Rənglərin həyatımıza müsbət və mənfi təsirləri

Rənglərin həyatımıza  müsbət və mənfi təsirləri

Ətrafımızda olan bütün varlıqların özünəməxsus rəngi vardır. Belə desək, ətrafımız müxtəlif rənglərdən ibarətdir.

Ən qədim zamanlardan insanlar rənglərin təsirləriylə bağlı mülahizələr irəli sürüb. Rənglərə müəyyən məna yükləmək ilk dəfə qərb mədəniyyətində formalaşıb. Daha sonra müasir psixoloji araşdırmalar və müşahidələr də rənglərin insan üzərində təsirinin mövcudluluğunu sübuta yetirmişdir.

Heç düşünmüsünüz ki, nəyə görə xəstəxanalar ağ rəngdə boyanır? Əməliyyatxanalarda niyə yaşıl və mavi rənglər istifadə edilir? Nəyə görə insanın ibtidai siniflərdən başlayaraq  mavi rəngli qələmdən istifadəsinə üstünlük verilir? Nə üçün məşhur içki və yemək şirkətlərinin loqolarında qırmızı rəngin istifadəsi geniş yayılıb? Bu siyahını uzatmaq olar. Rənglərin hər birinin fərqli xüsusiyyətləri olduğuna görə bu sualların da özünəməxsus cavabları vardır. 24Media sizə bu sualların cavablarını təqdim edir:

Ağ rəng təxmin edildiyi kimi saflığın və təmizliyin rəngi kimi xarakterizə edilir. Bu rəngin xəstəxanalar kimi gigiyenik, sanitar yerlərdə istifadəsi də təsadüfi deyil. İlk baxışdan ağ rəng insanda təmizlik, gigiyena təssəvvürü formalaşdırır. Ağ rəng ədalət, sülh, bərabərlik və azadlığın rəmzidir. Aparılan araşdırmalar göstərir ki, ağ rəng insanlar arasında həm də yeni başlanğıcların rəngi kimi qəbul edilir.

Mavi yaradıcılığın, qərarlılığın və sədaqətin rəngidir. Bu rəng insanda iştahın azalmasına səbəb olduğu üçün restoranlarda istifadəsi arzuolunan deyil. Digər rənglərlə müqayisədə, mavi rəng daha yaddaqalan olduğundan təhsil-tədris prossesində bu rəngdə qələmlərin istifadəsinə üstünlük verilir. Eyni zamanda diqqət etmisinizsə, əməliyyatxanada həkim önlükləri daha çox mavi, yaşıl rənglərdə olur. Nəzərə alsaq ki, əməliyyat zamanı həkim bir nöqtəyə uzun müddət fokuslanaraq işini görür, bu zaman nəticəsi heç də yaxşı olmayan göz yanılması dediyimiz hadisə baş verə bilər. Mavi-yaşıl tonları qırmızıya qarşı rəng kimi qəbul edilir. Buna görə, həkim gözünü bir neçə saniyəliyə qandan ayırıb, mavi rəngə baxarsa, göz yanılmasının qarşısını almış olar.

Qırmızı iradə, enerji, sevgi, təhlükə, aqresiya rəngi kimi xarakterizə edilir. Mavi rəngin əksinə, qırmızı rəng insanlarda iştahın artmasına səbəb olur. Buna görə də məşhur içki və yemək firmalarının loqolarında daha çox istifadə edilir. Həddən artıq qırmızı rənglə əhatə olunmaq insanları narahat edə və əsəbləşdirə bilər. Müəllimlərin şagirdlərin etdiyi səhvləri düzəldərkən bu rəngə üstünlük verməsinin səbəbi qırmızının təhlükəni hiss etdirməsidir. Araşdırmalar göstərir ki, dünyada oğurlanan avtomobillər arasında rəngi qırmızı olanlar daha çoxdur. Bu da qırmıızının cəlbedici xüsusiyyəti ilə bağlıdır.

Yaşıl harmoniya, rahatlıq, bolluq, gənclik və ümidin simvoludur. Bu rəng insanlarda inam oyadır. Ona görə də dünyada bank loqolarında ən çox istifadə edilən ikinci rəngdir(birincisi ağ rəngdir). Yaşıl insanlarda görmə gücünü artırır və gözləri sakitləşdirir. İş prossesi ağır olan şirkətlər yaşılın əsəbləri sakitləşdirmə xüsusiyyətindən istifadə edərək, ofis dizaynı və aksesuarlarda bu rəngə üstünlük verir. Yaşıl təbiətin rəngi olaraq qəbul edildiyindən insana doğmalıq duyğusu aşılayır.

Sarı varlıq, xoşbəxtlik, əyləncə və ağılı simvolizə edən rəngdir. Sarı yeniliyin rəngi kimi qəbul edilir. Bu rəng beyinə məlumatın daha tez ötürülməsinə və yenilənməsinə yardım edir. Məhz, buna görə diqqət etmisinizsə, izlədiyimiz altyazılı proqram, serial və ya filmlərdə ən çox müraciət edilən rəngdir. Sarı rəng digər rənglərlə müqayisədə daha gözəçarpan olduğundan görmə qüsuru olan şəxslər üçün ayrılmış zolaqlar bu rəngdə boyanır. Bununla da diqqət cəlb edərək, görmə qüsuru olmayan şəxslərin bu zolaqlardan istifadə etməsinin qarşısını alır. Qırmızının əksinə sarı qəlbin deyil, ağlın rəngidir.

Çəhrayı romantika, zəriflik, mərhəmət və anlayışın rəngi kimi xarakterizə edilir. İnsanlar arasında yalnız qırmızının sevgi rəngi olaraq adlandırılması yanlışdır. Düzdür, qırmızı sevginin rəngidir amma əsl, qeyd-şərtsiz sevginin rəngi məhz çəhrayıdır. ABŞ, İsveçrə, İngiltərə, Almaniya, Poloniyada həddindən artıq aqresiv məhkumlar bir müddət çəhrayı rəngli otaqlarda saxlanılır. Bunun səbəbi isə, çəhrayının sakitləşdirici xüsusiyyətinin olmasıdır. Diqqət etmisinizsə, xeyriyyə təşkilatlarının loqolarında bu rəngə tez-tez müraciət edilir. Bu da mərhəmət duyğusunu aşılamaq məqsədi güdür.

Qara ciddilik, zərafət, qorxunu təcəssüm edir. Bu rəng əhatəsi çərçivəsində insanın özünü və ətrafındakıları idarə etmək zərurəti yaradır. Mental baxımdan ağır rəng olduğundan, həddən artıq qara rəngin istifadəsi depresiyaya, neqativ enerjilərə səbəb ola bilər.

Qara ona qarşı rəng olan ağ ilə birləşdikdə müzakirə atmosferi yaratmaq xüsusiyyətinə malikdir. Buna görə bir çox debat mahiyyətli layihələrdə bu iki rəngdən çox istifadə edilir. Qırmızının əksinə, qara daha çox pis günlərin simvolu kimi qəbul edilir.

Rənglərin bizə qatdıqları abu-hava, təsirləri ümid edirəm ki, həyatımıza hər zaman müsbət enerji kimi yansıyar. Diləyirəm, həyatınızın bir çox anlarına ağ rəngin ədaləti, mavinin sədaqəti, yaşıl rəngin bərəkəti, qırmızının enerjisi, sarının xoşbəxtliyi, çəhrayının mərhəməti və qara rəngin zərafəti yansıyar.