“Ölmək fikrim qətiyyən yox idi” MÜSAHİBƏ

“Ölmək fikrim qətiyyən yox idi” MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi Vətən müharibəsi iştirakçısı Simral Həsənovdur.

Zəhmət olmasa, özünüzü təqdim edin.
- Həsənov Simral Sərdar oğlu, 1997-ci il 3 fevralda Ucar rayonunun Rəstəcə kəndində anadan olmuşam, 2014-cü ildə məzun olmuşam.

Hansı döyüşlərdə iştirak etmisiniz?
- Ağdamın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm.

Vətən müharibəsində iştirak etmək necə hissdir?
- Səfərbərlikdən çağıranda məni nələr gözlədiyini bilirdim. Yarı kədər, yarı sevinc dolu hisslər ilə getdim. Getdiyim günün ilk həftəsi atışmalar başladı. Özümü tamamilə başqa bir aləmdə qonaq kimi hiss etdim. Ələ silah alıb əsgər yoldaşlarımla sahəyə çıxanda gözünü qan bürümüş canavar kimi düşməni hədəf almışdıq. Bu qorxu can qorxusundan fərqli idi. Əzizlərimi, sevdiklərimi gözü yaşlı qoymaqdan qorxurdum. Ona görə də ölmək fikrim qətiyyən yox idi. Şükür Allahın bu gününə. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, qüvvət versin.

Təsəvvür etdiyiniz, xəyalınızdakı Ağdamla qarşılaşa bildiniz ?
-Xeyr, tamamilə fərqlidir. Xəyalımda darmadağın olmuş, viranə qalmış Ağdam, gəlib gördüyüm Ağdamdan tamamilə fərqlidir. Həqiqətən də deyildiyi kimi Qarabağ bir cənnət imiş. Mənim fikrimcə, Qarabağın gözü Ağdamdır.

44 günlük Vətən müharibəsində ən yaddaqalan, hafizənizdən silinməyəcək hadisəni bizimlə bölüşə bilərsiniz?
- Deməli belə, bilmirəm hekayəyə haradan başlayım, necə başlayım. Bir əsgər yoldaşımız var idi, posta komandirimizlə yemək aparacaqdı. Elə oldu ki, "Seyid" deyə çağırdığımız əsgər yoldaşımız təkidlə gedən əsgər yoldaşımızın yerinə özünün getməyini xahiş etdi. Nə qədər əsgər yox desə də əl çəkmədi. Axırda, öz istəyinə çatdı, əsgəri razı saldı. Komandirimiz ilə posta Seyid getdi. Posta çatmamış 5 nəfərdən ibarət erməni dəstəsinin hücumuna məruz qaldı və şəhid oldu. Unutmadığım məqam odur ki, Seyid hər gün "Şəhid olacağam" deyirdi. Güman edirəm ki, öz istəyi üzrə İmam Hüseynin(ə.s) görüşünə gedə bildi.