Qarabağın erməni işğalından azad olunması İran - Azərbaycan münasibətlərinə necə təsir göstərəcək?

Qarabağın erməni işğalından azad olunması İran - Azərbaycan münasibətlərinə necə təsir göstərəcək?

Əlbəttə, Azərbaycanla – Ermənistan arasında son iki ayda baş verən müharibə və Azərbaycan torpaqlarının işğaldan azad olunması yenə də diqqət mərkəzindədir və heç şübhəsiz, hələ uzun müddət politoloq və mütəxəssislərin müzakirə mövzusu olacaq.

Azərbaycanın öz əzəli torpaqlarını geri qaytarması cənab İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrində qeyd etdiyi kimi, regionda yeni geostrateji şərait və qüvvələr balansının yaranması ilə nəticələndi. Azərbaycan və Türkiyə bölgədə oyun qaydalarını dəyişdirən faktorlara çevrilirlər. Bu, eyni zamanda Rusiya tərəfindən də normal qarşılanır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə görə, SSRİ-nin dağılmasından doğan reallıqdır və istəyib-istəməmələrindən asılı olmayaraq həm regional, həm də beynəlxalq qüvvələr bu reallıqla razılaşmaq məcburiyyətindədirlər. Yeni yaranmaqda olan şəraitin bəzi dövlətlərin maraqlarına zidd olduğuna görə süni surətdə mane olmaq cəhdləri nəticə verməyəcək.
 

Ermənistan təbliğat maşını bütün istiqamətlər üzrə fəaliyyət göstərərək Azərbaycan ordusunun bu möhtəşəm qələbəsini kiçiltmək məqsədi ilə bu zəfərin region dövlətləri, xüsusən İrana qarşı yönələn təhlükə olduğunu vurğulayırlar. Döyüşlərin davam etdiyi 44 gün ərzində İranın siyasi və həm də hərbi dairələrindən istədikləri yardımı almadıqlarına baxmayaraq onlar İran cəmiyyətini Azərbaycana qarşı qaldırmaq üçün yeni-yeni təşəbbüslər edirlər.
 

Erməni siyasətçilər öz nəzarəti altında olan kütləvi informasiya vasitələrində torpaqlarımızın işğaldan azad olunmasını İran üçün ciddi-strateji təhlükə hesab edir və bunu sübutu kimi gülünc dəlillər gətirirlər. "Euroactiv” saytında Dnyaneş Kamat adlı bir müəllifin yazısında gətirilən dəlillər dediklərimizin əyani sübutudur. Müəllif Dağlıq Qarabağın işğaldan azad olunmasınin İran üçün ciddi təhlükə olacağını çox gülünc və ucuz misallarla əsaslandırır. Bu sübutlardan birini nəzərdən keçirməklə erməni təəssüblü Kamatın sonrakı dəlillərinin də puç və əsassız olduğunun şahidi ola bilərik. Kamatın fərziiyyəsinə görə, Azərbaycan - İran arasında işğal olunmuş torpaqlar hesabına sərhədlərin uzanması İsrailə İrana qarşı kəşfiyyat aparmaq üçün daha geniş ərazi verəcək. Məntiqsizliyin bu dərəcəyə çatması həqiqətən təəccüblüdür. Sanki hərbi texnologiyaların və xüsusən İsrail hərbi sənayesinin bugünkü inkişafı fonunda İsraillilər gəlib Azərbaycan - İran sərhədində müşahidə məntəqələri quraraq durbinlə İranda baş verənləri müşahidə edəcək.
 

Erməniləri narahat edən məsələ tamam fərqlidir. Onlar Qarabağın işğaldan azad olunmasını Azərbaycanla İran arasında münasibətlərin daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə görə narahatdırlar. Qeyd etdiyimiz kimi hələ müharibənin gedişində İranda mövcud siyasi qüvvələrin demək olar ki, hamısı Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün başladığı mübarizəni dəstəklədiklərini bildirmiş, ermənilərin işğalçı olduqlarını dolayı yolla təsdiqləmişlər. Ermənistana müxtəlif yollarla göndərilən maşın karvanlarının da qarşısı alınmış və erməni separatçıları ümid etdikləri yardımdan məhrum olmuşlar. İş o yerə çatıb ki, canlarını qurtarmaq üçün Araz çayını keçən erməni əsgərlərindən hələ də xəbər yoxdur.
 

Ermənilərin ucuz və qərəzli iddiaalarının əksinə olaraq hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həll olması ilə Azərbaycanla – İran arasında mövcud olan ən böyük narazılıq aradan qaldırılmış olur. Bildiyimiz kimi, biz həmişə Azərbaycan - Ermənistan münaqişəsində İranın Ermənistanı dəstəkləməsi ilə əlaqədar narazılıq bildirirdik və davamlı olaraq İrandan - Ermənistana göndərilən maşın karvanlarının videoları sosial şəbəkələrimizdə də nümayiş etdirilirdi. Bu videoların demək olar ki, hamısı elə Ürmənistan xüsusi xidmət orqanları tərəfindən məqsədyönlü şəkildə Azərbaycan hakimiyyəti və ictimaiyyətində İrana qarşı qıcıq yaratmaq üçün efirə buraxılırdı. Beləliklə, işğal altında olan torpaqlarımızın azad olunması ilə erməni təbliğat maşının ən böyük alətini əlindən alındı.