. 

Kənan Novruzov