“Qəzetçilik jurnalistikanın ən elitar formasıdır” – Akif Aşırlı ilə MÜSAHİBƏ

“Qəzetçilik  jurnalistikanın ən elitar formasıdır” – Akif Aşırlı ilə MÜSAHİBƏ

Azərbaycanın "Əkinçi"dən başlayan qəzetçilik irsi, 146 illik bir mətbuat tarixi var. Nə yaxşı ki, tarixçilər və dövrün tədqiqatçıları həmin mətbuatı və  dövrün qəzetlərini araşdırıb gələcək nəslin bundan xəbərdar olması üçün əllərindən gələni ediblər. O dövrdə dərc olunan qəzetlərin hər biri haqqında kifayət qədər məlumata sahibik. Ancaq o qəzetlərin hər birinin tarixi qəzet bağlandıqdan sonra tədqiq olunub. 

Biz də 24Media olaraq öz növbəmizdə günümüzdə dərc olunan qəzetlər haqqında kiçik araşdırma etmək qərarına gəldik.
Sözügedən rubrikamızın növbəti iştirakçısı "Şərq" qəzetidir. Müsahibimiz isə "Şərq" qəzetinin qurucusu, eyni zamanda, onun baş redaktoru Akif Aşırlıdır.

-Akif bəy, etiraz etmirsinizsə sizinlə biraz "Şərq" haqqında söhbətləşək.

"Əlbəttə, buyurun".

-Akif bəy, necə oldu ki, "Şərq" adlı qəzet təsis etmək qərarına gəldiniz?

"Qəzet 1994-cü ildə təsis olunub. O zaman biz yalnız 6 say dərc etdirə bildik. Çünki həmin dönəmdə senzura çox kəskin idi".

-Qəzetin tipi və onun informasiya siyasəti necədir?

"Şərq daha çox xəbərə önəm verən informativ quruluşa malik idi. O dövrdə internet yox idi. Yeni media ənənələri yaranmamışdı. Sadəcə klassik qəzetçilik ənənələrinə söykənərək bu qəzeti yaratdıq. İctimai-siyasi müstəqil qəzetdir. Rəngli formatda çap olunur.

Siyasi partiyalara meyl göstərməyən yeganə qəzetlərdən biri də "Şərq" qəzeti olub. Bu gün də qəzet mövcud şərtlər və şərait çərçivəsində öz müstəqilliyini qoruyub-saxlayır.

Biz cəmiyyət üçün öz aktuallığını və tarixiliyini saxlayan xəbərlər veririk. Ancaq xəbər siyasəti ilə məşğul olmuruq. Xəbərlərlə "Şərq"in saytı məşğul olur. Adətən biz həmin xəbərləri detallı olaraq şərh və araşdırma formasında dərc edirik. Əsasən müsahibələrə, analitik yazılara və s. üstünlük veririk.
Yəni qəzetlərin hazırda xəbər vermə imkanı məhduddur. Bu, texnologiyanın günü-gündən inkişafı ilə bağlı olan bir məsələdir. Ancaq biz hələ də çalışırıq ki, qəzetin oxunaqlı, maraqlı və klassik qəzetçilik prinsiplərini qoruyub-saxlayaq".


-Qeyd etdiniz ki, qəzet yarananda sadəcə 6 sayı çıxıb. Bəs nə zaman onu yenidən bərpa edə bildiniz?

"1996-cı ildə yenidən qeydiyyata alındıq. O zaman qəzet həftədə bir dəfə nəşr olunurdu. Sadəcə 4 səhifədən ibarət idi.
Sonra 1997-ci ildə biz qəzeti həftədə iki dəfə nəşr etdirdik. Daha sonra tədricən həftədə 3 dəfəyə keçdik. 2001-ci ildən isə gündəlik nəşr olunmağa başladıq".


-Müxtəlif mərhələlərdə qəzet ən çox neçə tirajla nəşr edilib?

"Əvvəllər qəzetimiz 2000-3000 tirajdan sonra 29000 tiraja qədər çap olunurdu. İndi isə qəzetin tirajı 2500-dür".

-Qəzetin çox oxunması onun xəbərlərindən, yoxsa, tipindən asılıdır?

"Bilirsiniz, qəzetin tipindən də çox şey asılıdır. Amma biz o vaxtlar eksklüziv xəbərlər tapırdıq. Elə xəbərlər axtarırdıq ki, onu hələ heç bir informasiya agentliyi verməyib.  İndiki dövrdən fərqli olaraq o zamanlar biz kriminal xəbərləri pulla alırdıq. Məsələn, pul verirdik, onlar da bizə günlük kriminal hadisələrlə bağlı xəbərlər verirdi. Amma indi Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına girib oradan istənilən xəbəri oxumaq mümkündür. Yəni biz fəaliyyətə başlayanda tamamilə başqa mənzərə mövcud idi.
Bir də ki, əsas məsələ yaradıcılıqla bağlıdır. Nə qədər keyfiyyətli yaradıcılıq olsa, auditoriyanı düzgün müəyyənləşdirsən qəzetin bazarda satışı daha çox artar və daha çox oxucu cəlb edər.
Eyni zamanda oxucunu maraqlandıran mövzuları araşdırmaq lazımdır. Biz bilirdik ki, bizim müxtəlif təbəqələrdən oxucularımız var. Biz işimizi ona uyğun qururduq".


-Bu gün qəzetlər "olum, ya ölüm" arasındadır. Sizcə bunun səbəbi nədir və günahkarı kimlərdir?

