“Qarabağın adı gələndə qəlbim titrəyir” - sosial media mütəxəssisi ilə MÜSAHİBƏ

“Qarabağın adı gələndə qəlbim titrəyir” - sosial media mütəxəssisi ilə MÜSAHİBƏ

Əksər dövlətlər ənənəvi müharibədən çox informasiya müharibəsinə üstünlük verirlər. Son illər dünyada informasiya müharibəsinin təsir imkanları olduqca genişlənib. Sentyabrın 27-dən - Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qaldığı dövrdən aktiv formada informasiya müharibəsi aparır.

24Media-nın Azərbaycanın infomasiya müharibəsindəki vəziyyəti ilə bağlı suallarını “Mediamark Digital Agency” şirkətinin təsisçisi, "Eleven Kings" platformasının qurucusu, sosial media mütəxəssisi Orxan Rzayev cavablandırıb.

İnformasiya müharibəsi nədir? İnformasiya müharibəsi yalnız müharibə gedən ölkələr üçünmü aktualdır?

- İnformasiya əsrində yaşadığımız üçün gördüyümüz bütün işlər rəqəmsal platformalarda bu və ya digər formada öz əksini tapır və tapmalıdır da. Mövzu müharibədirsə bu gün müharibə təkcə ön cəbhədə hərbçilərin, silahların mübarizəsi deyil, həm də informasiya cəbhəsində mübarizə deməkdir. Çünki baş verənləri beynəlxalq ictimaiyyətə çatdırmaq, həqiqətləri göstərmək, təxribatların qarşısını almaq lazımdır. "İnformasiya müharibəsi" qarşılıqlı mübarizə, müharibə gedən hər bir yerdə baş verir.


Düzgün informasiyanın önəmini son zamanlarda daha çox anlayırıq, dezinformasiyanın yayılmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

- Dezinformasiyanın qarşısını almağın yolu həmin məlumatlara qarşı tutarlı, əsaslı arqumentlər gətirmək və bunu operativ şəkildə və böyük auditoriyalara çatacaq şəkildə etmək lazımdır. Bu gün biz "Twitter"də bunun uğurlu nümunələrini görürük. Paylaşılan hansısa təxribat yönümlü məlumatlara qarşı istifadəçilərimiz operativ və çoxlu sayda paylaşımlar edərək qarşı tərəfi susdura bilir.


Hazırda "Twitter"də aparılan informasiya müharibəsi daha ön plandadır. Bəs siz necə, izləyicilərinizlə birlikdə nə edirsiniz?

- Mən "Twitter" platformasından artıq 10 ildir istifadə edirəm. Həmçinin 2016-cı ildə "Mediamark" sosial media agentliyini təsis etmişik. Yəni bizim işimiz budur, sosial media ilə işləmək. Ona görə hazırda proseslərə adekvat reaksiya vermək bizim komandamız üçün daha rahatdır. Müharibə başlayan gündən insanlarımızı maarifləndirmək üçün Orkhanrza.com bloqunda, "Facebook", "Instagram" və "Twitter" profillərimizdə məlumatlar, infoqrafikalar paylaşırıq, TV və radio proqramlarında çıxış edirik, həmçinin istifadəçilər tərəfindən paylaşılan məlumatlara dəstək olmaqla daha böyük auditoriyaya çatmasına nail olmağa çalışırıq.


Sentyabrın 27-dən bu yana sosial media aktivistlərinin işini necə qiymətləndirirsiniz?

- Sosial media istifadəçilərimiz müharibə başlayan gündən çox ciddi aktivlik nümayiş etdirir. Buna görə də dünyanın hər yerinə haqq səsimizi çatdırmağa nail oluruq. Səhv edən media orqanlarını, məşhur şəxsləri, şirkətləri üzr istəmyə, səhvlərini düzəltməyə məcbur edirik. Bunlar informasiya müharibəsindəki uğurlardır.

Sosial şəbəkələrə müəyyən qadağalar, məhdudiyyətlər tətbiq edildi, sizcə, bu, düzgündürmü?

- Hər bir sosial media platforması öz istifadəçilərinin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün müxtəlif məhdudiyyətlər və qadağalar tətbiq edir. Yəni kimsə başqasını narahat etməsin, əhvalını korlayacaq məlumatı onun qarşısına çıxarmasın, şəxsi məlumatları başqaları tərəfindən ələ keçirilməsin, yayılmasın və s. Həmçinin aqressiv paylaşımlar, dezinformasiyalar və s. ilə bağlı da məhdudiyyətlər tətbiq edilir. Dediyim kimi, bunlar hamısı istifadəçinin təhlükəsizliyi üçündür. Hazırkı şəraitdə bəzi istifadəçilərimiz düşmənin ünvanına kobud sözlər, təhqirlər paylaşır deyə, ölü, yaralı şəkilləri paylaşır deyə sosial şəbəkələr belə profilləri bloklaya bilir. Digər tərəfdən məlumatlar var ki, "Facebook"da, "Instagram"da çalışan erməni işçilərin təsiri ilə bir çox azərbaycanlı profillər haqsız yerə bloklanır. Təəssüf ki, belə halların da baş verdiyi görünür.


Qarabağ tam azad olunandan sonra orada nəsə etmək arzunuz varmı?

- Mənim nə valideynlərim, nə babalarım, nə də onların babaları Qarabağ bölgəsindən deyil. Amma Qarabağ adı, işğaldan azad olunan kənd və şəhərlərin adı gələndə qəlbim titrəyir. Çünki bu, hər bir azərbaycanlı üçün şərəf məsələsidir. Biz bu gün həyatımızın ən şanlı günlərini yaşayırıq. Bilirsiniz, hazırda məşğul olduğum biznes "Eleven Kings" mobil oyun biznesidir və ofisi İsveçrədə yerləşir. İkinci ofisi Şuşada açmaq, məsələn, möhtəşəm bir hadisə olar və ya "Eleven Kings"in Ronaldinyo ilə birgə açılışını Şuşa şəhərində etmək fantastik olar. Ötən ilə kimi bunlar xəyal idi, amma artıq bunun olacağına böyük inamımız var. Torpaqlarımız işğaldan azad olunduqdan sonra startap ekosisteminin, texnologiya mərkəzlərinin orada qurulmasına böyük dəstək vermək istəyərəm. Hazırda isə arzumuz, dualarımız ön cəbhədə döyüşən hərbçilərimizlədir. Şad xəbərləri gözləyirik!