Qırğızıstan ilə Tacikistan arasında atəşkəs barədə razılıq əldə edilib

Qırğızıstan ilə Tacikistan arasında atəşkəs barədə razılıq əldə edilib

Qırğızıstan ilə Tacikistan arasında bu gün yerli vaxtla saat 20:00-dan etibarən atəşkəs ilə bağlı razılıq əldə edilib. Hər iki ölkənin hərbi qüvvələri əvvəlki mövqelərinə qayıdıb.

24Media Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı razılaşma Qırğızıstanın və Tacikistanın xarici işlər nazirləri Ruslan Kazakbayev və Sirojiddin Muxiddin arasında aparılan danışıqların nəticəsində əldə edilib.

Dünən axşamdan başlayan qarşıdurmada bir nəfər ölüb, 46 nəfər yaralanıb. Qırğızıstan tərəfi münaqişə zonasından 400-dən çox insanı təhlükəsiz ərazilərə köçürüb.

Xatırladırıq ki, qarşıdurma Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb. Tacikistan tərəfi qırğız kəndinin əhalisini daşa tutub, ov tüfənglərindən atəş açıb.