"Bilirsiniz, burada obyektiv, eyni zamanda da subyektiv səbəblər var. Obyektiv səbəblərdən biri yeni texnologiyanın günü-gündən sürətli  inkişafı ilə bağlıdır. Hər kəsin xəbər əldə etməsinin adi bir telefonda mövcud olması əlbəttə ki, qəzetlərin nüsxəsinə və oxucu sayına təsir edir. Ancaq elə Avropa ölkələri var ki, o ölkələrdə qəzetlərin tirajı nəinki azalır, əksinə, artır. Bu, həm də cəmiyyətlə bağlıdır.
Jurnalistika sırf cəmiyyətə bağlı olan bir peşədir. Yəni cəmiyyətin inkişafı və yolu ilə müəyyənləşən bir məsələdir.

Avropa ilə Azərbaycan cəmiyyətini müqayisə etmək çox çətindir. Onlarda oxu mədəniyyəti 200-300  ildən çoxdur ki, formalaşıb. Bizdə isə maarifçilər 19-cu əsrin ortalarından başlayaraq 20-ci əsrin əvvəlində formalaşıblar. Yəni maarifçilik missiyasının tarixi bizdə cəmi bir əsrdir. Amma Avropa öklələrində artıq oturuşmuş cəmiyyət var. Onlar öz bilgilərini informasiyalar üzərində qururlar. Biz işimizi Avropa sistemi üzərində qursaq da o nəticəni əldə edə bilmirik. Çünki uyğunsuzluqlar var.

Yəni qəzet yeni mediadan fərqli olaraq bahalı bir layihədir. Gərək kifayət qədər maddi imkan ola ki, qəzet yaşaya bilsin. Yəni bu kağız üzərində çap olunur, mətbəə xərcləri var, yayımı var və s.
İndi Azərbaycanın ən ucqar nöqtələrində belə internet var. Cəmiyyət də məlumatları onun üzərindən almağa meyllidir. Amma qəzet, bilavasitə, elit təbəqə üçün nəzərdə tutulub. Mən demirəm ki, saytdan məlumat alanların təhsili zəifdir. Xeyr, sadəcə qəzetçilik jurnalistikanın ən elitar formasıdır. Bu baxımdan çalışırıq ki, qəzet yaşasın".


-"Şərq" qəzetini digər qəzetlərdən fəqləndirən əsas cəhət nədir?

"Bizi digər qəzetlərdən kifayət qədər fərqləndirən cəhətlərimiz var. Məsələn, bizdə müəllif yazıları digər qəzetlərdən daha çoxdur. Mən bu gün digər "Azərbaycan" qəzetlərinə baxanda görürəm ki, onların əksəriyyətində 2-3 imza var. Amma bizim qəzeti bir dəfə vərəqləsən görərsən ki, ən az 12-13 imza var.12 imzanın özü 12 düşüncə tərzi, fərqli baxış deməkdir. Yəni bizdə hər hansı prosesə fərqli-fərqli yanaşmalar var.
Həm də bəzi qəzetlərdə həddən çox artıq, səhifə-səhifə yazılar var. Lakin bizdə bu konkret ölçülər üzərində qurulub.

Məsələn, saytda istənilən yazını hər ölçüdə yerləşdirə bilərsən. Ancaq qəzetin 1000 kvadrat santimetrlik bir sahəsi və bunun istifadə tərzi var. Gərək bu istifadə də doğru olsun.

Bizimlə rəqabət apara biləcək qəzetlərimiz də var. Biz də bu rəqabət varıq".

-Redaksiyanız həm də mətbuat muzeyidir. Necə oldu ki, bunu yaratmağa qərar verdiniz?

"Biz bu muzeyi 2018-ci ildə yaratdıq. Bizim burada "Əkinçi"dən başlayaraq 146 illik mətbuat  tariximiz əks olunub. Burada bütün dövrlərə aid jurnalistika nümunələrinə yer vermişik. Bu gün Azərbaycanda teatr, tarix, istiqlal və başqa muzeylər fəaliyyət göstərir.   

                                   

Cəmiyyətin inkişafına öz töhfəsini verən, xalqa bağlı olan və cəmiyyəti formalaşdıran, milli-mənəvi şüur formalaşdıran qəzet və qəzetçilərimiz, həmçinin mətbuatımız niyə unudulmalıdır?! Ona görə də biz redaksiyamız daxilində bu muzeyi yaratdıq və 300-ə yaxın eksponatı qoruyub saxlayırıq".

-Akif bəy, redaksiyanı bir ailə kimi görürsünüz. Bu ailənin də əsasını məhz gənclər təşkil edir. Qəzetçilik kimi məsuliyyətli işə gənclərin cəlb edilməsində əsas məqsəd nədir?

"Bizdən sonra bu peşəni gənclər davam etdirəcək. Bu səbəbdən biz onlara daha çox üstünlük veririk. Biz klassik qəzetçilik ənənələrini davam etdirən redaksiya kimi tanınırıq."Şərq" qəzeti hələ yaranandan bir ailə kimi formalaşıb.
Gənclərə biz gələcəyimiz kimi baxırıq. Hazırda sizin timsalınızda redaksiyamızı xeyli gəncin üzünə açırıq. Biz bu işi davamlı şəkildə edirik və inşallah ki, davam etdirəcəyik.
Biz həmişə burada qalası deyilik. Ona görə də gəncləri öyrədib öz missiyamızı onlara da ötürürük. Onlar da təcrübə toplayıb bizim işimizi gələcəkdə layiqincə davam etdirəcəklər".