"Qazi: Döyüşə gedəndə evə demədim..." - MÜSAHİBƏ

24Media-nın bugünkü müsahibi Vətən müharibəsi iştirakçısı, qazi Yaşar Əliyevdir. 

Əliyev Yaşar Müseyib oğlu 1984-cü ildə Daşkəsən rayonunda anadan olub:

- 2014-cü ildən ordu sıralarına MAXE olaraq qoşulmuşam, hazırda 7 illik xidmətim var. Murov-Kəlbəcər istiqamətində döyüşdə oldum. Yaşlı anam, 2 övladım var. Elə ona görə, ürəklərinə xal düşməsin deyə, döyüşə gedəndə evə demədim, evdə ərzaq daşımağa gedəcəyimi söylədim. Hədəfimiz yalnız düşmənin başını əzmək idi. Müharibənin ilk günündən döyüşə qatıldım. Çox gərgin döyüş gedirdi, güllələr yağırdı. 

Bizə 2 gün istirahət verdilər, sıldırım qayaların arasında yatırdıq. Durbinlə snayperin bizi haradan hədəf aldığını görmək üçün boylandım. Elə həmin an əlimdən snayperlə vurdular. Düşündüm ki, əlimdir, heç nə olmaz. İstədim yerimi dəyişim, onda da kürəyimdən güllə yağdırmağa başladılar. Musayev Anar vardı. Mənə yaxınlaşıb halımı soruşdu, ilkin tibbi müdaxilə etdi. Daha sonra həkimlər bizə yardım etdi, bizi xəstəxanaya çatdırdılar. 

Əlimdən yara aldıqdan sonra xəstəxanaya yerləşdirildim.

Yaşar Əliyev torpaqlarımız azad olunduğuna görə özünü çox xoşbəxt hiss edir: 

-Bu günə çox şükür! İllərdir torpaq həsrətiylə yaşayan xalqımızın həsrəti nəhayət ki, sona çatdı. Qələbədə mənim də payımın olması məni çox sevindirir, qürurlandırır. Mən cənab prezidentə, onun ailəsinə can sağlığı arzu edirəm. 

Əsgərimizin anası Minayə xalayla da həmsöhbət olduq. Bir ana olaraq oğluyla fəxr etdiyini söyləyən Minayə xalanın da, Vətənə olan böyük sevgisini gördük: - Hərbiyə getməyə çox həvəsli idi. Döyüşə gedəndə demədi mənə. Sadəcə dedi ki, mən dağa qalxıram, zəng çatmasa, məndən sarı narahat qalmayın. 3-4 gün sonra zəng etdik, zəng çatmırdı, çox narahat qaldıq. Sonra bildik ki, yaralıdır. Şəhid analarına cansağlığı arzu edirəm, onların qarşısında baş əyirəm.