Qarabağa doğru inamla irəliləyirik

Qarabağa doğru inamla irəliləyirik

"Biz işğaldan azad olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin yerləri cənnətə çevirəcəyik. O torpaqlar canlanacaq, ora həyat, uşaqların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar"

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də dediyi kimi biz Qarabağa qayıdacağıq, düşmənin dağıtdığı yerləri yenidən quracaq, o yerlərə həyat verəcəyik. 

Qarabağ tamamilə işğaldan azad olunandan sonra Azərbaycan həqiqi mənada xoşbəxtlər ölkəsi olacaq. Necə ki, yarası olan bir insan dirçələ, ayaqda sağlam dura bilmirsə, Azərbaycan da Qarabağsız tam ola, çiçəklənə bilmirdi. Məncə, bütün ölkədə olan problemlər bizim illərdir sağalmayan yaramız olan Qarabağdan sonra öz həllini tapacaq. Hər fürsətdə Qarabağı həll edilməz, imkansız bir məsələ kimi ortaya atan, sözdə xalqını düşünən, əslində isə ortalığı qızışdıran, millətini, ələlxüsus öz mənəviyyatını, heysiyyətini, şərəfini iki qəpiyə satan insanlardan da yaxamızı qurtarmış olacağıq. Hansı ki, onlar həmişə bizi, millətimizi ən həssas yerimizdən - Qarabağdan vururdular. Artıq alnı-açıq, başı dik gəzəcəyik hər yeri. İki qat fəxrlə "MƏN AZƏRBAYCANLIYAM" deyə biləcəyik. Bütün dünya başa düşəcək, anlayacaq ki, biz: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir",- deyəndə söz olsun deyə demirdik.

İllərlə gözləməyimizin, səbr etməyimizin səbəbi münaqişənin sülh yolu ilə həll olunacağına inamımızın olması idi. Çünki bu yöndə müəyyən irəliləyişlər əldə olunmuşdu. Lakin sonra təəssüflər olsun ki, Ermənistan tərəfi problemin həll olunması istiqamətinə yönəlmiş müsbət fikirlərindən daşındı. N.Paşinyanın "Qarabağ Ermənistandır" deməsi isə münaqişənin sülh yolu ilə həll edilməsinə dair bütün fikirlərə nöqtə qoydu. Düşmən tərəf uzun zaman susmağımızın səbəbini onların bizdən güclü olmasında, ya da bu məsələnin get-gedə tarixə qarışmasında görürdü. Onlar elə bilirdi ki, necə gəlibsə, elə gedəcək, Azərbaycan da susmağa, səbr etməyə davam edəcək. Bu iş də burada unudulub gedəcəkdi. O qədər arxayınlaşmışdılar ki, torpaqlarımızın 20 faizini işğal altında saxlamalarına rəğmən, təxribatlar törədərək yeni ərazilər işğal etmək niyyəti güdürdülər. Bəs, görəsən Ermənistanın bu qədər özünə əmin olmasının səbəbi nə idi? Buna cavab olaraq sadəcə bir şey demək olar. Bütün törətdikləri cinayətlərə baxmayaraq dünya ictimaiyyətinin qınağına məruz qalmadılar. Onlara heç bir təzyiq göstərilmədi. Hər hansı sahədə sanksiya tətbiq olunmadı. Qısacası, yollarına heç kim daş qoymadı. Onlar da özlərini haqlı bilərək çirkin əməllərinə davam etdilər... 

Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş bütün qərar və qətnamələrin sadəcə kağız üstündə qalması bu məsələnin yalnız və yalnız hərbi yol ilə həll edilməsi gerçəyini ortaya çıxardı. Azərbaycan illərdir səbr nümayiş etdirərək heç bir hərbi güc tətbiq etmədi. İşin bu yerə gəlib çatmasının tək səbəbkarı isə təbii ki, bütün beynəlxalq hüquq normalarını pozan Ermənistandır.

Artıq bütün dünyaya məlum olan tək gerçək var - Qarabağ Azərbaycandır! Buna görə Azərbaycan onu işğalçılardan təmizləyəcək. Həmin yolda müvəffəqiyyətlə irəliləyir və irəliləməyə də davam edəcək.

30 ilə yaxındır Azərbaycan xalqının ən böyük arzusu o idi ki, üçrəngli bayrağımız Qarabağda dalğalansın. Artıq arzumuz demək olar ki, reallaşıb. Ordumuz düşmən tapdağından azad olunan yerlərdə bayrağımızı ucaldıb, ucaltmağa da davam edəcək. Bu isə artıq qələbə deməkdir. Qələbə hər addımda bizimlədir. Ordumuzun gücü, xalqımızın birliyi, dövlət başçımız Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində 30 ilə yaxındır düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunur.

Şanlı ordumuzun qısa müddət ərzində bu qədər ərazini işğaldan azad etməsi sübut edir ki, Qarabağa doğru yoldayıq və böyük zəfərə çox az qalıb. Qarabağ Azərbaycandır ! Biz onun heç bir qarışını Ermənistana güzəştə getməyəcəyik. Qələbə bizimlədir!