"Qardaşımla qürur duyuram" - MÜSAHİBƏ

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik zirvəsinə yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlarımız oldu. 24Media-nın budəfəki müsahibləri 2787 qəhrəmandan biri olan Həsənov Xəyal Zeynəddin oğlunun anası Xatirə xanım və bacısı Şərifə xanımdır.

16 aprel 2001-ci ildə dünyaya göz açan, Göyçay rayonunun Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin məzunu şəhid Həsənov Xəyal Zeynəddin oğlu peşə liseyini bitirmədən könüllü olaraq orduya yazılıb. Ermənilərin təxribatından sonra isə öz istəyi ilə ön cəbhəyə yollanıb.

 

                             

Şəhidimizin anası Xatirə xanım fəxrlə oğlu haqqında hisslərini belə dilə gətirdi: 

" Mənim oğlum vətənpərvər idi. Uşaq vaxtından bəri oyuncaq avtomatla dava-dava oynayırdı. Vətənini çox sevirdi, Vətən uğrunda da qəhrəmancasına şəhid oldu".

"Böyük Vətən" amalı ilə şəhidlik zirvəsinə yüksələn igidin bacısı Həsənova Şərifə isə qardaşı haqqında xatirələrini bölüşdü: 

"Qardaşım Suqovuşan-Talış istiqamətindəki döyüşlərdə iştirak etmək üçün öz ərizəsi ilə ön cəbhəyə gedib. Şəhid olandan sonra qardaşımın zabitinə zəng etmişdik. Telefon danışığında dedi ki, döyüş bölgəsində, Vətən uğrunda qəhrəmancasına şəhid olub. Hansı şəraitdə şəhid olduğu barədə məlumatımız yoxdur. 
Əsgərliyə gedəndən sonra yanına getmək istəsək də, icazə vermirdi. Sentyabr ayının ilk həftəsində atam yanına getmişdi". 

Şəhid bacısı müsahibəsində bildirib ki, qardaşı telefon zənglərində həmişə yaxşı olduğunu deyirdi:

"Oktyabr ayının 12-si bizimlə telefonda danışmışdı. Deyirdi ki, çox yaxşıyam, narahat olmayın. Cəbhədə qalıb işləmək fikri də var idi. Müharibə müddətində həmişə yaxşı olduğunu söyləyirdi. Lakin səhər tezdən kənd bələdiyyəsi, həmçinin əmim dedi ki, qardaşım şəhid olub.
Qələbə xəbərlərini eşidəndə çox sevindik, qürur duyduq. Heç bir şəhidin qanı yerdə qalmadı. Bir anlıq qardaşımı görsəydim, ona deyəcək çox sözlərim olardı. Ona demək istəyərdim ki, şükürlər olsun, qardaşım, qanın yerdə qalmadı!
Əvvəllər şəhid bacılarına həsəd aparırdım ki, qardaşları ən yüksək zirvədən onlara baxır. Mənim qardaşım da o pilləyə yüksəldi. Düzü, çətindir. Amma qardaşım ilə çox qürur duyuram".

                           

Qeyd edək ki, Xəyal Həsənov Zeynəddin oğlu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.