“Qalatasaray” Bakıya 45 nəfərlə gəlir

“Qalatasaray” Bakıya 45 nəfərlə gəlir

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ı Bakıya 45 nəfərlik nümayəndə heyəti ilə gələcək.

Bu barədə 24Media-ya flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, heyətdəkilərdən 23-ü futbolçudur. Həmin oyunçular adları UEFA-ya sifariş edilənlərdən ibarətdir.  

Qalan 22 nəfər arasında İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz olmayacaq. Əvəzində klubun vitse-prezidenti Abdurrahim Albayrak nümayəndə heyətinin tərkibində yer alıb.

Sentyabrın 16-da çarter reysli təyyarə ilə Bakıya yola düşəcək "Qalatasaray" təqribən saat 15 radələrində Heydər Əliyev adına Beynəlxalq Aeroportunda olacaq. Saat 18:00-da baş məşqçi Fatih Terim oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda media önünə çıxacaq. Bundan yarım saat sonra "sarı-qırmızılar"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq. 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.