Qara Qarayev: "Ən yaxşı hazırlıq matçlarından biri olacaq"

Qara Qarayev:

"Burada olmağın sevincini yaşayırıq. Türkiyə ilə görüş bizim üçün xüsusi önəm kəsb edir. Burada məğlub komanda olmayacaq. Arzu edirəm ki, ən yaxşı hazırlıq matçlarından biri olacaq".

24Media xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Qara Qarayev Türkiyə ilə yoldaşlıq oyunundan öncə mətbuat konfransında deyib.

29 yaşlı yaımmüdafiəçi bildirib ki, heyətdə zədəli futbolçu yoxdur: "Hər oyunda məqsədimiz qələbədir. Bizi maraqlı oyun gözləyir. Yoldaşlıq görüşləri seçmə mərhələ oyunlarına hazırlıq baxımından önəmlidir.

O eyni zamanda çempionluq mübarizəsində "Neftçi"yə məğlubiyyəti də şərh edib: "Ağır mövsüm keçirdik. Ardıcıl 7 çempionluqdan sonra 2-ci yeri tutduq. Burada olmağımız həmin çətinliyi unutdurdu. Yığma üzvləri ilə yaxşı münasibətlərimiz var. Çempionatda rəqib olsaq da, burada yumruq kimiyik. Hər şey Bakıda qaldı. Çempionluq münasibətilə "Neftçi" camiəsini təbrik etdik. Bizə yaraşan da budur".

Futbolçu "Qarabağ"ın avrokuboklardakı çıxışını da dəyərləndirib: "7 ildir avrokubokların qrupunda oynayırıq. Bu, bizim üçün böyük uğurdur. Bu mövsüm Bakıda oynaya, istədiyimiz kimi mübarizə apara bilmədik. Matçlarımızı Türkiyədə keçirməyə qərar verdik. Buradakı görüşlərin Bakıdakılardan heç bir fərqi olmadı. Özümüzü evimizdəki kimi hiss etdik. Bugünədək bizimlə eyni qrupda oynamış bir çox komanda finala vəsiqə qazanıb. Düşünürəm ki, bizim üçün də xüsusi gündür"

Qeyd edək ki, mayın 27-də Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.