Ruhunuz qarşısında farağatıq!

Ruhunuz qarşısında farağatıq!

Bir həftədir ki, hamı onlardan -Tovuz döyüşlərinin şəhidlərindən danışır. Sosial şəbəkələrdə fotoları paylaşılır, xatirələr bölüşülür. 

General Polad Həşimov və polkovnik İlqar Mirzəyev haqqında yazmışam. Amma mayorları da unuda bilməzdim. Anar Novruzovun qızı ilə son yazışması, övladının “Atacan, necəsən? Vəziyyət necədir?” sualının əbədi cavabsız qalması məni bu yazını yazmağa vadar edən əsas məqamlardan biri idi. Cənab mayor qızına qısa cavablar verir, sanki ürəyinə nə isə damıbmış kimi “Nə olub, tez-tez yazırsınız? Xidmət edirəm” deyirdi. Bəli, xidmət edirdi. Son dəqiqəyə kimi də xidmət etdi. Şərəflə, ləyaqətlə, məğrur çiyinlərində gəzdirdiyi ulduzlara layiq formada...

Oxuduğunuz cümlələri qələmə almağıma səbəb olan ikinci amil isə qazaxlı mayor Namiq Əhmədovun dəfnindəki izdiham idi. Elə bil, bütün ölkə Qazaxa yığışmışdı. Yayılan fotolardan da aydın olduğu kimi hər kəs havada dalğalanan üçrəngli bayraqla addımlayır, “Vətən sağ olsun!” nidaları ətrafı bürüyürdü. Deyəsən, şəhid verəndə, həqiqətən, belə olur-vətən sağ olur. Abbas Səhhətin məşhur misraları yada düşür- Torpaq uğrunda ölən varsa, vətəndir!

Əlbəttə, hər kəs kimi sizin də arzularınız, diləkləriniz var idi. Çox güman, bunların xeyli hissəsi də ailələrinizlə bağlıydı. Hər dəfə “Mən xidmətə gedirəm” deyərək evdən çıxanda, ya da qəfil təyin edilən ezamiyyətlərə yollananda bu arzular bir qisim narahatlıq duyğuları ilə əvəz olunurdu. Ailələriniz  arxanızca su tökərək “Təki sağ-salamat get, gəl. Qalan hər şey düzələr...Bizə heç nə lazım deyil” deyirdilər. Əslində qəfil ayrılıqlara da öyrəşmişdilər. Başqa çarələri yox idi. Hər dəfə “ürəklərini yesələr” də, taleyə sığınır, qismətə boyun əyirdilər. Ona görə deyirlər ki, hərbçi yoldaşı olmaq asan deyil. 

Görünür, sizin ən böyük istəyiniz, amalınız qəlbinizin ən dərinində saxladığınız torpaq azadlığı idi. Bunu əməlinizlə göstərdiniz. Dediyim kimi, yəqin, ailəniz, əzizləriniz, yaxınlarınız qəfil ayrılıqlara çoxdan öyrəşmişdilər. Amma indi belə bir ayrılıq...Çox gözlənilməz idi, mayorlar. Çox...Özü də təkcə sizi tanıyanlar yox, bütün respublika üçün.  

Nə edək...Heç olmasa, bir-birinizdən muğayat olun. Eyni ilə döyüş meydanlarında, səngərdə olduğu kimi düşdüyünüz yerdə də bir-birinizi qoruyun, qolluyun. Vətənin taleyindən isə narahat qalmayın. Bir igid ölər, mini doğular...Deməli, ən azı 12 min (rəsmi məlumatlara görə, Tovuz döyüşlərində 12 şəhid vermişik) ərənimiz vətəni müdafiəyə, düşməni pərən-pərən edib, İrəvana qədər getməyə hazırdır. Bircə qalır müharibə əmri...Və şimal küləklərinin gilavarla əvəzlənməsi...Axı döyüş bayrağını dalğalandıran həm də bayraqdır...

Cənab mayorlar, bir həftədir ki, təkcə bir bölük, bir diviziya, bir hərbi hissə yox, bütöv bir respublika, on milyon əhali “farağat” vəziyyətindədir sizin və döyüş yoldaşlarınızın ruhunuz qarşısında. Gözünüz arxada qalmasın. Torpaqlarımızı azad etmədikcə, sizin qisasınızı almadıqca biz “rahat!” komandasını eşitməyəcək, rahat olmayacağıq. 

 Ehtiyatda olan mayor oğlu, hərbi mükəlləfiyyətçi Kənan Novruzov